Bu göylər şahının lütfü mənə sayə salıb əlan,
Zavallı könlümə vermiş yeni qüvvət, yeni ruh, can.
Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən,
Nə yaxşı – söylədi canım – tükəndi möhnəti-zindan.
Belə olduqda şadlandım, nəhayət, arzuma çatdım;
Sənə qoy söyləyim indi qəribə bir gözəl dastan.
Gedib məğrib-zəminə bir kişi dərya kənarında,
Dararkən başını bir tük yerə saldı o, başından.
Köçüb sonra o, məqribdən, səyahət eylədi şərqə,
Bu müddət çox külək əsdi, yağışlar eylədi tufan.
Otuz il keçdi bu gündən, yenə səyyah gəlib qərbə,
Haman yerdən götürdü öz tükün, güldü bir az heyran.
Buna Xaqaninin halı, onun Abxazə ezamı
Necə çox oxşayır, bir bax, necə dövr eyləyir dövran.
Olub Abxaz ona məğrib, şahın dərgahı bir dərya
Zavallı canı bir tük tək düşüb qalmış ora nalan.
Əgər bir vaxt o da canın taparsa tük kimi təkrar,
Ona tənə edib, bir də gülərmi nanəcib düşman?
Olub indi mənə həmdəm səsi çaşbaş vuran bir ney,
Əlimdən öz neyimi, gör, necə aldı fələk asan.
Açılmış bir gün ağzıdır mənim ağzım bu gün yalnız,
Qızıl, yaqutla doldurmuş bütün dünyanı hər bir an.
Fəqət əfsus ki, gülməz könül Rey mülkü də alsa,
O, halbuki quru sözlə olardı nəşəli, xəndan.
Bu Kür Ceyhun olar, Tiflis Səmərqəndi qoyar dalda,
O vəqt ki, Tiflisə, Kürlə gələr Xaqani və xaqan.