Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Tülkü və dəvə

Tülkü və dəvə

Dəvə otlaya-otlaya
Kənddən bir az uzaqlaşdı.
Yetişdi bir daşqın çaya,
Sudan içib, çayı aşdı.

Dizin büküb çökdü yerə,
Ürəyində yoxdu qorxu.
Xumarlandı, birdən-birə,
Gözlərinə girdi yuxu.

Tülkü çıxdı yuvasından.
Görüncə yatmış dəvəni
Ürəyində dedi: - “Ay can!
Bəxtim ac qoymayır məni.

Zorba dəvə ayağıyla
Gəlmiş yuvamın ağzına;
Onu keçirməkçün ələ,
Quyruğumu quyruğuna

Kəndir kimi bağlayaram,
Çəkib yuvama dəvəni,
Ürəyini dağlayaram;
Bir ay doyurar o məni...”

Bunu deyib, tez yan aldı,
Dediyinə əməl etdi.
Qüvvətini işə saldı,
Quyruğunu ha tərpətdi.

Dəvə etmədi hərəkət,
Tərpənmədi heç yerindən.
Tülkü işlədirkən qüvvət
Zorba dəvə gördü birdən

Tərpədirlər quyruğunu,
Hol ilə qalxdı ayağa;
Bu iş qorxutmuşdu onu,
Üz qoydu kəndə qaçmağa.

Tülkü havada sallanmış,
Qurtarmaqçün öz canını:
Gah buduna batırır diş,
Gah keçirir dırnağını.

Dəvə aldıqca hər yara,
Qaçır daha sürət ilə.
Tülkü ağa düşüb dara,
Hey vurnuxur qüvvət ilə.

Kəndə çatınca tülkünü
İtlər görüb, hov-hov saldı.
Dağıtdılar boz kürkünü.
Hərəsi bir dişlək çaldı. 

1942


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?