Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Atalar sözləri .: A hərfi ilə başlayan atalar sözləri

A hərfi ilə başlayan atalar sözləri

Abad yerin bülbülü,
xarabanın bayquşu.

***

Abadan kənd tüstüsündən bilinər.

***

Abadan dam kalafasından məlum olar.

***

Abanın qədri yağışda məlum olar.

***

Abbasıdan beş şahı çıxardır.

***

Abbasını bəyənməyən beş şahı çıxardar.

***

Abdal at mindi,
özünü bəy sandı.

***

Abdal, qar yağır!
Dayanmışam titrəməyə.

***

Abdal oynayanda qar yağar.

***

Abdal düyündən-toydan,
uşaq oyundan usanmaz.

***

Abdaldan paşa olmaz,
taxtadan maşa.

***

Abdalın qarnı doyunca, gözü qapıda qalar.

***

Abdal nə bilir ki, heyva kaldır?!

***

Abır istəsən çox demə,

Sağlıq istəsən çox yemə.

***

Abırlı abrından çəkinər, abırsız nədən çəkinər.

***

Abırsızdan abrını gözlə.

***

Avara qonaq ev yiyəsini də avara qoyar.

***

Ağa gətirər navala, xanım tökər çuvala.

***

Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm..

***

Ağac bar verəndə başın aşağı dikər.

***

Ağac dibindən su içər.

***

Ağac meyvəni dəyənə qədər böyüdər.

***

Ağac olan yerdə budaq sınar.

***

Ağac səmtinə yıxılar.

***

Ağac sınanda budaq nəyə gərəkdir?!

***

Ağac əyildi, sındı, igid əyildi, öldü.

***

Ağacı qurd içindən yeyər.

***

Ağalıq verimlədir, igidlik vurumla.

***

Ağzı əyrini boynunun ardından tanımaq olar.

***

Ağzına bax, tikə kəs.

***

Ağzına çullu dovşan sığışmır.

***

Ağzının qaytanı yoxdur.

***

Ağlı olan məscidə getməz.

***

Ağlı olan qışın qeydinə yayda qalar.

***

Ağıl ağıldan üstün olar.

***

Ağıl başda olar, yaşda olmaz.

***

Ağıl çox-pul yox, ağıl yox- pul çox.

***

Ağıllı baş hər şeydən mənfəət götürər.

***

Ağıllı qəm yeyər, ağılsız qamçı.

***

Ağıllı düşmən nadan dostdan yaxşıdır.

***

Ağıllı olan bir dəfə aldanar.

***

Ağır otur, batman gəl.

***

Adam adam sayəsində adam olar.

***

Adam aşını-işini bilməlidir.

***

Adam var ki, adamların naxşıdır,

Adam var ki, heyvan ondan yaxşıdır,

Adam var ki, dindirərsən can deyər,

Adam var ki, dindirməsən yaxşıdır.

***

Adam var gözdən qızar,

Adam var sözdən qızar.

***

Adam yanıla-yanıla öyrənər.

***

Adam yıxıldığı yerdən qalxar.

***

Adam odur ilqarından dönməyə.

***

Adam olmayan yerdə adamdır.

***

Adamın başına nə bəla gəlsə, dilindən gələr.

***

Adamın gərək dili ilə ürəyi bir ola.

***

Adamın tamarzısı,

Hər kəsin öz arzusu.

***

Adamın üzünə baxarlar, halını xəbər alarlar.

***

Adın nədir? - Rəşid!

Birin de, birin eşit!

***

Adı it dəftərində də yoxdur.

***

Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.

***

Aza qane olmayan çoxa çatmaz.

***

Azançının azanı, kor mollanın qazanı.

***

Ay doğar gədiyindən,

Utan, bir dediyindən.

***

Ay fələk, batmanı elədin çərək.

***

Ayağı nərdivana bir-bir qoyarlar.

***

Aydan arı, sudan duru.

***

Ayı qandı, abid qanmadı.

***

Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.

***

Al-ver deyiblər, al-vermə deməyiblər.

***

Ala itdən məşhurdur.

***

Aldığını verməz, bildiyini deməz.

***

Alət işlər, əl öyünər,

Qılınc işlər, qol öyünər.

***

Alim olmaq asandır, adam olmaq çətin...

***

Alıcı quş dimdiyindən bilinər.

***

Allah kasıbın qənimidir.

***

Allah kərimdir, quyusu da dərindir.

***

Allaha əl çatmır, padşaha söz.

***

Allaha ümid bağlayan şamsız qalar.

***

Allahdan buyruq,

Ağzıma quyruq.

***

Allahın adı var, özü yox.

***

Allahsız yerdə otur, böyüksüz yerdə oturma.

***

Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.

***

Alnım açıq, üzüm ağ.

***

Aman istəyənin boynun vurmazlar.

***

Ana bala ucundan canını oda yaxar.

***

Ana qarnında necə qalıbsan?

***

Ana kimi yar olmaz, vətən kimi diyar.

***

Anadan əziz yenə anadır.

***

Anadan əmdiyim süd burnumdan gəldi.

***

Analar bizi bu gün üçün doğub.

***

Analı quzu,

Xınalı quzu.

***

Anan, bacın kimdir?-Yaxın qonşum.

***

Ananın ərköyün oğlu hambal olar.

***

Ananın səbri tükənməz olur.

***

Anası gəzən ağacı, balası budaq-budaq gəzər.

***

Anasına bax, qızını al,

Qırağına bax, bezini al.

***

Anasızın gördüyü iş danlaqsız bitməz.

***

Anasından ayrı düşən quzunu qurd yeyər.

***

Ara sözu ev yıxar.

***

Araba qoş, çarxa dur,

Mərd igidə arxa dur.

***

Arzu bir, ümid iki.

***

Arifə bir işarə, qanmaza min toppuz.

***

Arı yeyib, namusu atıb dalına.

***

Artıq tamah baş yarar.

***

Arxalı köpək qurd basar.

***

Asılsan da uca budaqdan asıl.

***

Aslanın nə erkəyi, nə dişisi.

***

Asta vur,

Rasta vur.

***

Asta gedən yorulmaz.

***

At ət ilə. İgid don ilə.

***

At ölər nalı qalar,

İgid ölər namı qalar.

***

At ölüb, itlərin bayramıdır.

***

Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.

***

Ata-anamı itirdim,

Özümü yara yetirdim.

***

Ata-ana sözünə baxmayan xoş gün görməz.

***

Ata-anasına xeyri olmayanın, elə nə xeyri.

***

Ata-ananın canı övlada bağlı olar.

***

Ataya oğul, anaya qul.

***

Ata malına göz dikən ac olar.

***

Ata olmasan, ata qədri bilməzsən.

***

Ata atası ilə tanıdarlar, qatırı anası ilə.

***

Atam ilə atanı deyincə, özüm ilə özünü de.

***

Atam kündəni sayır, anam kündədən kəsir.

***

Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülməşəkər?

***

Axtaran tapar, yoğuran yapar.

***

Axund özü elər, özgəyə öyüd verər.

***

Ac toyuq yuxuda darı görər.

***

Acıqla iş görən zərər çəkər.

***

Acın imanı olmaz, toxun gümanı.

***

Aşığın molladan, mollanın da sazdan zəhləsi gedər.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Z hərfi ilə başlayan atalar sözləri
Zalıma rəhm etmək, məzluma...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 139   
article Q hərfi ilə başlayan atalar sözləri
Qabaq dinən bilsə ki, sonra...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 208   
article K hərfi ilə başlayan atalar sözləri
Kamil bağban çəkər...

  10-6-2007    Baxılıb: 216