Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Məqalələr .: M. QURBANƏLİ ŞƏRİFZADƏ (“Açıq söz” qəzeti, 9 iyun 1917-ci il)

M. QURBANƏLİ ŞƏRİFZADƏ (“Açıq söz” qəzeti, 9 iyun 1917-ci il)

Nekroloq
Səmimi millət xadimlərindən biri də tərki-həyat etdi. Əvət, M. Qurbanəli Şərifzadə həzrətləri də sönüb getdi, həm də bəlirməsini, parlamasını sezdirəməyən bir qığılcım kimi söndü.
Qafqazın bir çox mühərrirləri, ədibləri, sənətkarları və millət xadimləri mərhumu yaxından tanıyır və dadlı müsahibələrindən xoşlanırdı. Halbuki, camaatımız ümumiyyət etibarilə müşarileyhi çox da layiqilə tanımazdı. Mərhum vaxtında bir çox qəzetlərdə iştirak edir, bəzi səmimi cəmiyyətlərdə çalışır, həqiqi bir millətsevər ruhu ilə öz irqdaşlarını düşünürdü. Lakin bir dürlü səsi çıxmazdı, çünki gurultudan, nümayişdən, alqışdan çox da xoşlanmazdı.
“Sağ əlinlə verdiyini sol əlin duymasın!..” - üsuluna ən çox riayət edən sadiq, fədakar həmiyyətli bir sima idi.
O, məktəb görməmişdi, fəqət həvəskar bir alim idi, böyük bir müəllim idi, camaat müəllimi idi, həm də müəllimlərdən artıq məlumata malik idi. Heç bir mədrəsə tərbiyəsi görmədiyi halda, mərhum öz hümmət və qeyrətilə, öz səbat və mətanətilə türkcə, farsca, rusca oxur-yazardı; tətəbbö və mühakimələrdə bulunardı. Bir an, əvət bir an belə elm və maarif günəşinə pərəstiş etməkdən geri durmazdı.
Onda son dərəcə böyük bir istedad və məziyyət var idi. O da böyük bir mübəlliğ, qəhrəman bir rəhbər olmasıydı.
Bu gün Naxçıvanda açıq fikirli, milliyyət və insaniyyəti düşünən ülum və maarifi təqdir edən bir çox gənclər gerçəkdən də mərhum müşarileyhə qarşı mədyuni-şükran olmalıdır. Çünki hər biri onun birər mənəvi şagirdidir.
Naxçıvan kiçik bir şəhərdir. Özü də maarif hissinə olduqca biganə və əskidən bəri səfsətələr ilə vaxt keçirən bir mühit olduğundan, daima xalqın gözünə qara pərdə çəkməkdən zövq alan bir para kövşək ruhlu, qara fikirli, kor idraklı əşxasın əlində oyuncaq ola gəlmişdi. Lakin az bir zamanda naxçıvanlılar, Naxçıvandakı gənc simalar yalnız və yalnız Şərifzadə və onun kimi bir neçə həqiqətpərvər zəvat sayəsində cəhalət qaranlığından qurtuldu, qurtula bildi, qurtulmağa çalışdı, həqiqət işığını dərk etməyə müvəffəq oldu. Və bugünkü Naxçıvan, demək olur ki, Qafqazın digər şəhərlərinə nisbətən çox da geridə olmayıb, az-çox düşüncəli, mühakiməli, ziyalı simalar yetirmək ümidini bəsləməkdədir.
Mərhum zəngin bir ailəyə mənsub deyildi, yoxsul gənc ikən Naxçıvanı tərk etmiş. Bakıya gəlmiş, Türküstana keçmiş, yeni işlədilməkdə olan dəmir yollarında çalışmış, bir-iki sənə zərfində öz etibar və səbatı sayəsində məruf bir mütəəhhid kəsilmiş və böyük rollar ifa etməyə başlamışdır. Mumi-ileyh beş arşın yeri ölçər, onu islah və tənöim etdirməklə məşğul olarkən, yanındakı mühəndislərdən istifadə etməyi də əsla unutmaz. Cəbr, həndəsə, müsəlləsat, kosmoqrafiya və sair ülumi-riyaziyyati təəllümlə, mühakimə və tətəbbölə uğraşır, eyni zamanda həm əmələ, həm mühəndis, həm də mütəfəkkir bir alim həyatını yaşardı.
Qazandığı paralarla müvəqqət olaraq evdə istirahətə çəkilir, bir para elmi, ədəbi, tarixi kitabları mütaliə və mühakimə ilə iştiğal edərdi. Və aldığı, topladığı məlumatı həqiqi bir el müəllimi kimi bu cəmiyyətdə, o məclisdə uzun mübahisələrlə ətrafındakılara duyurmaq istədi. İştə ondan Naxçıvana, Naxçıvan gənclərinə toxunan istifadə də böylə, tətil zamanlarında vüqu bulurdu.
Mərhum təqribən altmış yaşlarında gənc ruhlu, gənc fikirli bir piri-möhtərəm idi. Mütəvəffa, sərətan (xərçənk) xəstəliyindən tərki-həyat etmiş... Şübhəsiz, bu cangüdaz xəstəlik, bu qorxunc dərd çox da çəkilən dərdlərdən deyildir. Lakin bu dərdi-biamandan daha böyük, daha dəhşətli bir dərd var ki, o da böylə inqilablı və maraqlı bir zamanda əbədiyyən cahana, cahani-hürriyyətə vida etməsidir.
Uzun illərlə həbsxana guşəsində işkəncələr altında çırpınan, müdhiş və qaranlıq zindanlardan qurtulmaq həvəsilə uçan bir məhbus, fədakar bir mücahid həbsxananın qapıları açılıb da hürriyyət və inqilab ağuşuna atılacağı sırada tərki-həyat edərsə, əcəba, nələr duyar, necə müztərib olar?! Nə vəziyyətdə bulunar, necə mütəəssir olar?!
İştə mərhum müşarileyhin halı da eyni məhbus halını xatırladır.
Cənab həqq ruhi-nəcibinə rəhmət, övlad və ailəsinə, əhibba və əqrəbasına səbr və mətanət kəramət eyləyə...

Hüseyn Cavid
(“Açıq söz” qəzeti, 9 iyun 1917-ci il)


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article HƏSBİ-HAL -5 | (“Həqiqət” qəzeti, 14, 17, 24, 25 may, 1 iyun 1910-cu il)
- 5 -İmdi üçüncü...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 86   
article Q. ŞƏRİFZADƏYƏ MƏKTUBLAR
1 Naxçıvanda cənab...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 90   
article 26 iyun – Silahlı qüvvələr günü
1918-ci il iyunun 26-da Azərbaycan...

(Səs verilməyib)  10-5-2007    Baxılıb: 294