Oktyabrın dördüncü axşamı Namiq Kamal bəyin “AKİF BƏY” adlı faciəsi “Tiflis türk dram dəstəsi” tərəfindən mövqeyi-tamaşaya qoyuldu. Bu əsəri Qafqaz şivəsinə təbdil edən Axundov cənablarıdır.
Məzkur faciə beş pərdədən ibarətdir.
İlk pərdədə Akif bəy (gənc bir gəmi komandanı) çox vəfalı zənn etdiyi hiyləgər zövcəsindən ayrılaraq dəniz müharibəsinə gedir, minbaşı Şahin bəyə də bir vəsiyyətnamə verib, İstanbulda oturan atasına göndərməsini və şəhid olursa, rəfiqəsi Dilrübanı yanına almasını tövsiyə edib gedir.
İkinci pərdədə Akif bəyin ölüm xəbəri eşidilir, Dilrüba fürsətdən istifadə edərək, iki yalançı şahidlə ölüm xəbərini qəzavətxanədə təsdiq etdirib, çapucaq Əsəd bəy adlı başqa bir zövc ixtiyar edir. Öz evində onunla eşqə, izdivacə dair söyləşdikləri sırada, oğlunun vəsiyyətini icra etmək üçün gələn Süleyman bəyi nifrətlə rədd edir. Süleyman bəy də yanındakı Şahin bəylə bərabər küskün və münkər bir halda çıxıb gedir.
Üçüncü pərdədə Əsəd bəyin düyün ziyafəti başlar, müsafirlər gəlir, içki və çalğı ilə əyləndikləri halda birdən-birə Akif bəy meydana çıxır. Bu sırada atası da gəlir və məsələni oğluna anladır. Akif bəy həyəcanlı və qorxunc bir vəziyyət alır. Əhli-məclis və çalğıçılar birər-birər dağılır. Bir-iki dəqiqə keçincə Akif, sonra atası və Şahin bəy çıxıb gedirlər.
Dördüncü pərdədə Akif bəy meyxanada sərməst olaraq intiqam hissilə söylənib durur, sonra uyumaq üçün uzanır. Çox keçməz ki, atası və dostu Şahin bəy gəlib onu oyadırlar. Akif bir-iki söylənərək, çapuq gəmiyə getmək bəhanəsilə sovuşub çıxır. Atası da onu təqib edir.
Beşinci pərdədə Akif bəy Əsəd bəydən intiqam alır və özü də tərki-həyat edir. Bu sırada pusquda duran Süleyman bəy də içəri girərək, hiyləgər, yüz könüllü Dilrübanı bir xəncər zərbəsilə cəzalandırır. İştə vəqə bundan ibarət...
İmdi artistlərə gələlim. Akif bəy rolunu ifa edən Kirmanşahski cənablarının tərzi-tələffüzü aydın, səmimi və aldığı vəziyyətlər tamamilə yerində olub, heç bir qüsur nəzərə çarpmayırdı. Müşarileyh hənuz gəncdir. Məsləkində daha ziyadə ciddiyyət göstərəcək olursa, Qafqazımız ciddən qiymətdar bir artist qazanmış olacaqdır.
Dilrüba rolundakı Tərlan xanım isə inanılmayacaq dərəcədə məharət göstərdi. Onun bəylə bir qarışıq rolu bu qədər gözəl oynaması gerçəkdən şayani-təbrikdir.
Əbülfət Vəli cənabları isə hər bir təqdirin fövqündə idi. Almış olduğu ixtiyar vəziyyəti, baxüsus əlaimi-vəcihəyi və bütün hərəkatı çox az artistə nəsib olan xassələrdən idi.
Əsəd bəy rolunu ifa edən Abbasov cənablarına gəlincə, mumileyh sənəti-tamaşada ibraz etdiyi iqtidardan başqa, tələffüzündəki ahəng və üslubda bəhlə bir səlasət vardı ki, adətən İstanbul artistlərini xatırladırdı...
Şahin bəy rolundakı Ələsgərov cənabları da vicdanlı bir məmur, xeyirxah bir arxadaş qədər ifayi-vəzifə edirdi. Hələ meyxanaçı — M.X.Quliyev cənabları Türkiyənin cəstü çalak rum meyxanaçılarından əsla seçilməyirdi. Yüzbaşov cənablarının sərxoşluqdakı məharəti, Əliyevin tərəddüdlü və qorxaqca vəziyyəti, İsmayıl Həqqi əfəndinin şətarətli halları və laübali qəhqəhələri ayrı-ayrı birər qiyməti-haiz idi. H.Qasımov, B. Əlizadə... əfəndilər də xoş bir surətdə oynayırlardı.
Rejissorluq vəzifəsi Vəli əfəndinin öhdəsində idi. Dekorasiya qayət mükəmməl və çalğı da Tiflisdəki osmanlı musiqi dəstəsi tərəfindən çalınırdı.
Bir sözlə, bu axşamkı səhnə qüsursuz deyiləcək dərəcədə gözəl idi. Təəssüf olunacaq bir qüsur, bir nöqsan var idisə, o da ancaq camaatın azlığı və böylə ciddi və qimətdar bir tamaşaya qiymət verməməsi idi. Mənasız bir komediyaya hər kəs ötüşdüyü halda, nədən isə böylə həqiqi və mənidar tamaşadan qaçırlar. Tiflisdəki teatr maraqlıları bu axşam təşrif etsələrdi, şübhəsiz, keçən səhnələri unudaraq teatrın nə olduğunu görərlərdi. Bu pyes hər kəsi sıxacaq dərəcədə uzun olduğu halda, hazirundan məmnun qalmayacaq bir zata təsadüf ediləməzdi...
Müxbir
(“İqbal”qəzeti, 9 oktyabr 1913-cü il)