Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Məqalələr .: HƏSBİ-HAL -5 | (“Həqiqət” qəzeti, 14, 17, 24, 25 may, 1 iyun 1910-cu il)

HƏSBİ-HAL -5 | (“Həqiqət” qəzeti, 14, 17, 24, 25 may, 1 iyun 1910-cu il)

- 5 -

İmdi üçüncü qismə gələk.
Üçüncülər isə yeni üsulda tərbiyə görüb, yaxud görmək istəyib, müəllimliyə həvəskar olan gənclərdir.
Bunların - bu müəllimlərin bir payı ibtidai türkcə, rusca təhsil görüb bir fəaliyyəti cavanmərdanə ilə çalışanlardır ki, sayları lap az, xidmətləri isə çoxdur.
Bir payı da vaxtilə yalnız mədrəsələrdə uğraşıb yorulmuş əfəndilərdir ki, imdi işin mahiyyətini anlayıb candan, ürəkdən, gecəli-gündüzlü çalışıb irəliləmək istəyirlər. Bir tərəfdən türkcə tarixə, ədəbiyyata, lisanə diqqət edib, bir tərəfdən də xüsusi olaraq az-çox ruscaya həvəs edirlər. Onların bu dürlü açıqgöz olmaları ciddən şayani-təqdirdir.
Fəqət bunlardan bir para gənc xocacıqlar da var ki, yaşadığı əsrin mədəniyyətini bilməyərək, yaxud bilmək istəməyərək, azacıq etinasız kimi görünürlər.
Fəqət onlar da işin əhəmiyyətini biləcəklər. Lakin az deyil, çox peşmançılıq çəkəcəklərdir.
Maarifpərvər zatların borcudur ki, hər yerdə onları şirin dil ilə, məhəbbət ilə çalışıb irəliləməyə təşviq etsinlər. Təşviq etsinlər və həm də onları özlərini qayeyi-məqsədə nail etsinlər, edə bilsinlər.
Məhəbbət bəşəriyyətin ən dərin, ən ülvi bir təcəlligahıdır.
Məhəbbət anlı-şanlı ordulardan, vulkanlı toplardan daha ziyadə qələbə və müvəffəqiyyət ehraz edə bilir.
Qafqasyanın bəzi yerlərində, daha doğrusu, hər yerində az-çox bir münazieyi-şəxsiyyə cərəyan etməkdədir. Bu münaziəyə yol açan da bir para xüsusi məhəbətsizlikdən başqa bir şey deyildir.
Bir mühafizəkar bir təcəddüdpərvəri, açıqgöz bir gənci uzaqdan görüncə, yaxud ona aid bir söz eşidincə, dərhal sinirləri (əsabı) oynamağa başlar. Görməyə gözü olmaz, lakin haqqı da var...
Yeniyetmə bir gənc, yaxud tərəfdari-təcəddüd bir əfəndi də mühafizəkara, əski fikirli bir xocacığa təsadüf edərsə, əsla ona yaxınlaşmaq istəməz. Yaxınlaşsa da, müstəhziyanə suallar ilə zavallını xırpalamaq, qızartmaq istər.
Əvvəlki qoşqulanmasında, yaxın durmamasında, nifrət və məhəbbətsizlik etməsində ikinciyə nisbətən azacıq haqlıdır. Çünki həqiqətdən uzaqdır. Həqiqi elm, fəzilət nə olduğunu eyicə kəsdirəməyir. Onun üçün də bu tərəfə məhəbbətsizlik göstərir.
Fəqət ikincilər, yəni münəvvərəlfikr olanlar isə bir çox nöqteyi-nəzərdən yanlışdırlar. Və sataşmaq, təkdir etmək kimi bir para hərəkətlərindən məsuldurlar. Zira aldıqları vəziyyət əksəriyyətlə onları islah edəməyib, ədavətlə qarışıq bəzi darğınlıqlara yol açar.
İmdi bu iki qüvvət uzaqdan bir-birinə yan baxarsa, biri havaya, biri suya çəkmək istərsə, arabanın, məqsədin olduğu yerdə qalacağına şübhə edilməməlidir.
Yaxud bir araya gəlib də bir-birinə yaxlaşmaq istərsə və yaxlaşır-yaxlaşmaz bir şiddəti-mexanikiyyə ilə çarpaşır isə - təsir-əks təsir qanununca hər ikisi zəhmət duyar. Hər ikisi zərərdidə olar. Hər ikisi şiddəti-müsadimə ilə geri fırlayıb ayrı, qeyri yaşamağa, küskün bir vəziyyət almağa məcbur olar. Bu vəziyyət isə büsbütün tərəqqiyyati-mədəniyyətimizə mane olub daima ənvari-həqiqətə qarşı bir zülmət təhəmmülgüdaz hazırlanmış olar.
Bir də təfsilə nə hacət... Pisliyi qurcalamaq, qarışdırmaq, xasseyi-şaməyi incitməkdən başqa bir şeyə yaramaz ki!
Mədəniyyətdən məqsəd rəfahiyyət və səadətə nail olmaq isə, təbii, onu hər kəs alqışlar, hər kəs sevər, hər kəs istər.
Bir mədrəsənişin tələbə, bir gənc xoca ki, yeni-yeni xocalığa hazırlanır, şübhəsiz ki, məsud yaşamaq üçün sairlərdən daha ziyadə daireyi-mədəniyyətə girmək istər. Xar və zəbun qalmaq istəməz.
Daha açıq təbir ilə - onlar Molla Nəsrəddinin “tövlə mıxda bağlanıb qalmış buzovuna bənzər”, mıxdan açılınca dörd əlli, dörd ayaqlı qaçmaq istərlər. Onları həyati-mədəniyyəyə alışdırmaq üçün beş-altı aylıq rəhbərlik kifayət edər. Lakin bu rəhbərlikdə mülayimət və məhəbbətdən əsla uzaq bulunmamalıdır. Onları inadla, məzəmmət ilə deyil, qardaş kimi sevə-sevə daireyi-ittihada çağırmalıdır.
Mümkün dərəcədə hər şəhərdə, hər qəsəbədə bir neçə əzadan mürəkkəb bir cəmiyyət təşkil edilməlidir. Bəzi şəhərlərimizdə olan nəşri-maarif cəmiyyətləri kimi vaxt qaib etmədən qəflət, cəhalət uçurumlarında yuvarlanan o biçarələri müəllimliyə təşviq etməli, çalışdırmalı, bəzi ufaq-tefek məsarifi dəröhdə etməlidir. Müxtəsərcə qiraət, hesab, türk tarixi, islam tarixi, coğrafiya, qəvaidi-lisan kimi bir sıra mühüm, fəqət qolay şeyləri az bir zamanda öyrədib pərvaz eyləməlidir.
Keçən həftələrdə Ə.T. əfəndilərin bu məsələyə dair yürütdükləri mütaliəyi hər kəs oxuyub, görmüşdür. Onun üçün çox da təfsilə hacət yox zənn edirəm.
Fəqət burasını bilməli ki, bu hal inqilabi bir haldır. Bu üsul davam etsə-etsə, ancaq iki-üç sənə davam edə bilər. Çox ziyadə uzanması arzu ediləcək dərəcədə fayda verməz, çünki bu qisim müəllimlərin beş-on aylıq təhsili ibtidai məktəbləri yarım-yamalaq idarə edə bilər, çocuğu az-çox qiraət, kitabət, tarix, lisan... və sairə kimi şeylər ilə müstəfid edərsə də, fəqət bir çox nöqteyi-nəzərdən nəticə qüsurlu çıxa bilər.
Beş aylıq təcəddüd, iyirmi beş illik mövhumat ilə paslanmış dimağları (beyinləri) heç də silib təmizləyə bilməz. Bəhrəhal əski küp yenə az-çox sızmağa başlar. İcab edən fəzaili-əxlaqiyyəni, hissiyyati-milliyyəni tələbəyə təlqin edəməyib, xoş bir qayəyə varamazlar. Çünki o kimi fəzilətlər tədrici təkamüllü bir təhsilə möhtacdır.
Sürətlə alovlanan hər şey, hər əməl, hər duyğu səbat göstərməzsə, çox tez sönər, yaşayamaz, sürətlə münqəriz olur, yarım-yırtıq, qırıq-tökük işlər daima nəticəsiz qalır.
Təcrübəkar müəllimlərə, həqiqətaşinə xocalara malik olmaq üçün er-gec iki böyük müəssisəyə ehtiyacımız var ki, biri milli bir darülmüəllimin, digəri də ruhani bir darülelmdən ibarətdir.
Bu xüsüsda fəzilətpərvər şeyxülislam həzrətlərinin keçənlərdə həqiqətdə bir məqalələri də var idi.
O məqalə, Qafqasyada ciddi və həqiqi bir darülelm təsisini tövsiyə eləyirdi. Və orada təqib ediləcək proqramı da ayrıca göstərirdi. Məzkur proqramı bəyənənlər çox oldu. Fəqət öylə bir mütaliəyi-haq bəyanına təqib edilmədi. Cavabsız qaldı, əqim qaldı, nəticəsiz qaldı...
Bəli, min dürlü hava və həvəsə qarşı pərəstiş edən milyonlar, bir çox rəzilanə, səfilanə işlərdə kül olub gedən altunlar öylə bir nidayi-həqiqətə qarşı susdu, qaldı. Səs vermədi, lal oldu.
İllərcə ərz olunduğu kimi, hər şey öz yerində, öz vaxtında ediləcək. Qış keçib gedəcək, üzü qaralıq kömürə qalacaqdır.
Lakin anlaşıldığına görə, bu iki darülelm imdilik ayrı-ayrı açıla bilməyəcək. Camaatda az-çox həvəs varsa da, pul cənabları buna əhəmiyyət verməyir, müsaidə etməyir, daha doğrusu, məsləhət görməyir.
Zatən Ərdəbil dəlləkləri baş ucunda hazır; özünü zəhmətə, məşəqqətə, məsrəfə soxmaq artıq deyilmi?
Bununla bərabər, hər halda, bizim üçün alim və müəllim yetişdirəcək müntəzəm və mürəttəb bir müəssisə lazımdır.
Azacıq himmət, qeyrət edilərsə, bu iki arzunu bir nöqtədə birləşdirərik. İki bostanı bir irmaqdan sirab edə bilərik. Müntəzəm bir darülmüəllimin təsis edilsə, müəllim qıtlığı çəkməkdən qurtularıq.
Siniflər təqib edildikcə edilir. Səkkiz-doqquz sənə dərsə davam olunur. Müəllimliyə istihqaq qazanıldığı təqdirdə təlim və tədrisə həvəskar olanlar müəllimliyinə gedər. Axund (alim) olmaq arzusunda olanlar isə iki-üç sənə dəxi ayrıca darülmüəllimin proqramına əlavə olunmuş, ilahiyyat şöbəsinə davam edər. Dünya və axirət elmlərini mükəmməlcə təhsil etmiş olur. Və həqiqi, mühakiməli, doğru bir məlumata malik olunur. İştə o zaman haqqilə alim adına layiq alimlər görərik. Və müəllim qıtlığı çəkməkdən də azad olarıq.

(“Həqiqət” qəzeti, 14, 17, 24, 25 may, 1 iyun 1910-cu il)


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article NAXÇIVANDA NƏ GÖRDÜM? -1 (“Həqiqət” qəzeti, ¹ 3, 4 yanvar 1910-cü il)
- 1 -...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 63   
article NAXÇIVANA NƏ LAZIM? - 2 (“Həqiqət” qəzeti, ¹ 4, 5 yanvar 1910-cu il)
- 2 - Əvət, Naxçıvanda...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 50   
article M. QURBANƏLİ ŞƏRİFZADƏ (“Açıq söz” qəzeti, 9 iyun 1917-ci il)
NekroloqSəmimi millət...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 119