Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Azərbaycan .: Bayramlar .: Novruz bayramı

Novruz bayramı

Ey, gözəl bayram, ey gözəl Novruz!
Ey, min-min uşaqın
             qəlbini şad edən Novruz!
Acların qarnını tox eyləyən Novruz!
             Dur, gedək o tamaşaya,
Bax gör nə gözəl bayramdı, Novruz!
M.C.Məmmədquluzadə, 1910 il.

Günsevər əcdadımızın qədim görüşlərinə görə, ilin yazgüntəni günü martın 20-21, ulu Günəş yer ətrafına 365 gün, 6 saat dövrə vurduqdan sonra öz yerinə qayıdır. Başqa sözlə o, zodiaq qurşağının su təbiətli on ikinci B a l ı q l a r bürcündən aylılıb od-alov xassəli Q o ç bürcünə daxil olur. Səma Odunun zodiaqın bu bürcünə keçməsi (o, habelə yer kürəsinin cənub yarısından şimal yarısına qədəm basırdı) cünsevər babalarımızın əqidəsində ilk öncə Saf İşıqın zülmətə qalib gəlməsi və ulu Dədə Günəşin «taxta qalxaraq dünya-aləm üzərində hakimiyyəti ələ alması» demək idi.
* Eyni zamanda bu insan ömrünün 365 gününü «çeynəyib udmuş» köhnə il ilə haqq-hesab çəkilməsi, həm də təzə ilin (uzaq keçmişdə ilin yeddi aylıq böyük bir dövrü «YAZ-YAY fəslinin) başlanqıcı idi. Bu həmçinin 24 saatın iki bərabər hissəyə bölünərək gecə ilə gündüzün tərazlaşması, isti ilə soyuq arasında yaranmış «mülayimlik dövrü» kimi qiymətləndirilirdi.
* NOVRUZ bayramı (ulu babalarımız ayrı-ayrı çağlarda bu bayrama - «Fərvərdin»,«Novbahar // İlkbahar», «İlbaşında // İlyaz», «Qışbitdi», «Saz Novruz // Həzrət Novruz», «Xızır Novruzu // Xızırgünü» və s.demişdir) öz-özlüyündə qalib gəlmiş Dədə Günəşin «Yer üzündə yarım illik hökmranlıqının başlanması günü», dörd yazqabağı ÇƏRŞƏNBƏ,iki başlanqıc – S u və O d, onların törəməsi H a v a və T o r p a q ın pərəstişinə söykənib ulu Təbiətin dirçəlişini alqışlayan, insanlarda təbiət qüvvələrinə qayğı və diqqətə güclü təkan verən ən qədim bayramdır.

Bir adət olaraq M ə r r i x - Mars («mart» deyimi «mars» sözündəndir) planeti və Nəməl - Q o ç bürcünün nəzər yetirdiyi bu bayram haqda ətraflı məəlumata biz, bir qayda olaraq 2000 il əvvəl qələmə alınmış yazılarda təsadüf edirik. Vaxtilə hökmdarların həyatı, saray və burada baş verən hadisələr tarixçilərdə hədsiz maraq oyatdıqına görə, erkən çağlarda bayram «Soltan Novruzu» adlanaraq, məhz saray mühiti ilə əlaqələndirilmişdir. Ulu NOVRUZ yalnız taxt-tac sahibləri – şahlara, soltanlara məxsus bir bayram təki təqdim olunmuşdur
* Elə bu səbəbdən əski çağların yazılarında kütləvi «Xalq Novruzu» şənliklərinin təsvirinə demək olar ki, əsla rast gəlinmir. Orta çağlarda geniş ərazilərdə, yaxud bir dövlət hüdudlarında rəsmi saray tədbiri tək qeyd olunan bu bayram, yalnız XVİİ-XİX yüzillərin qaynaqlarında dövlət tədbiri olmaqla bərabər, el-oba, kənd-şəhər və nəhayət, bir ailə çərçivəsindən kənara çıxmayan bir bayram olduqu da bildirilir. «Soltan Novruzu» və «Xalq Novruzu» anlayışları elə həmin çağlarda ortaya çıxmışdır.
* Bir sözlə, müzəffər Günəşin dövrə vurub öz yerinə, daha dəqiq desək bir il öncə hərəkətə başladıqı Q o ç bürcünə qayıtması, təzə ilin başlanması anı – «iltəhvil saatı» (ona bəəzən «təhvil-təslim saatı» və «bahar nöqtəsi» də deyirlər), hər il təqribən altı saat irəliləyərək sutkanın müxtəlif vaxtlarına təsadüf edə bilər. Belə ki, bu «saat» bir il gündüz günorta çağına düşdüyü halda, növbəti il axşam vaxtına, yaxud gecə yarısına, o biri il isə sübh səhər çağına təsadüf edir və bu, bir qayda olaraq hər dörd ildən bir təkrarlanır. Odur, bayram gününün özü (bayram iki il, bir-birinin ardınca - 20 mart, iki il isə– 21 mart günü qeyd olunur) və onun qarşılanması sadələşdirilib, şərti olaraq bir gün əvvəl, axşam çağı və ya gecə başlar, sabahı isə əsl bayram günü sayılırdı.

B a y r a m   a x ş a m ı
ərəfə bayramı


* Dədə-baba qaydasınca bayram axşamı hər evdə mütləq baharlı-qaralı «bayramaşı» - düyülü plov bişirməliydi. İnama görə bu əziz gecə hər hansı bir evdən aş iyi gəlməsəydi, bu nəinki həmin evin, həm də bütün kəndin, el-obanın fəlakəti, qüsuru sayılırdı. Odur, hamı bayramaşı bişirsin deyə, imkanlılar, qonum-qonşu, bir adət kimi kasıb-küsubun, fəqir-füqəranın əlindən tutub onlara bayramlıq ət, düyü, yağ, yumurta və s. ərzaq göndərməliydilər ki, bayram axşamı cəmi evlərin damları üstündə «fırlanan» ata-baba ruhu doğma evlərindən xörək iyi gəldiyini hiss edib şad-xürrəm olaraq sevinsinlər. Həmçinin bu axşam mərhumların məzarı üstündə şam yandırıb halva-çörək, şirni-şərbət paylamaqla ölənlərin ruhunu şad etməliydilər.
* Ötən çağların adət-ənənəsinə görə bu NOVRUZ gecəsi hər ev sahibi yaxud ailənin başıpapağlısı (yəəni evin kişilərindən biri) eşiyə çıxıb üç dəfə ev-eşik başına dolandıqdan sonra qayıdıb ev qapısını döymüşdür. Qapı arxasından eşidilən «Kimsən, nəçisən, nə gətirmisən?» sualına: «Adım Xoşqədəmdi, sizə özümlə təzə il, səadət və əmin-amanlıq gətirmişəm, izin verin gəlim» cavabından sonra qapı açılır və içəri dəəvət edilmiş «muştuluqçu» - ev sahibi (vaxtilə ona «mübarəkbad» və ya «müjdəçi» də demişlər) əlindəki taxıl danələri, qoz-fındıq və ya lobya ilə dolu bir xəlbirdən Evin döşəməsinə, ocaq yerləşən mətbəxə, necə deyərlər «toxum səpir», yerdə qalanları isə ailə üzvləri və uşaqların üzərinə tökürdü, İnsanlar ümidvar olmuşlar ki, bununla ev-eşiyə bar-bərəkət və firavanlıq gətirilir. Bir para yerlərin adətincə, müjdəçi Xoşqədəm bütün kənd əhli tərəfindən seçilir, bəəzən isə hər ev sahibi bundan ötrü xüsusi «muştuluqçu» dəəvət edirdi. El - oba qaydasına görə bu şəxs yüksək əxlaqa malik xeyirxah, təvazölü və qədəmi yüngül bir insan olmalıydı. Qaranlıqa şər-şeytan yığışmasın deyə, NOVRUZ bayramı axşamı evdə-eşikdə bir otağ olsa belə zülmətdə qoymaq olmaz.
* İltəhvil saatına müəyyən müddət qalmış, istər saraylarda, istər ayrı-ayrı evlərdə hamı bu önəmli anı təntənəli surətdə qarşılamaqa hazırlaşan zaman ilk öncə halal «iltəhvil süfrəsi» (ona «bayram xanı» da deyirlər) açırdılar. Bundan ötrü, hamının yerdə, döşəmədə oturduqu zamanlarda evin ortasına döşənmiş qiymətli xalı üzərinə (sonralar isə masa üstünə) nəfis naxışlı iri qələmkar (qalıbbasma üsulu ilə hazırlanan süfrə növü) və ya tirmə süfrə salınır, ətrafına ipək döşəkçələr ataraq, evin, otağların hər dörd bucaqında bir şam yandırırdılar. Sonra həmin mübarək süfrəyə, qayda üzrə Qurani-Kərimin bir nüsxəsi və güzgü qoyub, önünə bir az buğda səpirdilər.
* Süfrə və güzgünün hər iki tərəfində, ortada yerləşdirilən «səməni göyü» nimçəsi ətrafına və hər qab-qaşıq yanında ailə üzvlərinin (bəzi yerlərdə isə yalnız uşaqların) sayına müvafiq şamdan yaxud çıraq, bəəzi yerlərdə isə yeddi rəngli şam düzürdülər. Bundan ötrü NOVRUZa bir neçə gün qalmış, adətən təzə ay görünən gecə (inama görə bu, şamların nurlu olmasına təəsir göstərirdi) qadınlar mumdan şam töküb hazırlayaraq onları bəzəməkdə bir-birilə yarışırdılar, Burada əlvan və ensiz kağız, parça zolaqları, qızıl və güləbətin saplardan istifadə olunurdu. Çıraqlar isə yağ və ya bal ilə doldurulub yandırılırdı. Səfərə yollanıb süfrə başında olmayan və köhnə il ərzində dünyasın dəyişmiş ailə üzvləri üçün də şamlar qoyulurdu, bəəzən şamları şamdanlara deyil, alma və portağallara sancırdılar.
* Bunlarla yanaşı, mübarək «iltəhvil süfrəsi»nə suyunda həmişəyaşıl zeytun yarpağı, yaxud içində xırda qızıl balığlar üzən şəffaf şüşə qab və ya ağ kasa (bu suya «təhvil suyu» deyilir) qoyur, bir gülabpuş, iri təndir çörəyi, qatıq, süd, təzə pendir və boyanmış yumurta (onlar soğan qabığı atılmış suda qaynadıldıqda tünd xınayı rəngə boyanırdılar) düzülürdü. Bu süfrəni mumsuz, beçə balsız, bütöv qızardılmış xoruzsuz, balıqsız təsəvvür etmək mümkün deyil. Ulularımızın fikrincə, bu süfrədə halal təam sayılan bal və balığın olması evə, ailəyə sevinclə dolu firavanlıq və bolluq gətirməliydi.
* Həmçinin deyirdilər ki, bayram axşamı və NOVRUZ günləri həmin süfrədə hökmən bal qatılmış qoğal «ballıbadı»,«qırmabadam»,«səməni halvası» da olmalıdır. Çox vaxt bu süfrəyə YELÇƏRŞƏNBƏ zamanı tutulub üzərinə yeddi «qax-qoz» - xurma, qoz-fındıq, püstə, alma, armud, ərik qaxı, tut qurusu və s. düzülmüş bir «yeddiləvin xonçası» da gətirilirdi. Bunlardan başqa mübarək süfrəyə şirli bardaqlarda bal və sirkədən hazırlanmış «iskəncəbin» və içinə reyhan toxumu salınmış «ovşala» şərbəti də yerləşdirilirdi. Bir vaxtlar yeməklərin süfrəyə düzülməsi xüsusi oxumalarla müşayiət olunurdu. Misal üçün, «Xonçaya qoydum balığı, gülə tutdum ortalıqı, üzündən aç çalmalıqı.Erkən banladı xoruz, deyir gəlibdi Novruz» və s.
* Ötən çağlar qəbul edilmiş qayda-qanuna görə, bəəzən otağa heç kəs daxil olmamış ocaq yaxud «iltəhvil süfrəsi» başına diri ağ xoruz yaxud aq təkə və ya buynuzlu ağ qoç (bir para yerlərdə isə işlək öküz) gətirib onu süfrə və ocaq ətrafına gəzdirir, onun üzərinə taxıl, quru meyvə və qoz-fındıq səpələdikdən sonra onu elə burada yaxşıca yedirdib (bundan ötrü qabağcadan tədarük görülürdü), heyvana şəkər verirdilər. Əslində heyvanların (bir mülahizəyə görə, evə salınan heyvan ilin hansı heyvan üstə təhvil olduqu heyvanı təmsil edirdi) mübarək süfrə başına gətirilməsi ev-eşiyə, ailəyə var-dövlət, bar-bərəkət və səadət aşılaması inamına söykənir. Xoruz isə Günəş tanrının carçısı sayılmış və guya o, hansısa bir mələyi təmsil etdiyi üçün onun qədəm basdıqı yerə heç cür əcinnə-şeytan gələ bilməzmiş. Bəzi yerlərin adətinə görə, vaxtilə NOVRUZ günü səhər sübhdə, əvvəlinci xoruzbanı ilə Günəşin «carçısı»nı qurban kəsmişlər.


İ l t ə h v i l   s a a t ı


* Təzə ildə naz-neemət evdən-eşikdən əskik olmasın deyə, el-oba qaydasına görə bu bayram axşamında evi süpürmək, evdən, süfrədən kənara şey və yemək çıxarmaq yasaqdır.«İltəhvil saatı» bütün ailə üzvləri evdə olub mübarək süfrə başına yığışmalıydı. Bunlardan başqa, ulu babalarımızın əqidəsinə görə «iltəhvil saatı» hansı ovqat və hissiyyatla,hansı əməl başında,hansı əşyaya nəzərlə qarşılanarsa, həmin vəziyyət ilin sonuna qədər davam edə bilər. Atalar «bayram axşamı çal, oyna ki ömrün şadlıqlarda keçsin» deyə, tövsiyə etmiş, «NOVRUZda gülən il boyu gülər» demişlər.
Buna görə, «iltəhvil saatı»na bir müddət qalmış adət-ənənəyə müvafiq ev-eşik, həyət-baca qiymətli xalça-palaz ilə döşənir, ailənin, evin bütün var-dövləti, daş-qaşı çıxarılıb xalça üzərinə tökülür, hamı bir müddət onlara baxmaqla dərdi-qəmi unudur, özünü şad-xürrəm göstərməyə çalışırdı. Bəəziləri elə buradaca xalça üzərində böyrü üstə uzanıb üstlərinə pul «yağdırırdılar». Digəriləri isə pullarını bir əlindən o birisinə tökərək, «bu ildə nə qədər qazanmışam, üzə gələn ilin hər günündə o qədər pul qazanım» deyirdi. Əski inama görə, bu vaxt bütün paltarların yaxası, bel qurşaqları və ev-eşikdə nə qədər qıfıl və düyün varsa hökmən açılmalıydılar, Bu da təzə ildə heç bir işin «düyünə düşməməsi» arzusuna arxalanır.
* Bir sözlə, «iltəhvil saatı»dan bir az öncə səliqə ilə təp-təzə paltar geyib süfrə başına yığışmış ailə üzvləri gözlərində yerə-göyə sığmayan sevinc, əllərində gümüş sikkə (metal pul), bəəzi yerlərdə isə «məryəmböcəyi» tutaraq, cavanlar üzlərini gözəl insan çöhrəsinə, yeməklərlə aşıb daşan süfrəyə, pak güzgüyə və nimçədəki səməni göyünə dikdiyi halda, yaşlılar, o cümlədən saraylarda masa arxasında öz nazir-vəkili ilə əyləşmiş hökmdarlar gözlərini Quranı-Kərimin açılmış səhifəsindəki ayəyə baxaraq təzə il, yeni gün NOVRUZu qarşılamaq arzusunda olmuşlar.
* Budur, səbrsizliklə gözlənilən əlamətli «iltəhvil saatı» yaxınlaşır və necə deyərlər NOVRUZun «topu atılırdı». Keçmiş zamanların düşünüşünə görə, sən demə Yer kürəsi nəhəng bir Öküzün buynuzları arasında yerləşir. İlin sonunda həmin Öküz yorulduqu üçün guya yer kürəsini bir buynuzundan o birisinə atır. İnanmışlar ki, bu an hökmən şimşək çaxıb göy guruldamalı və hamı, bir qayda olaraq ucadan hayqıraraq səmaya oxlar (vaxtilə onlar ildırımı, şimşəyi təmsil etmişlər) atmalıydılar. Göy guruldamadığda, təbiidir ki bu «vəziyyəti» süni yolla - top-tüfəng, fişəng atıb bununla göy gurultusu və şimşək təsəvvürü yaratmaqla Günəşin Q o ç bürcünə, Yer kürəsinin isə o biri buynuza «keçməsi»ni təəmin etmişlər.
* Orta çağlarda «Günəşin cülusu», gecə-gündüzün tərazlıq anı və «iltəhvil saatı» iqamətgahlarda (əyalət şəhərlərdə isə dövlətxanalarda) tacidar önündə çalışan münəccimin vaxtaşırı üstürlab alətilə müşahidə aparması və bəəzi hesablamalar yolu ilə dürüst müəyyən olunması idi ki, buna da «təhvil saxlamaq» adəti (vaxtilə hər kəs evinə münəccim çağırıb bunu edə bilərdi) deyilirdi. Ardınca, bütün şəhərlərdə hakimlərin yaşadıqları binaların damında böyük tonqallar alışdırılır, təbil və şeypur səslənir, toplardan yaylım atəşi açılır və atçapma ilə əhaliyə ilin təhvil olunduqu bəyan edilirdi, Camaat, bir qayda olaraq hökmdarın və ya şəhər hakiminin iqamətgahı qarşısına cəmləşib burada çalıb oynayaraq şənlənirdi. Hər yerdə hədsiz-hesabsız çıraq, məəşəl və tonqallar yandırılır, səmaya fişənglər atılır, çıraqbanlıq düzəldirdilər.
* Ayrı-ayrı evlərdə isə «iltəhvil saatı», adət üzrə su üzərindəki zeytun yarpaqının diksinməsi, güzgü üzərində yumurtanın hərlənməsi və xırda balıqların donub xeyli hərəkətsiz vəziyyətdə qalması, bəəzən isə əksinə, onların çapalaması, yaxud sudan bayıra atılması ilə müəyyən edilirdi. Hər ailə başçısı burada xüsusi «təhvil-təslim duası» oxuyur (babalarımız: «kişi NOVRUZda od-ocaqına dua verməli» demişdir) və bu zaman ailənin ən kiçiyi süfrə və səməni göyü ətrafına düzülmüş bütün şamları yandırır, ev sahibi isə «səməni, ay səməni, saxla məni, ildə göyərdərəm səni» deyə-deyə, süfrədəki səməni göyündən azca qayçılayıb qayçını yaşca özündən kiçiyə ötürürdü. O da bu hərəkəti təkrarlayırdı.
* Bütün ailə üzvləri, böyükdən kiçiyə qədər, bir-bir səməni göyündən qayçıladıqdan sonra evin, ailənin başçısı, bir adət kimi hər ailə üzvünə üç qızıl, gümüş və miss pul, üç parça nabat yaxud üç qaşıq bal verirdi. Ən başlıcası isə o, evdəkilərin hər birinə təzə paltar «bayram donluqu» bəxş etməliydi. Bayram donluqu hökmən qırmızı, bəəzən isə yaşıl rəngdə olmalıydı, Çünki qırmızı rəng həyatda təzəlik, canlanma deməkdi, Həm də bu rəng od-alov, Günəş və insan qanının rəngi olduqu üçün bu rəng bədnəzərdən, şər qüvvələrdən hifzedici rəng sayılmışdır.Bayramın himayədarı M ə r r i x - Mars planetinin rəmzi rəngi də qırmızı olmuşdur.
* Bundan sonra hamı bir-birinə yaxınlaşır, kiçiklər yaşlıların əlindən öpür, yaxud iki əlilə yaşlıların əlini ovucuna alıb bərk-bərk sıxır və «NOVRUZ bayramın mübarək, üzünə gün doğsun, günün günündən işıqlı olsun, inşallah» və ya «neçə-neçə belə Novbahara çatasan, üzündən nur əskik olmasın, keyfin kök, damaqın çağ olsun» - deyə, bayram münasibətilə bir-birini təbrik edir, yaşlılar uşaqları alnından öpüb başlarına sığal çəkirdilər. Sonra bayram süfrəsi başında oturanlar hamı xor ilə: «Bahar gəldi, NOVRUZ gəldi, xoş gəldi, xəstə könül onu görcək dirçəldi. Sizin bu tazə bayramınız mübarək, iliz, ayız, həftəz, günüz mübarək» və digər sözlərdən ibarət bir «Novruznamə // Novruzlama» ifa edirdilər.

* Qayda üzrə, hər bir ailə üzvü bayram süfrəsi başına əyləşməkdən öncə üz-gözünü üzərlik tüstüsünə verməli, yəəni üç dəfə tüstünü özünə tərəf yelpikləyərək başına duz çevirib duzu ocaqa atmalıydı. Sonra otağa aftafa-ləyən gətirilir, aqız, əllər yuyulub silinirdi, Və nəhayət ailə mübarək «iltəhvil süfrəsi» başına əyləşirdi. Burada, bir qayda olaraq həddi-buluqa çatmış cavanlar süfrənin küncü yanında oturmamaqa çalışır, inanırdılar ki, bu gecə öz doğma evlərinə qayıdan gözəgörünməz «ata-baba ruhu» süfrəyə künc tərəfdən yaxınlaşıb oradakı yeməklərdən bir az dadır, Onların qarşısı kəsildikdə isə onlar sən demə qəzəblənib evdəkiləri qarğışlayırlar. Nəticədə, guya cavan oğlan və ya qız düz yeddi il ailə qurmaq niyyətindən məhrum olmalıydı.
* Ardınca hamı bayram süfrəsini öpüb «bismillah» dedikdən sonra evin, ailənin odlu-alovlu, coşqun ehtiraslı üzvləri, deyək ki «təbiətcə isti olanlar» ilk öncə barmaqlarını süfrədəki qatıqa batırıb onları yalayır, yaxud bir qurtum qatıq içir, Soyuqqanlı, süst xasiyyətlilər isə bir az süd içirlər, yaxud barmaqlarını bal və ya şərbətə batırırlar ki, ehtirasları təzadlansın. Bu məqamda evin böyük oğlu məclisdəkilərin üzərinə gülab səpirdi. Ən başlıcası isə bu zaman «iltəhvil süfrəsi»nin düz ortasına miss və ya gümüş bir sinidə «yeddisin xonçası»nın (onu HAVAÇƏRŞƏNBƏdə tutulan «yeddiləvin xonçası» ilə səhv salmayın) yerləşdirilməsidir.


Y e d d i s i n   x o n ç a s ı


* Bu mübarək bayram xonçasına ənənəyə müvafiq dirçəliş, oyanma timsalı sayılan «səməni göyü» (bəzi yerlərdə ona «göyüş» və «səbzə» də deyirlər) ətrafına adları «sin», yəəni «s» hərfilə (ərəb əlifbasında qrafik yazılışına görə üç «s» - sin, sad və se hərfləri var) başlanan yeddi nemət, yeddi müqəddəs təam (yemək) düzülürdü. Bunlar sarmısaq (və ya soğan), sincid (zeytun və ya iydə), sipənd (üzərlik toxumu), sirkə, sumağ və vaxtilə «sükkər» adlanan şəkər, kəlləqənd və s. olmuşdur. Xonça adındakı «yeddisin» (vaxtilə «həftsin») sözünü bir çoxları zərdüştilərin Hürmüzd tanrı və altı ölməz müqəddəs – «spenta»nın sayı ilə (bir başqaları yeddi peykər-planet, yaxud səmanın yeddi qatı və s.) əlaqələndirirlər.
* Əslinə baxınlarsa, süfrədəki yeddi müqəddəs təam Hürmüzd tanrı və ayrı-ayrılıqda torpaq, od-alov, sular, heyvan və bitgilər aləminə himayə edən altı «spenta»nı təmsil edib, onların deyək ki, rəmzi nişanı, atributlarıdırlar. Əski bir rəvayətə görə, guya NOVRUZ səhəri Hürmüzd tanrıya təşrif gətirmiş Zərdüşt peyğəmbər tanrının altı müqəddəs «spenta» ilə bir süfrə başında əyləşdiyini və süfrədə hər müqəddəsin qarşısında qoyulmuş rəmzi təamları görür. Bəəziləri isə bunu, bir qayda olaraq süfrə başında yeməkdən əvvəl deyilən «bismillah» deyiminin ixtisarı, daha doğrusu onun qısa rəmzi nişanı sayılan «sin» kəlməsi ilə əlaqələndirirlər
* Mənşə etibarilə ən qədim əyyamlarla bağlı olan bu sirli-sehrli xonçanın bütün əlamətlərindən görünür ki, burada düzülmüş təamlar ötən çağlar üçün böyük önəm kəsb etmişlər. Vaxtilə bu müqəddəs xonça ətrafında icra olunan xüsusi mərasim rəqsləri və ayin oxumaları buna əyani sübutdur. Keçmişin əqidəsinə görə bu yeməkləri süfrə və səməni göyü ətrafına düzməklə, sən demə mübarək süfrə başında əyləşənlər qeyri-adi bir qüvvə, tutalım, həzmi asanlaşdırma, qan təzyiqini tənzimləmə, ömrü uzatma və s. müalicəvi xüsusiyyətlərlə ilə aşılanırlar. Bu təamlardan il boyu ovsun-cadu və bədxah qüvvələrə qarşı güclü bir vasitə tək istifadə etmişlər. Təsadüfi deyildir ki, rəmzi və məcazi səciyyə daşıyan «yeddisin xonçası»na toxunulmamış, o 12 gün ayrıca bir masa və ya kürsü üstündə qaldıqdan sonra oradakı saralıb solmuş səməni göyü axar sulara atılmış, xonçadakı təamlar xüsusi bir qaba yığılıb, əl-ayaq dəyməyən yerdə, tutya-təbərrük təki möhkəm saxlamışlar.
* NOVRUZun «topu atılandan» sonra mübarək «iltəhvil süfrəsi»nin başına «müzəffər» adı daşıyan bayramaşı –zəfəranlı və ya boyanalı plov (bəzi yerlərdə isə qaralı aş və ya quru balıqla yeyilən südlüplov, şirinplov, əriştəplov və s.) qazanı gətirilir, qazanın ağzı açılır və ailə sahibi hərənin payını boşqabına çəkirdi. Sonra qazandakı aşın üstü, bir adət olaraq hələ işlənməmiş təzə taxta qaşıqla örtülürdü. Deyirlər ki, bayram axşamı əriştə ilə düyüdən bişirilmiş «bəyləraşı // əriştəplovu» (ona «əriştəli aş» da deyirlər) yeyənlər təzə il boyu bütün işləri düyünsüz olub işlərin ipini əllərində saxlamaqla hər işdə müvəffəq olurlar. Ümumiyyətlə, vaxtilə bayramaşının yalnız təptəzə qaşıq, yaxud ovuc-şapalaqla yemişlər. Çox vaxt süfrəyə evdə olmayan ailə üzvlərinin adına da bir boşqab aş çəkirmişlər. El-oba qaydasınca, «iltəhvil süfrəsi»ndəki şam-çıraq axıra kimi yanmalıydı. Onları üfürmək yasaq idi. Əmin idilər ki, onları üfürən öz ömrünü qısaldır. Şam-çıraqı söndürmək lazım gəldikdə, bunu hökmən iki yaşıl yarpaq və ya çörək tikəsilə edirdilər.
* Bayramaşı yeyildikdən sonra mübarək süfrə yığılır, yenə aftafa-ləyən gətirilir, əl-ağız yuyulub silindikdən sonra paxlavalı-şəkərburalı «NOVRUZ süfrəsi» açılırdı.amıya darçın (inama görə, darçın plovdakı düyünün insan bədəninə gətirdiyi soyuqluq və rütubəti dəf edir) və ya hil, zəncəfil, quluncan çayı (bu axşam qəhvə içmək olmaz) gətirilirdi. Ev yiyəsi, bir adət olaraq süfrə arxasında olmayıb səfərə yollanmış ailə üzvləri və ötən il ailədə dünyasın dəyişmiş yaxın adamların adlarını tez-tez çəkib onları yad edirdi. İnama görə, guya bu vaxt ata-baba ruhu adları çəkilənə qədər hey evin damında fırlanır, sonra yenə «ölməzlik dünyası»na qayıdırdılar.
* Bu bayram axşamı heç kəs başqasının evinə görüşə, ziyarətə getmir, səfərə yollananlar, bir qayda kimi onu hökmən təxirə salır və inanırdılar ki, kim «ərəfə bayramı»nı öz evində, yer-yurdunda keçirməzsə, yeddi il NOVRUZu evindən-eşiyindən uzaqlarda, isti ocaqından, ailəsindən ayrılıqda qarşılaya bilər. Bununla belə, bu bayram axşamı oğlan evlərindən nişanlı qızlara «novruzpayı» aparılır, ilk bayram sovqatı isə ağsaqqal-ağbirçək ata və analara, yeddi qapı qonşu, yeddi kasıb ailəyə göndərilirdi. «Səməni göyərtmək» düşməyən qohumların və evində hüzürlü olub bayram keçirə bilməyən yaslı-yaralı qonum-qonşunun qapısı döyülərək onları «səməni xonçası» verilirdi.
* Bu gecə kəndlərdə cavanlar dəstə ilə evbəev gəzərək hər qapı, darvaza aqzında qışın bitməsi, təzə ilin başlanması münasibətilə «Novruzlama // Novruzha» təbrikləri ifa edir, bir para yerlərdə isə Yazqabağı ÇƏRŞƏNBƏlərdə olduqu tək, cavanlar damları gəzib «nünnünü oxumaq»la və belşalı sallatmaqla «bayramlıq» yığırdılar. Bu bayram axşamı alışdırılmış tonqalların səhərə kimi yanması müsbət əlamət tək qiymətləndirilirdi. Tonqal evin damında yanırsa, onun sönməməsi xoş niyyətin, pak arzunun təcəssümü tək açıqlanırdı Ərəfə bayramı şənlikləri gecəyarısına qədər davam edirdi.


B a y r a m   g ü n ü


* Ötən çağlar NOVRUZ bayramı tədbirlərinə cəmiyyətin bütün təbəqələri qatılsalar belə, saraylardakı rəsmi bayram tədbirləri, bir ənənə olaraq daha geniş vüsət alıb hədsiz təmtəraqla keçirilirdi. Bunun səbəbi saray mühitində bayramın ulu Dədə Günəşin «taxtaçıxma-tacqoyma» mərasimi tək məənalandırılması və burada əski çağların bu «sahə»də qəbul edilmiş ənənəvi təşrifat və qədim mərasimlərə dürüst riayət edilməsindədir.
* Səma Odunun yer üzündəki həyatın yaradıcısı və əfsanəvi «şahı» olduquna inanan uzaq keçmişin günsevərləri mövcud taxt-tac sahibinin İşıq Tanrıın yerdəki əvəzi, kölgəsi saymış və NOVRUZ gününü Dədə Günəşin cülusunu gerçək hökmdarın taxta çıxması ilə eyniləşdirərək bütün bayram tədbirlərini bilavasitə taxt-tac sahibinin iştirakı ilə həyata keçirmişlər. Əbəs yerə deyildir ki, Yaxın Şərq dövlətlərində hər yeni hökmdarın rəsmi tacqoyma mərasimi, bir ənənə kimi NOVRUZ gününə qədər «yubadılıb» mübarək bayram günü icra olunaraq ona hökmüranlıq əlaməti – xüsusi üzük və qılınc verilmişdir. Elə bu cülus anından yeni sülalənin yeni tarix hesabı və təqvimi işə düşmüşdür. Odur, NOVRUZ təqvimin və ilin başlanqıcı olmaqla bərabər həm də taxt-tac sahibindən ötrü çox önəmli olan xanədanlıq ildönümü, sülalə bayramı sayılmışdır.
* Bayram tədbirlərini tarixi ardıcıllıqla izlədikdə bəlli olur ki, uzaq çağların günsevər tacidarlarına iqamətgah tikdirilən zaman taxt-tac otağı- «bargah», planda elə yerləşdirilirdi ki, mübarək NOVRUZ və XƏZAN bayramları günləri üfüqdə görünən Dədə Günəşin ilk şüası otağın divarı və ya tavanında açılmış xüsusi pəncərədən düz qızıl taxt-tac üstünə düşüb onu alışdırıb nura qərq etsin. Bir zamanlar bayrama beş gün qalmış (digər məxəzdə isə – 25 gün əvvəl, SUÇƏRŞƏNBƏ günü) hökmdar saraylarındakı heyətlərdə quru kərpicdən müvəqqəti olaraq 7 yaxud 12 «bayram sütunu» inşa edilmiş və hər sütunun başına – arpa, buğda, qarabaşaq, darı, düyü, küncüd, lobiyə, mərci, noxud, paxla, çovdar və çətənə (kəndir tumu) kimi dənli-paxlalı bitkilərin toxumları– «hübubatı» səpərək sulamışlar. Burada arpanın cücərməsi xüsusi əhəmiyyət kəsb etdiyinə görə tacidarın bilavasitə onu sehr etməsi xoş bir əlamət sayılmışdır.
* Bayramın altıncı günü həmin cücərti üzərindən yeddi xətt çəkib fala baxmışlar. Əgər arpanın göyü dik, hamar və uca göyəribsə, deməli təzə ildə yer üzündə xeyir-bərəkətin artacaqı, məhsulun gen-bol olacaqını gözləmək lazımdır. Yox əgər arpa göyü əyri-üyrü, nəhamvar və ölgün olub boy atmayıbsa, deməli dünyada qəhətlik olacaqı, insanların bu il əzab-əziyyət çekəcəyi gözlənilir. Bayramdan 16 gün keçdikdə yaxın kəndlərin əhalisi həmin müvəqqəti kərpic sütunlar ətrafına toplaşaraq musiqi sədaları altında sütundakı göyərtini biçib sarayın döşəməsi üzərinə səpələr, yaxud axar sulara atar, sütunları isə sökməyib mübarək XƏZAN // SONBƏHƏR bayramına qədər saxlardılar. Sonrakı dövrlər eyni məqsədlə, üzərində yeddi yuva olan xüsusi bir sinidə və ya yeddi camda yeddi cür «hübubat» göyərdilirdi.

S o l t a n   N o v r u z u


* Bayram günü sübh tezdən oyanmış taxt-tac sahibi (əyalətlərdə isə yerli hakimlər), adi günlər geydiyi bər-bəzəkli şahanə qırmızı libas əvəzinə «bəsri» deyilən düm ağ-bəyaz bir xələt geyir, başına «novruzi» adlı xüsusi biçimli ağ papaq qoyub (bunu o, ildə yalnız iki dəfə - NOVRUZ və XƏZAN bayramları günü edirdi) taxta qalxaraq rəsmi bayram qəbuluna hazırlaşırdı. Elə bu məqamda onun önünə 7 ağ kasa və təzəcə kəsilmiş 7 ağ (gümüş) sikkə düzülmüş bir sini qoyulurdu. Digər gümüş sinidə isə şəkər və təmizlənmiş hind qozu gətirilirdi. Dövlət başçısı hind qozunun südündə isladılmış xurmalardan bir-bir dadıb onları əzizlərinə yedirdirdi. Sonra üzünü qarşısında dayanmış saray əə əyalət hakimlərinə tutub: «Həzarat, bu gün mübarək NOVRUZ günüdü, ulu Tanrının bizə bəxş etdiyi bütün naz-neemətə şükür eyləyək, rəiyyət ilə ədalətlə rəftar edək, Tanrı təzə ilinizi uğurlu eyləsin!» və bu kimi xoş sözlər deyir və hamı xüsusi bir dua oxuyaraq tacidara uzun ömür, hədsiz hakimiyyət illəri və şan-şöhrət arzular, ardınca «Novruziyyə» qəsidəsi ifa olunardu. Hamıya tanış olan bu qəsidə avazla, musiqinin müşayiətilə oxunurdu.
* «Novruziyyə» bitdikdən sonra hamıya təzə süd paylanır və saray əhli hərə öz yerini tuturdu Bu zaman ov-şikar naziri «mirşikar»ın qəfəsdə gətirdiyi düm ağ şahin quşunu (vaxtilə «mürği-Novruz» adı daşımış bu quşu sonralar ağ qaqayı əvəz etmişdir) açıq səmaya buraxırdılar. Maraqlıdır ki, bir vaxtlar NOVRUZ günü yalnız taxt-tac sahibi və saray əhlinə məxsus olan bu qayda-qanun sonralar adi rəiyyət üçün də vacib sayılırdı. Belə ki, əcdadımız arasında ulu NOVRUZun ilk günü sübh çağı ağzını açıb təzə pendir, yaxud beçə balı və ya şəkər (inama görə, şəkər qamışı, sən demə ilk dəfə mübarək NOVRUZ günü kəşf olunmuşdur) dadmaq adət-ənənəsi uzun müddət təqdirəlayiq görülmüşdür. İnanmışlar ki, bunu edən hər kəs üzə gələn təzə ildə bütün azar-bezardan, bədbəxtlikdən uzaq olur.
* Bayram günü dövlət başçısının, sonralar isə bütün əhalinin ağ libas, ağ papağ geyib «qar kimi ağ, süd kimi saf» şəkər (bir vaxtlar ağ rəngə «şəkəri» də demişlər), pendir, qatıq, süd və bu kimi ağ-bəyaz təamların yeyilib-içilməsi, həmçinin səmaya ağ bir quşun ğuraxılması, əski etiqada görə bilavasitə ağ-bəyaz (sən demə bütün həyat ağ maddə «gövhər»dən törənmişdir) rəngin güclü sehr və ovsunla aşılanıb bütün bədxah ruhlara qarşı qorucu vasitə olması ilə bağlıdır. Ağ rəng hər zaman saf İşığın, Səma Odunun timsalı sayılmışdır. Günsevər babalarımızın NOVRUZ günü ağ rənglə sıx təmasda olması, sən demə Dədə Günəşin işıqı və hərarətini cismani halda mənimsəmək, onun ilahi qüvvəsinə qovuşmaq, həm də yaman qüvvələrdən hifz olunub sağlamlıqla təmin olunmaq məqsədi ilə əlaqəlidir.
* Bunlarla yanaşı bəlli olur ki, bayramın səhəri hökmdara təqdim olunan digər gümüş sini və ya məcməyinin ortasında yeddi meyvə ağacı – alma, heyva, nar, innab, lumu, üzüm və zeytundan kəsilmiş iki-üç bəndəmli çubuqlar düzüb, onların ətrafına isə yeddi hübubatın hərəsindən bir dənə yerləşdirilirdi. Qəbulun sonunda onları bargahın döşəməsinə səpələnirdilər. Altı aydan sonrakı XƏZAN // SONBƏHƏR bayramında həmin gümüş siniyə artıq hər yeddi meyvə ağacının barından bir nümunə, yeddi hübubatın unundan bişirilmiş yeddi kökə düzülürdü.
Əski çağlarda ulu babalarımız bu əqidədə olmuşlar ki, qızıl, gümüş və digər qiymətli metal və onlardan hazırlanmış silahlar ilk dəfə məhz ilin başında, yəəni NOVRUZ günü əldə edilmişlər. Odur qarşılıqlı hədiyyələrlə qeyd olunan bayram günü, xüsusilə tacidarın səhər qəbulunda əyan və yerli hakimlər taxt-tac sahibinə saysız-hesabsız zinət əşyaları, müxtəlif zərgər məəmulatı, ləəl-cavahirat, ədviyyat, cürbəcür silah və zərli ağ parçalar bağışlayır, oxatan əskərlərin «kamandar» deyilən mürəbbisi (yəəni müəllimi) isə rəsmi olaraq hökmdara bir kaman, beş ox, bəəzən isə bərli-bəzəkli bir qılınc təqdim etməliydi. Tacidar isə ona verilən payların bir qismini elə buradaca qəbula gəlmiş mübarəkbadlara paylayırdı. Sarayın eşikağasıbaşısı, adət-ənənəyə görə tacidardan Günəşin rəmzi timsalı sayılan bir portağal və s. hədiyyə alırdı. Xİ yüzildə Əbureyhan Biruni-Xarəzmi yazmışdır: «Allah-təala bəzək-düzək üçün öz bəndələrinə NOVRUZda – yaqut, XƏZANda - topaz daşlarını məsləhət görür. Ləəl-cavaşirat arasında almazdan başqa bütün daşları kəsən yaqut, Günəşdən doğulub onun bir parçası olduqu üçün par-par parıldayaraq şüa verir, heç vaxt ərimir, yanmır və ona görə də bu daş ləəl-cavahiratın şahı sayılır»
* İnsanlar bir zamanlar inanmışlar ki, mirvari, müşk-ənbər və ona bənzər ətriyyat da NOVRUZ günü aşkarlanmışlar. Vİİİ yüzildə saraylarda keçirilən bayram ziyafətlərində taxt-tac sahibi, başqa hədiyyələrlə yanaşı, şəxsən saraya yaxın əyanlara ənbərdən hazırlanmış qızılgül – «gülənbər» və digər fiqurlar paylamışdır. XVİİ yüzilin yazılarına görə isə bayram günü sarayda yaşayan xanımlar hökmdardan, bir qayda olaraq yaraşıqlı piyalə, cam və tərəzi gözlərində qızıl suyuna çəkilib üzəri incə naxış və rəsmlərlə işlənmiş «yumurta» almışlar. Ötənlərdə saraylarda bir-birinə bu növ «yumurta» bəxş etmək bir adət-ənənəyə çevrilmişdi.
* İstər NOVRUZ, istər digər Günəş bayramlarında hamının bir-birinə qızıl suyuna çəkilmiş, yaxud boyanmış yumurta bağışlamaq adəti, orta çağların düşünüşündə sən demə yumurta müqəddəs DÖRD VARLIQIn bir-birinə qovuşması nəticəsində canlıların yaranması və ümumiyyətlə bir para şeylərin ibtidası, rəmzi təcəssümü ilə bağlıdır. Belə ki, burada yumurtanın soyuq və rütubətli ağı S u varlıqını, istilik verən sarısı Odu, quru qabığı T o r p a ğ ı, incə pərdəsi isə müqəddəs H a v a varlıqını təmsil etmişlər. Odur, sonralar bayram ərəfəsində və bayram günü bütün evlərdəki yumurtalar Dədə Günəşin, yazın rənginə müvafiq qırmızı və yaşıl rəngə boyanmışlar. Onların bir qismi ailə üzvlərinə, digərisi – bayramı təbrik etməyə gəlmiş mübarəkbadlara, bir qismi isə yeniyetmə uşaqların «toxumcəngi» yumurta döyüşü üçün ayrılırdı.

R ə s m i   k e ç i d


* Miladdan öncəki V-İV yüzillərə aid salnamələrin təsdiqinə görə, əski çağlar Yaxın Şərq hökmdarlarının tacqoyma - «cülus» mərasimi münasibətilə icra edilən təmtəraqlı keçidlər təki, NOVRUZda da belə bir izdihamlı yürüş keçirilmişdir. Belə ki, bayram yürüşünün ön sıralarında aparılan gümüş atəşdanın ardınca, bir ildəki günlərin sayına müvafiq al qırmızı geyimli, başlarında çələng, əllərində ucuna qızıl-gümüşdən nar, alma və heyva fiqurları taxılmış nizə tutan 365 cavan addımlamışdır. Onların ardınca, ulu Səma Odunun 8 ata qoşulduqu ikitəkərli arabası (bəəzən arabanın dişləsində və ya özündə Səma Odu – Dədə Günəşin qulac boyda qızıl heykəli yerləşdirilirdi) yerimiş, ondan sonra hamıda heyrət doğuran ağ-bəyaz at – «xing» irəliləmişdir. Yazılana görə, bu iri cüssəli atın sinəsi, yalmanı, qarını, quyruğu və ayaqları adətən xınaya boyanmış, onun döşü və çulu müxtəlif biçimli güzgü, muncuq və pardaxlanmış dəmir qırıntılar ilə bəzənmişdir. At yeridikcə üzərindəki bəzəklər par-par parıldayaraq bərq vurur, Səma Odu tək nur saçıb ətrafdakıların gözünü qamaşdırırdı. Həm «xing», həm ikitəkərli araba yanında ağ ceyimli cilovdarlar addımlamışlar.
* Nizami Gəncəvinin yaşadıqı çağlarda isə NOVRUZ günü eyvanda, xüsusi taxtda eyləşmiş tacidarın qarşısından seçmə ağ at «xing»lər və qızıl - gümüşdən hazırlanmış qoşqu ləvazimatı nümayiş etdirilmişdir. Ulularımızın düşünüşünə görə at və digər heyvanlar məhz mübarək NOVRUZ günü əhliləşdirilmişlər. Erkən çağlarda bu bayram günü Səma Odu Dədə Günəşə at qurban kəsilmiş, amma sonralar bu bayramda artıq atları bəzəyib Günəş şəninə cıdır və digər atüstü oyun və yarışlar keçirmişlər.
* Əski qaynaqlardan bəlli olur ki, vaxtilə bir para yerlərdə NOVRUZ keçid yürüşünün ən axır sıralarında ram edilmiş bir şir-aslan da yerimişdir. Yaxın Şərqdə ağ at ilə yanaşı şir də alov-işıqın rəmzi əlaməti sayılaraq Səma Odunu yer üzündə təmsil etmiş heyvanlardan biri təki tanınmışdır. Maraqlıdır ki, bu heyvanın heç vaxt yaşamadıqı Çin diyarında yeni il bayramı şənliklərində iri bir «şir müqəvvası» gəzdirib onunla rəqs etmək adət-ənənəsi öz mənşəyi etibarilə bizim NOVRUZ bayramı büsatından keçmişdir.
* Həmin çağlardan xeyli sonra Qarabağda xanlıqlar dövrü NOVRUZ bayramını təsvir edən Y.V.Çəmənzəminli bayram yürüşündəki atlar üstə yeriyən bir dəstə bəyin yanlarında addımlayan nökərləri ilə Şuşadan Cıdır düzünə yollanmasından danışır. Burada təntənəli yürüşün önündə bayram münasibətilə yalları xınaya boyanmış ağ at belində, əyninə ağ çuxa, ağ arxalıq geyib başına ağ dəridən papağ qoymuş Qarabağ xanı özü irəliləyir. Qafilə ardınca su tuluqları, səfər qəlyanları, asma manqallar və s. sürsatla yüklənmiş zınqrovlu qatırlar yeriyirdi. Yürüş iştirakçıları Cıdır düzündəki təpədə qurulmuş çadırlar düşərgəsi - «xeyməgah»a çatdıqda hamı atlardan enib çadırlara keçir. Bundan sonra şeypur çalınır və Cıdır düzündə müxtəlif oyun və yarışlar icra olunur.
* Buna əlavə, Vİİ-Vİİİ yüzillərə aid edilən bəzi əski yazılardan aydın olur ki, həmin dövrlərin rəsmi NOVRUZ yürüşlərinin iştirakçıları arasında, bir qayda kimi 12 növ heyvan da yerimişdir. İlkin çağlar bunlar canlı heyvan (bəəzən qəfəsdə) olsalar belə, sonralar onları heyvan cildinə girmiş məsqərəbazlar əvəz etmişlər. Bir sehrbaz tərəfindən idarə olunan məsqərəbazların hərəsi təmsil etdiyi heyvanın yol-yerişini, hərəkətlərini yamsılamışdır. İş burasındadır ki, Vİ yüzildən başlayaraq Yaxın Şərqdə yeni «Türk-Oğuz təqvimi» tətbiq olunmuş və burada 12 ilin adını daşımış siçan, öküz, pələng, dovşan və s. heyvanlar əski insanların etiqadında ulu Günəşin əhatəsində daima gəzib dolaşan, həm 12 heyvan, həm 12 zodiaq bürcü tək təcəssüm olunmuşlar. Bu baxımdan həmin 12 heyvanın yürüşdə «addımlaması» çox təbii və məqsədəuyğundur.


M i r n o v r u z


* Orta çağlarda, xüsusilə Səfəvilər dövrü,bayram ərəfəsində əhali arasında gözəl rəftarlı, xoş görkəmli bir şəxsi bayram sərəncamçısı «əmiri-Novruz» qısaca desək, MİRNOVRUZ (ayrı-ayrı dövrlər ona «Kəyan»,«Padşah»,«Novruzağası»,«Novruz əmi»,«Həzrət Novruz» və «Hacı Novruz» da demişlər) elan edib, təzə il bayram tədbirlərinin idarə etməsini ona tapşırmışlar. Bu bayram hakimi üzünə un sürtüb, qırmızı, yaxud sarı rəngli xələt geyərək ağ at «xing», yaxud dəvə belinə qalxıb bir əlində qızılquş (inama görə bu quş insanlara xoşbəxtlik, var-dövlət bəxş etdiyinə görə NOVRUZ günü onu əldə saxlamaq xoş bir adət sayılmışdır), onu müşayiət edən bir dəstə ilə yürüşün ön sıralarında yeriyə-yeriyə ətrafdakılardan «novruzpayı» toplamışdır. Hakimlərin saraylarında keçirilən rəsmi bayram ziyafətlərini də çox vaxt həmin MİRNOVRUZ idarə etmişdir. Amma bəəzən hər sarayın öz bayram sərəncamçısı da olmuşdur.
* Sonrakı çağlarda NOVRUZ şənliklərini mütəşəkkil keçirmək niyyətilə ƏZƏLÇƏRŞƏNBƏdə, bəəzən isə bayram axşamı el-oba iiçində üçgünlük sərəncamçı və ya bayram hakimi, «padşah, əmir» seçmək adət-ənənəsi, söz yox ki orta çağlardakı MİRNOVRUZun uzaq əks-sədası tək qəbul olunmalıdır. Burada da bayram hakimi (çox zaman kəndin möhtərəm ağsaqqalı) üç gün qırmızı geyinib başına tovuz lələyi sancılmış bir «tac» qoyaraq, əlində özünəməxsus bir «bayraq» tuturdu. O, onu müşayiət edib əmrlərini dərhal yerinə yetirən «vəzir-vəkil». «fərraş», çalğıçı, xanəndə, meyxanaçı-şair və təlxək-məsqərəbazlar dəstəsi ilə hay-haray salaraq küçə-bazarı gəzib-dolandıqdan sonra gəlib bir yerdə üçgünlük «əmirlik taxtı»na əyləşməklə «ədalət divanı» tuturdu.
* Bu zaman adamlar onu təbrik etmək üçün dəstə-dəstə onun «hüzuruna» gələrək əlini öpür, ətəyindən tutub, itayətdə olduqlarını bildirirdilər. «Bayram hakimi» isə onların şikayətlərini dinləyir, bəəzən günahkarlara bir-iki «şallaq» vurmaq və ya bığlarını qırxmaqa fərman verir, «fərraş» dərhal onun fərmanını yerinə yetirməkləi onları rüsvay edirdi, Sonra o, qanlıları və küsülüləri barışdırıb öpüşdürür, qanunsuz həbs olunanları zindandan qurtarmaqa çalışırdı, Bəəzən isə, əyninə qoyun dərisi geymiş bir məsqərəbaz ortada hərlənərək öz gülünc hərəkətləri ilə qaş-qabaqlı müvəqqəti «bayram hakimi»ni güldürməliyli. Qaydaya görə «hakim» gülməməliydi o, özünü saxlaya bilməyib azca belə gülsəydi, ətrafdakılar onun üstünə cumub döyməsinlər deyə, o qaçıb gizlənməliydi, Bəəzi yerlərdə isə qadınlar NOVRUZ günü, SUÇƏRŞƏNBƏdə olduqu tək, öz aralarından diribaş və çalışqan bir xanımı özlərinə «şah» seçir, ona əlvan paltarlar geydirib 3 gün, 3 gecə onunla birlikdə bayram edib şadlanırdılar.
* Mübarək NOVRUZ bayramı ilə əlaqəli rəsmi saray ziyafətlərinə dəəvət olunmuş şairlər, «novruzxan» adı daşıyan xüsusi müğənni və çalğıçılar müvafiq «repertuar»la çıxış edərək ulu Günəşi, müqəddəs DÖRD VARLIQ, zodiaqın B a l ı q l a r və Q o ç bürclərini, Novbaharın gəlişini təsvir və tərənnüm edən «novruziyyə», «bahariyyə», «rəbiiyyə», «cəmrəviyyə» adlanan müxtəlif qəsidə və mədhiyyələr ifa etməklə bir-birilə yarışırdılar. Tutalım Füzulinin «Eyş üçün bir türfə məzəldir bahar əyyamı bağ,..» yaxud İ.Nəsiminin «Bahar oldu gəl ey dilbər tamaşa qıl bu gülzarə» sözlərilə başlayan. «bahariyyə»lərin ifası bayram məclislərində, M. çox hərarətlə qarşılanırdı. Təbiidir ki, bu sənət yarışlarında taxt-tac sahibi də nəğmə və şerlərin dililə təəriflənir, ona müraciətlə şəfqətli olub ondan bəxşiş-ənam alması arzulanmış,mübarək bayram günlərində mərhəmətli olub, bu və ya digər canini əfv edərək onu zindandan buraxmaqa çağırmışlar. Ötən çağların adət-ənənəsinə görə, NOVRUZ günü dövlət başçısı hökmən müvafiq bir hərəkət etməliydi və əksər hallarda o, bunu edirdi.

O l m a  ğ a c ı


* Vİİ-Xİ yüzillərin qaynaqlarında Yaxın Şərqdə NOVRUZ günü taxt-tac sahibi, yaxud şəhər hakimi zəngin bayram süfrəsi – «altun xan»ın (türklərdə ona «yağma süfrəsi//xanı» də demişlər) təntənəli şəkildə şəhərin baş küçələrilə gəzdirilməsi qeyd olunur, bu tədbirdən ötrü saraylarda küllü miqdarda qənd-şəkər ayrılmasından danışılır. Təkərli bir meydança üzərində açılmış həmin nəhəng «süfrə»nin düz ortasında, budaq, yarpaq və meyvələri noğul-nabat və şəkərdən hazırlanıb üzərinə minlərcə fiqur və təsvir sancılımış bir «portağal ağacı» quraşdılırdı. Bu «ağac»ın yan-yörəsində quraşdırılmış yeddi «qəsr»in içinə cürbəcür qoğal, müxtəlif növ qənnadı məəmulatı doldurulurdu. Ənənəyə müvafiq yoldan keçən hər kəs bu heyrətamiz «noğul-nabat bağı»na yaxınlaşıb arzuladıqı şirniyyatı və ya qoğalı götürə bilərdi.
* Əski zamanlar çox baha başa gələn bu bayram süfrəsinin hazırlanıb ərsəyə gətirilməsi ilə xüsusi qənnadı ustaları – «sükkər nəqqaşları» məşğul olurdular. NOVRUZ yürüşlərindəki «altun xan» ilə yanaşı və yaxud onun əvəzinə qiymətli parça, xalça-palaz və gül-çiçəklə bəzənmiş «nəxil» (xurma ağacı deməkdir) adlı bir xərək-taxtirəvan gəzdirilirdi. O çağlara aid bir miniatür rəsmində 12 nəfərin çiynində gəzdirdiyi həmən «nəxl»in ortasında, təqribən müasir ikimərtəbəli bir ev hündürlüyündə, biçimcə sərv ağacını xatırladan nəhəng bir sütun yerləşdirilmişdir. Bu qeyri-adi «sütun» büsbütöv mumdan hazırlanıb «yolka ağacı» təki əlvan boyalı süni meyvə, gül-çiçək və zərvərəqlə bəzənmiş, onun kəlləsinə isə aypara nişanı sancılmışdır. Əslinə qalarsa, xan- süfrədəki «portağal ağacı» və «nəxil»dəki sütun ulu Təbiətin dirçəlişi, bar-bərəkət və firavanlıq timsalı təki səciyyələndirilib əfsanəvi OLMA//OLUM AĞACInın (elmi ədəbiyyatda «Varlıq Ağacı») modeli, rəmzi surətidirlər. Bu «ağaca», bir qayda olaraq ABRİZAN və XƏZAN bayramları yürüşlərində də rast gəlinir.
* Ulu əcdadımız bir çox peşələrin ibtidasını mübarək NOVRUZ günü ilə uyğunlaşdırmışdır. Orta çağların bayram yürüşlərində ayrı-ayrı peşələrə məxsus emblem və nişanlarla bəzənmiş tuğ, ələm və bu kimi bayraqların gəzdirilməsi bayram tədbirlərinin müxtəlif peşə və tacir birliklərinin fəal iştirakı ilə həyata keçirildiyini göstərir. Həmən bayram yürüşlərində əldə və çiyinlərdə gəzdirilən xərək və təkərli meydançalar üzərində xam mal və sənət nümunələrindən inşa olunmuş və ya cürbəcür əcaib-qəraib heyvan, insan və quş fiqurları, müxtəlif biçimli köşk və qəsrlər ilə hər peşə öz son nailiyyətlərini taxt-tac sahibinin, əcnəbi səfirlərin və şəhər sakinlərinin qarşısında nümayiş etdirirdi.
* Bir əcnəbi səyyahın yazdıqından bəlli olur ki, həmin yürüş-nümayişdə çörəkçi «nanpəz»lər müxtəlif növ çörəklərdən uca bir köşk quraşdırdıqı halda, pambığatan «həllac»lar boyanmış pambıq və qamışdan nəhəng bir minarə düzəldib onun başına leylək fiqurunu keçirmişlər. Kəndir, ip toxuyan «rismanbaf»lar yalnız taxta, qamış və kəndirdən iri «dəvə» fiquru qayırıb, içində bir nəfəri gizlətməklə fiquru hərəkətə gətirirmişlər və s. Sözsüz, NOVRUZ bayram şənliklərinin ən görüntülü və heyrətamiz anlarından biri «atəşbazlıq-fişəngbazlıq» tədbirləri olmuşdur. Belə ki, atəşbaz ustalar tezalışan materiallardan quraşdırdıqları «qəsr» modelləri, nəhəng «div» və «əjdaha» fiqurları, əcinnə-şeytan müqəvvalarını yürüşdə gəzdirdikdən sonra düzənliyə və ya geniş bir meydana gətirir və hava qaraldıqdan sonra onları burada alışdırırdılar. Orta çağlarda rəsmi «Soltan Novruzu» bu cür həyata keçirilmişdir.

X a l q   N o v r u z u

Xızır  Novruzu

* Bayramın səhəri hər evin sahibi ilk öncə uşaqlarını yuxudan oyadıb, onlara noğul-nabat paylayaraq: «Bu gün mübarək NOVRUZ günüdü, təzə il bayramıdı, ağzınız şirin olsun, təzə ildə cəmi istək-arzunuza çatasınız, qoy ulu Tanrı sizə yar olsun!» - deyirdi. Vaxtilə bayram şənlikləri bir həftə, sonralar isə üç gün davam etmişdir. Müxtəlif dövrlərdə yürdumuzun ayrı-ayrı yerlərində NOVRUZ özünəməxsus tədbirlərlə qeyd olunmuşdur. Belə ki, xalqımız arasında bu mübarək gündə «qara bayram» keçirmək günah sayılmış, bu gün həkimə getməz, dərman içməz, xəstələri yoluxmazlar. Odur ötən çağların qaydasına görə, bayram günü səhər sübh tezdən hər məhəllənin, kəndin kişi və qadınları ayrı-ayrılıqda bir ocaqa yığışıb bir-birilə bayramlaşdıqdan sonra dəstə ilə ilk öncə ötən il ərzində ölüsü düşən yaslı-yaralı adamların evinə getmiş, onlara başsağlıqı verərək: «Allah yeni ildə el-obamızdan ölüm-itimi iraq eyləsin!» və bu kimi sözlər deməklə əzizlərini itirmiş yaslı adamları, necə deyərlər yasdan, matəmdən çıxarır, həmin ağır yükü onların üstündən götürürdülər. Hüzürlü evlərə gələnlərə, bir qayda olaraq bir fincan acı qəhvə verilir, süfrəyə yalnız quru meyvə düzülürdü. Evdə xəstə olduqda onun yaxın adamlarından biri qab və qaşıq götürüb lal-dinməz qonum-qonşunu gəzərək, qaşıqı qaba vurur, qonşular onun qabına bir az yemək yaxud pul qoyub inanırmışlar ki, xəstə həmin yeməkləri yeyəndən sonra mütləq sağalacaqdır.
* Bayramın birinci günü kəndlərdə əkinçilər səpin üçün ayırıb saxladıqları buğda, arpa quyularını açır, onların başına səməni göyü düzür, «hədikaşı» bişirib fəqir-füqəraya paylayırdılar. Bu gün kəndlərdə quzuları xınaya boyayır, heyva və ya fındıq ağacından gözmuncuqu düzəldib onları kiçik uşaqların boynuna və malqaranın buynuzlarına asırdılar. Əgər NOVRUZ günü yolda, səfərdə qarşılanırdısa, bayram süfrəsi, bir qayda olaraq təbiət qoynunda açılırdı. Yeyib-içdikdən sonra qabağdan qalmış yeməklər quş və heyvanlar üçün qoyulurdu. Ata-baba adətinə görə, bu mübarək bayram günü ev-ailə sahibinin evdə olduqu bilinsin deyə, bütün evlərin darvazası, qapısı hökmən açıq qalmalı, yad bir adam istədiyi qapını döyüb bu evdə qonaq ola bilərdi və evdəkilər onu mehribanlıqla qarşılayıb hər cür yeməyə qonağ etməliydilər. NOVRUZ günü kişilər, o biri gün isə qadınlar təzə qırmızı bayram donlarını geyib əllərində və ya başlarında bəzəkli xonça, qonum-qonşu, dost-tanışın və valideynlərin evinə «mübarəkbadlıqa» yollanır, evdə bişirdikləri həlviyyat və şirnidən əziz və yaxın adamlarına «novruzpayı» aparır, uşaqlara kişmiş, noğul-nabat və boyanmış yumurta paylayırdılar.
* Bayramlaşmaqa gələnləri qapı ağzında, bir qayda olaraq təzə paltarda evin böyük oğlu yaxud ev yiyəsinin bacısı və ya qardaşı oğlu qarşılayıb, bir xınalı əli döşündə, o birisində isə gülabpuş: «Allah təzə il bayramınızı mübarək eyləsin, neçə-neçə belə bayramlar görəsiniz» və s. xoşniyyətli sözlər deyə-deyə, qonağların əlinə gülab səpdikdən sonra onlara əyləşməyə yer göstərməliydi. Qonaqlar isə: «Təzə ildə Günəşin nuru ev-eşiyinizdən əskik olmasın» deyir və onlar oturar-oturmaz dərhal aftafa-ləyən hazır olurdu. Ev sahibi isə bayram süfrəsindən qonağlara dadlı yeməklər yedirdir, şirin çay içirdirdi.
Əski etiqada görə, ilkin qonağ, cinsindən asılı olaraq, yüngül qədəmi ilə evə xoşbəxtlik yaxud bədbəxtlik gətirə bilərdi. Belə ki, əgər NOVRUZ səhəri ilginc qonaq qadın olarsa – nəs, kişi olarsa – xoş əlamət sayılırdı. Kəndlərdə isə qonaq kişi olduqda, təzə ildə malqaranın erkək balası, qadın olduqda isə dişi balaların çox olacaqı gözlənilirdi. Bayram günü, bir qayda kimi heç kim işləməz, bazar - dükan qapalı qalıb burada alış-verişlə məşğul olunmasa da, səhər tezdən bütün dükanlarda ən azı 3 saata qədər onlarca şam-çıraq, qəndil yandırılırdı. Sonra onlar söndürülür, bazar dükan bağlanırdı.
* Buna baxmayaraq bazar və meydanlarda təzə paltar geyib qaynaşan cavanlar ayrı-ayrı dəstələrə bölünərək buradakı meymun (bayramın birinci günü meymun görmək sən demə xoş, müsbət nəticələnə bilər) və ayı oynadanlara, kəndirbaz və kosakosa oyununa tamaşa edir, yumurta, kəklik, xoruz və qoç döyüşdürür, bəəzən isə bundan ötrü xüsusi hazırlanmış bir evə gedib orada yeyib-içir əylənir, «aşıqaşıq» və «xanxan» oyunları oynayırdılar. Qız-gəlin «haxışta»,«halay» və s.oyunlar ifa edirdi. Kiçik uşaqlar isə hərə özünə qarğıdan bir «at» düzəldib o yan bu yana «çapırdılar».
Bayram günü subay oğlanlar əllərində qızıl lalə gözaltı etdikləri qızlara boyanmış yumurta, qırmızı alma atırdılar, Ümumiyyətlə bu bayram günləri oğlan və qızların əhd-peyman etməsi savab və vacib sayılırdı. Bu gün adağlı oğlan nişanlısına «novruzpayı» ilə birlikdə bir cütqabağı bəxş etməliydi. Ulu babalarımız «NOVRUZdan sonra qırx kötük yanır» demişdir. Bayramın üçüncü günü cavan oğlan və qızlar, yenə ayrı-ayrıqda bir yerə yığışıb sən demə 40 gün, 40 gecə, gündə birinin evində «sıra qonağlıqı» keçirir, çalıb oynayaraq əylənirdilər. Ata-baba qaydasına görə, bayram günləri ərzində şəhərdə yaşayan insanlar kənddəki qohumlarına baş çəkib bayramlaşmalı, kəndlilər isə mübarədbadlıq üçün şəhərə qonağ gəlməliydilər. Cavanlardan fərqli olaraq yaşlılar bayram günləri başqa yerə, görüşə, mübarəkbadlıqa getməyib evdə oturaraq qonaq gözləyirdilər. Mömünlər vaxtlarını dualarda, Qurani-Kərim və bu kimi müqəddəs kitabları oxumaqla məşğul olurdular.
* Bəəzi insanların otən il, ABRİZAN bayramı gecəsi ana bətninə düşüb mübarək NOVRUZ bayramı dünyaya göz açmasını xoş əlamət sayıb onlara Novruz, Bayram, Bahar, Qızbahar, Gülbahar, Göyüş, Yazxanım, Yazgül və bu kimi adlar verib əziz bayramın həkk olunmasına çalışmışlar. Ulularımızın inamına görə, NOVRUZ günü anadan doğulmuş insanlar, sən demə təbiətcə mətin, işgüzar, qonaqsevər, nikbin, vüqarlı və güclü-səbatlı şəxslər kimi özlərini həmişə qürurla aparmaqa çalışırlar. Bunlarla yanaşı, onlar tərs, özünəvurğun, nəyin bahasına olursa-olsun öndə getməyə, birinciliyə can atan şərəşur insanlar olurlar.
* Ötənlərdə bayramın altıncı və sonuncu günü BÖYÜK NOVRUZ adlanmışdır. Sən demə, əcdadımız bu günü həm də İspitəmənli Zərdüşt peyğəmbərimizin anadan olduqu gün kimi qeyd etmişdir. Bu gündən etibarən havada istilik get-gedə artır, ulu Təbiət oyanıb dirçəlir, gecələrin qısalmaqı davam edir, bunun hesabına gündüzlər uzanır və ulu Səma Odu Dədə Günəşin, YAZ-YAYın «yeddi aylıq hakimiyyəti» başlayır.
* Qarşıda hələ «Qoca qarının günləri» və ulu Günəşin B u ğ a bürcünə daxil olması ilə bağlı «Buğa soyuğu», «Çiçəkqıran fırtına», «Gilasdəydi bayramı», «Cücərti ayı», «Ülkər fırtınası» və İlin ən uzun gündüzü vardır. Bunlar hamısı olsa-olsa Dədə Günəşin «hökmüranlıqı», ilin birinci yarısı YAZ-YAY fəslinin ilk günləridir.
* Ən başlıcası isə, insanları irəlidə bu mübarək bayram günlərinda təməli qoyulmuş əməllərin bar-bəhrəsi, deyək ki NOVRUZun davamı, ikinci hissəsi və yekunu sayılıb, onun arzu-istəklərinə son qoyan «payız güntəni» günləri, mübarək XƏZAN // SONBƏHƏR güz bayramı gözləyir.

(«Yeddi çərşənbə, yedd bayram» kitabından)


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Novruz bayramı
İştə novruz! Yetişdi...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 140   
article 20-21 mart – Novruz Bayramı
Novruz - bir bayram kimi baharın...

  10-5-2007    Baxılıb: 414   
article Novruz bayramının tarixi haqqında
Elmi araşdırmalar NOVRUZ...

  10-5-2007    Baxılıb: 316