|
Müalicədən ötrü Tiflisə gəldikdən sonra sənə məktub yazmamışam; zira ki, halım müsaid olmayıbdır. Mirzə Cəlil və Həmidə xanım cənablarından cöx razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Məni mehmanxana ya xəstəxanada yamağa razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim; rəbbi-təala həzrətləri əvəz versin. Bu qədər bil ki, öz evimdən artıq mənə pərəstariş edirlər. Doktorları cəm edib, konsultasiya yapdılar; doktorların bəzisi operasiya, yəni əməliyyati-cərrahiyyə icra etmək lazım bildi. Mənə təklif etdilər ki, ciyərindeki illər kəmalınca bizə məlum və müşəxxəs deyildir; razı olsan əməliyyati-cərrahiyyə yaparıq; ciyərlərindən kəsmək lazım isə, kəsərik, yox, lazım deyilsə, yenə kəsdiyimiz yeri tikib, əlac edərik. Dedim: - Bağışlıyasınız, dokrot əfəndilər! Mənim qarnım portmanat, kisə deyil ki, istediyiniz kimi açıb qapayasınız. Bəlkə, kəsdiniz, sonra əmələ gəlmədi? Mənim bu sözüm həkimlərin çox xoşuna getdi, gülüşdülər. Və buradakı əhibba da doktorların qəti söz vermədiyinə görə əməliyyat icrasına razı olmadılar. Hələlik daxili müalicə ilə müdara edirəm. Mövla görəlim neylər. Neylərsə, gözəl eylər. Baqi ixlas və iradət. Qardaşın Ə.Sabir 15 iyun 1911.
|
|
Məqalə
|
167
|
|
Yazılma tarixi
|
9-30-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|