Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Diabet .: Şəkərli Diabet .: 2-ci tip şəkərli diabetin müalicə metodları.

2-ci tip şəkərli diabetin müalicə metodları.

Şəkərli diabet termini dedikdə müxtəlif etialogiyalı metabolik pozğunluqlar nəzərdə tutulur ki, bu zaman insulinin sekresiyasının və ya onun tə’sirinin defektləri nəticəsində xroniki hiperqlikemiya inkişaf edir, nəticədə yağ, zülal, karbohidrat mübadiləsinin pozulması müşahidə olunur.

Diabet müxtəlif orqan və sistemlərin; xüsusilə göz, böyrəklərin, sinirlərin, ürəyin və qan damarlarının disfunksiyasına, zədələnməsinə və çatışmamazlığına səbəb olur.
2-ci tip şəkərli diabet – çox geniş yayılmış xəstəlik olub, insulinin tə’sirinin (insulinrezistenlik) və sekressiyasının pozulması ilə xarakterizə olunur. 2-ci tip şəkərli diabet bütün yaşlarda inkişaf edə bilər, lakin ən çox 40 yaşından sonra yaranır. Xəstəliyin başlanğıcı artıq çəki fonunda tədricən yaranır. Başlanğıcda diabetin simptomları demək olar ki olmur və ya çox zəif özünü büruzə verir. Bunu xəstəliyin çox ləng inkişafı və bunun nəticəsində pasientlərin mövcüd olan hiperqlikemiyaya adaptasiyası ilə izah etmək olar. Kifayət miqdarda C-peptid tə'yin olunur, insulin hasil edən betta-hüceyrələrə autoantitel olmur. Morfoloji 2-ci tip şəkərli diabetin başlanğıcında mədəaltı vəzin normal olçüləri üzə çıxır, betta -hüceyrələrin hipertrofiyasını qeyd etmək olar. Betta -hüceyrələr çoxlu miqdarda sekretor qranulalara malik olurlar. Bundan fərqli olaraq 1-ci tip şəkərli diabet autoimmun xəstəlik olub, betta -hüceyrelərin destruksiyası nəticəsində insulinin hasilinin tam itməsi yaranır.
Müasir təsəvvürlərə əsasən 2-ci tip şəkərli diabetin patoqenezində əsas rolu betta -hüceyrələrinin insulin sekresiyasının pozulması ilə yanaşı toxuma və orqanların insulinrezistentliyi çox böyuk rol oynayır. Qlükozanın periferik utilizassiyasının pozulması əlamətləri meydana çıxır.
Insulin sintezinin pozulması, molekulda aminoturşuların ardıcılığının pozulması və proinsulinin insulinə çevrilməsi defekti ilə birüzə oluna bilər. Hər 2 halda hasil olunan hormon çox aşağı bioloji aktiv olur ki, buda hiperqlikimiyanın yaranması ilə nəticələnir.
Insulinə resiztentlik periferik toxumalarda, ən çox da qara ciyər, əzələ və piy toxumasında qlükozanın mənimsənilməsinin pozulması ilə ozünü göstərir. Onun inkisafında ən çox əhəmiyyət kəsb edən insulin reseptorlarınin defekti və qlükoza transpartyorlarının patalogiyasıdır. Insulin reseptorlarının miqdarı piylənmədə, ikinci tip səkərli diabetdə, akromeqaliyada, Itsenko- Kuşinq xəstəliyində, qlükokortikoidlərlə müalicədə, hamiləliyə qarşı preparatların qəbulunda azalır. Son illər kifayət qədər eksperimental və klinik məlumatlar göstərir ki, həm insulin sekresiyasının defekti, həm də periferik insulinə rezistentliyin inkişafı əhəmiyyətli dərəcədə genetik nəzarətin pozulması ilə əlaqədardır.
Qeyri medikamantoz müalicə üsulları
Şəkərli dibetin müallicəsində ən əsas məqsədlər bunlardır: simptomların aradan gotürülməsi, optimal metabolik kontrol, kəskin və xroniki ağırlasmaların qarşısının alınması, daha yüksək həyat keyfiyyətinə nail olmaq və müallicənin xəstə üçün mümkünlüyü.
Bu məqsədlərə hər iki tip şəkərli diabetdə birinci dərəcəli əhəmiyyət kəsb edən əsas müalicə prinsiplərinin köməyi ilə nail olunur:
a) diabetik dieta
b) dozalanmış fiziki hərəkətlərlə və ya işlərlə
v) öyrənmə və özünə nəzarət

Əgər ikinci tip diabetdə dieta ilə monoterapiya effektsiz olursa, onda peroral şəkər aşağı salan preparatlardan istifadə olunur. Birinci tip diabetdə isə dərhal insulin tə'yin olunur. Ikinci tip diabetdə dietaterapiya aşağıdakı tələblərə cavab verməlidir: rafinə olunmuş karbohidratların gidalanmadan çıxarılması (şəkər, bal, mürəbbələr, konfetlər və s.) doymuş yağların az işlənməsi və əsasən həll olan sellülozalı mürəkkəb karbohidratların işlənməsi məsləhət gorülür. Gündəlik rasionun ümumi tərkibində yağlar 30-35%, karbohidrat 50-60%, zülal 15% təşkil etməlidir. Qidalanmda işlənən ərzaqları üç yerə bölmək olar: tamamilə qəbul edilməsi qadağan olan ərzaqlar, qəbul olunmasında məhdudiyyət qoyulmuş ərzaqlar və məhdudiyyətsiz qəbuluna icazə vərilən ərzaqlar.
Şəkərli diabetli xəstələrdə karbohidrat mübadiləsinin vəziyyətindən başqa arterial təzyiqin və lipid mübadiləsinin pozulmasının səviyyəsini də nəzərə almaq lazımdır. Beləki, şəkərli diabetdə ürək damar sisteminin ağırlaşmalarının inkişafında hiperqlikimiyadan sonra bunlar başlıca faktorlardır.
Şəkəri aşağı salan həb preparatları.
2-ci tip şəkərli diabetin müalicəsi bəzi hallarda dietanin tə’yini və fərdi fiziki fəaliyyətin təyini ilə başlanır. Bu effektsiz olduqda, şəkəri aşağı salan həb preparatlarından istifadə olunur. Bundan başqa xəstəyə ozünə nəzarətin lazımlığını izah etmək və ev şəraitində ona test kağızlarının köməyi ilə qanda və sidikdə şəkərin tə’yinini öyrətmək lazımdır. Hal hazırda şəkəri aşağı salan həb preparatları aşağıdaki qruplardan ibarətdir:
1. sulfanil sidik cövhəri preparatları
2. qeyri sulfanil sidik cövhəri sekreqoqları (prandial requlyatorlar və ya qlinitlər)
3. Biquanitlər – metformin
4. tiazalidindionlar
5. a-qlükozidazanın inqibatoru – akarboza

Sulfanil sidik cövhəri preparatları ən çox işlədilir, və bunlar 1-ci, 2-ci, 3-cü nəsillərə bölünürlər. 1-ci nəsil preparatlar az effektli olub, hal hazırda bu preparatlar demək olar ki, istifadə olunmur. 2-ci nəsil preparatlar aktiv sekratogen olub, bunların tə’sir mexanizmi insulinin sekressiyasını stimullaşdırmaqdır. 2-ci nəsil preparatlarından ən çox işələnilənləri bunlardır:
1. Qlibenklamid (Manilin, Betanaz, Daonil, Euqlikon)
2. Qliklazid (Diabeton, Nuzide)
3. Qlikvidon (Qlurenorm)
4.Qlipizid (Qlibinez, Minidiab)

3-cü nəsil sidik cövhəri preparatlarından Qlimepridi (Mepril) göstərmək olar. Bu preparat Azərbaycanda Mepril adı ilə yayılmışdır və digər preparatlara nisbətən bir çox üstünlükləri vardır. Belə ki, o 100% bioloji mənimsəniləndir və betta-hüceyrələrdən insulinin ifrazını yalnız qida qəbuluna uyğun tə’min edir. Insulin sekresiyasının fiziki fəaliyyət vaxtı ifrazının azalmasını blokada etmir və bunun nəticəsində hipoqlekimiya hallarının əmələ gəlmə mümkünlüyünü qat-qat azaldır. Bundan başqa Mepril həm sidik, həm də ödlə xaric olduğu üçün yüngül və orta dərəcəli böyrək çatışmamazlıqlarında tə’yin oluna bilər. Meprilin tə’sir müddəti 24 saat olub, o sutkada bir dəfə yeməkdən qabaq 1-6 mq tə’yin oluna bilər. Həmçinin Mepril hipoqlekimiya ehtimalının az olması, sutkada 1 dəfə tə’yin olunması ilə əlaqədər yaşlı adamlarda seçim dərmanı kimi tə’yin oluna bilər.
Sulfanil sidik cövhəri preparatları mədəaltı vəzin betta -hüceyrələrinin insulin sekressiyasını stimullaşdırır və artırır. Lakin nəzərə almaq lazımdır ki, bir çox preparatlar sulfanil sidik cövhəri preparatlarının tə’sirini həm artıra, və ya azalda bilər. Onların tə’sirini azaldan preparatlara aiddir: betta -blokatorlar, tiozidlər, kortikosteroidlər, indometasin, izoniazid, nikotin turşusu, kalsinin antoqonistləri.
Bu preparatların tə’sirini artıranlar isə aşağıdakilardır: salisilatlar, sulfanilamidlər, pirazalon törəmələri, klofibrat, monoaminoksidaza inqibatorları, antikoaqulyantlar.
Sulfanil sidik cövhəri preparatlarının tə’yininə əks göstəriş: 1-ci tip şəkərli diabet, ikincili (pankreatik) şəkərli diabet, hamiləlik və laktasiya, iri cərrahi əməliyyatlar, travmalar, ağır infeksiyalar, bu preparatlara allergiyalar və ağır hipoqlekimiya riskinin olmasıdır.

Qeyri sulfanil sidik cövhəri sekretoqoqları və ya qlinitlər yeni peroral şəkər aşağı salan preparatlar olub, bunlar da insulin sekresiyasını stimullaşdırır. Bunlara aşağıdakı preparatlar aiddir:
Repaqlinid (Novonorm)
Nateqlinid (Starliks)

Bunların əsas üstünlüyü bundadır ki, tə’siri çox tez başlayır və yeməkdən sonraki hiperqlikimiyanı (postprandial hiperqlikimiya) çox effektiv nizamlamağa imkan verir. Qeyd etmək lazımdir ki, insulin sekresiyasının 1-ci fazası, yəni yeməyin ilk dəqiqələrindən insulinin sekresiyası və normal miqdarı 2-ci tip şəkərli diabetdə tamamilə yox olur. Bu isə yeməyin ilk anlarında hiperqlikemiyanın əmələ gəlməsinə və yeməkdən sonra birinci dəqiqə və saatlarda yüksək hiperqlikemiyaya gətirib çıxarır. Qlinitlər isə bir başa bu çatışmamazlığı aradan gotürür və yeməyin ilk dəqiqələrindən insulin sekresiyasını tə’min edir və postprandial hiperqlikemiyanın qarşısını alır. Bundan başqa bu preparatları yaşlı və qoca adamlarda istifadə etmək məqsədə uyğundur. Bu preparatlar bilavasitə hər qidalanmadan əvvəl qəbul olunur.

Biquanitlər – metformin (Siafor). Bu qrup preparatlardan hal-hazırda yalnız metformin istifadə olunur. Yuxarıda göstərilən preparatlardan fərqli olaraq Biquanitlər insulin sekresiyasını gücləndirmir. Onlar yalnız qanda kifayət qədər insulin olduqda öz tə’sirini göstərir. Biquanitlər insulinin tə’sirini, insulin rezistentliyi azaldaraq pereferik toxumalarda gücləndirir. Biquanitlər qlükozanın əzələlər və piy toxumaları tərəfindən mənimsənilməsini, insulinin reseptorla əlaqəsini gücləndirməklə və Qlut 4 aktivliyini yüksəltməklə artırır. Onlar qara ciyər tərəfindən qlükoza hasilini, bağırsaqlardan qlükozanın sorulmasını azaldır, qlükozanın utilizasiyasını gücləndirir, iştahı aşağı salır. Metforminin tə’yininə əks göstərişlər aşağıdakılardır:
Qara ciyər funksiyasının pozulması, istənilən etiologiyalı hipoksiya halları (ürək-damar çatışmamazlığı, ağ ciyərlərin xəstəliyi, anemiya, infeksion xəstəliklər), şəkərli diabetin kəskin ağırlaşmaları, alkoqoldan sui istifadə və anamnezdə laktat asidoz.
Tiazolidindionlar. Bunlar prinsipcə yeni qrup preparatlar olub, 90-ci illərin axırlarında tətbiq olunmağa başlamışdır. Bunların əsas tə'sir mexanizmi insulinrezistentliyi aradan götürməkdir ki, Metforminə nisbətən bu preparatlar insulinrezistentliyi əzələ və piy toxumasında daha yüksək səviyyədə aradan götürür. Bu preparatlardan hal hazırda aşağıdakıları göstərmək olar:
Roziqlitazon (Avandiya)
Pioqlitazon (Aktoz, Pioqlit)

Insulinterapiya. Uzun müddət xəstə olan pasiyentlərdə çox vaxt şəkəri aşaği salan peroral həblərə ikincili rezistentlik inkişaf edir. 2-ci tip şəkərli diabetin baslanğıcında 2-3% xəstələrə insulin lazım olur, 10-15 ildən sonra isə pasientlərin yarısını həblərlə müalicə etmək effektiv olmur və insulinterapiyaya göstərişlər yaranır. Hər il 10-15% 2-ci tip şəkərli diabetli xəstələr insulinlə müalicəyə keçirlər.
2-ci tip şəkərli diabetdə insulinlə müalicəyə göstərişlər aşağıdakılardır: insulinə müvəqqəti tələbatın artması, insulin sekresiyasının kəskin azalması, hiperqlikimiya başqa terapiya formalarına cavab vermədikdə.
2-ci tip şəkərli diabetdə insulinterapiya müvəqqəti və həmişəlik ola bilər. Müvəqqəti insulinterapiya stress, kəskin xəstəliklər, cərrahi müdaxilə, kəskin infeksiyalar, insult, miokard infarktı, hamiləlik və laktasiya zamanı tə’yin olunur. Daimi insulinterapiya şəkərli diabetin gecikmiş autoimmun səbəbindən və şəkəri aşağı salan həblərə ikincili rezistentlikdə tə’yin olunur.
Şəkəri aşağı salan həblərə təkrar rezistentliyin səbəbi betta -hüceyrələrin miqdarının azalması ilə və/və ya insulinrezistentliyin artmasıdır. 2-ci tip şəkərli diabetdə insulinterapiyanın əlavə tə’sirlərindən bədən çəkisinin artmasını, mayenin və natrinin bədəndə yığılmasını, hipoqlikimiya riskini göstərmək olar. Insulinterapiya müxtəlif cür tətbiq oluna bilər: yuxudan qabaq uzun müddətli insulin inyeksiyası və dietaterapiya ilə gündüz həblərin qəbulu, qısa və uzun müddətli tə’sir edən insulinin səhər yeməyindən və şam yeməyindən əvvəl inyeksiyası, insulin və həblərin kombinasiya olunmuş istifadəsi və gənc adamlarda intensiv insulinterapiya.
Intensiv insulinterapiya dedikdə uzun müddətli insulinin iki dəfə inyeksiyası (adətən səhər yeməyindən və yuxudan qabaq) və qısa müddətli insulinin hər qida qəbulundan sonra inyeksiyası nəzərdə tutulur. Xəstəliyi kompensasiya etmək, normal qlikemiyanı tə’min etmək üçün xəstənin ozünə nəzarəti və öyrədilməsi əsas şərtdir.
Ən mürəkkəb məsələ insulinlə müalicəni nə vaxt başlamağın lazım olduğunu bilməkdir. Hər bir konkret halda bu məsələni individual olaraq, göstərişləri və əks göstərişləri, terapiyanın məqsədlərini təhlil etməklə həll etmək lazımdır. Xəstəliyin davamlı kompensassiyasına nail olmaq və onu saxlamaq, xəstəliyin xroniki ağırlaşmalarının profilaktikası və vaxtında müalicəsi əsas şərtdir. Diabetaloqiyanın inkişafı imkan veriri ki, 2-ci tip şəkərli diabetdə yüksək metabolik kontrol tə’min edilsin. Belə ki, həkimlərin arsenalında müasir şəkəri aşağı salan həblər və insulin preparatları, onları yeritmək üçün vasitələr və pasiyentlərin öyrədilmə sistemi vardır. Bütün bunlar klinik praktikada imkan verir ki, xəstələr yüksək həyat keyfiyyəti ilə təmin olunsunlar və xəstəliyin xroniki ağırlaşmalarının inkişafının qarşısı alınsın.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article 1-ci tip şəkərli diabetin insulin müalicəsi.
1-ci tip şəkərli diabet...

(Səs verilməyib)  10-2-2007    Baxılıb: 147   
article Diabetin dieta ilə müalicəsi.
Diabetli xəstənin pəhrizi...

(Səs verilməyib)  10-2-2007    Baxılıb: 225   
article Büdcə gəlirlərinin tərkibi,quruluşu və nizamlaşdırma metodları
Müəllif: Şahin MuxtarovBazar...

  9-30-2007    Baxılıb: 297