Ey dövlətimin zəvalı oğlum!
Ey başı ağır bəlalı oğlum!
Ey məktəbu dərsin aşinası!
Ey rişteyi-elm mübtəlası!
Şad oldum o gün ki, sən doğuldun,
Min şükr elədim ki, oğlum oldun.
Derdim ki, gözəl xələf olarsan,
Bir ailəyə şərəf olarsan.
Şuğlu hunərimi yad edərsən,
Atanı, ananı şad edərsən;
Dünyadən olursa irtihalım,
Ancaq sənə tərk olur mənalım.
Bilməzdim olursan elmə şeyda,
Şuridə edər səni bu sevda.
Bəzi oxumuş rəfiqi-bədxah
Tədbirimi çaşdırıbmış, ey vah!
Uydum olara, səni oxutdum,
Səd heyf ki, əqlimi unutdum!
Kəsdin öz əlimlə öz ayağım,
Xamuş elədim mən öz çırağım.
Girəm bu xəta düşüb özümdən,
Göz nuri kimi uzaq gedirsən?
Bunca oxudun, yorul da barı,
Bir dəfə buraq bu zəhrımarı!
Pul qalmadı, baxmışam hesabə, -
Getdi qələmə, kağız, kitabə.
Juranlu kitab yüz-yüz olmaz,
Bu xərc ticarətdə düz olmaz.
Dəftərsə beş-altı cild bəsdir,
Ey naxələfim, bu nə həvəsdir?!
Çernil, qrafil, pero, qarandaş -
Icad edəni olaydı şil, kaş!
Insaf eləməzmisən ki, yandım,
Puli nə əzab ilə qazandım!
Bihudə işə nə xərc edirsən,
Bu könlümü hərcü mərc edirsən!
Xərcin tükənib kəsilmir ardı,
Billah, dəxi pullarım qurtardı!
Xacə əridi, üzüldü canın,
Soldu gül üzün, qaraldı qanın;
Vazeh bu ki, xəstədir məzacın,
Ya rəb, kim edər sənin əlacın?!
Nə var yeyib-içməyin, nə xabın,
Təhsilədir ancaq irtikabın.
Nə seyru səfanı xoşlayırsan,
Nə dərsu kitabı boşlayırsan.
Mırt-mırt oxuyub mırıldayırsan,
Qarğa kimi hey qırıldayırsan!
Əyyami-bəharu güldür, oğlum!
Qoyma məni qəmdə, güldür, oğlum!
Həmsinlərin səfadə, bağda,
Həməsrlərin çəməndə, dağda.
Bəzisi gəzib də kiştzarı,
Quş eldə gözətləyir şikarı;
Bəziləri bir tərəfdə xəlvət,
Adətcə edərlər eyşu işrət;
Bəzisi olub qumarə məşğul,
Bəzisi şərabə, yarə məşğul.
Hər bir nəfəri bir işde çalak,
Hər digəri bir əməldə bibak.
Hər gün əbəvəyni şad edirlər,
Hörmətlərin izdiyad edirlər.
Xoş ol əbəvəynə kim, bu minval
Hər daim olur cahanda xoşhal!..