Şair öldürüldü, şair vuruldu,
O namus aşiqi düşərək şərə,
Sinəsində qurşun, intiqam odu
Qürurlu başını endirdi yerə.
Dözmədi şairin, dözmədi qəlbi
Ufaq təhqirlərin incikliyinə.
Öldü, zidd gedərək əvvəlki kibi
Kübar aləminin hər bir rəyinə.
Öldürüldü, artıq hədər əməkdir,
Bu təriflər xoru, bu hönkürtülər.
Bəraət fikri də nəyə gərəkdir?
Artıq öz hökmünü vermişdir qədər
Onun ötkün, azad istedadını
Siz deyilmidiniz acıqla güdən
Siz deyilmidiniz gizli yanğını
Bir zövq alardınız körükləməkdən.
Qoy olsun, sevinin, gülün bir daha!
Dözülməz iztirab onu apardı.
Söndü çıraq kibi böyük bir dəha,
Ehtişam çələngi soldu, sarardı.
Soyuqqanlılıqla qatil yamanca
Vurdu zərbəsini. Qurtuluş yoxdur.
Əlində əsməyir onun tapanca.
Duyğusuz bir ürək müntəzəm vurur.
O, nə qəribdir ki, bizə uzaqdan
- Uğursuz taleyin hökmü var kimi
Bir az qapsın deyə səadət, nişan
Atılmış yüzlərcə qaçqınlar kimi.
Ona yabançıydı bizim bu torpaq.
Edib adətinə, dilinə nifrət,
O bizim tərəfə vermədi fürsət,
Əlini qaldırıb bu qanlı çağda,
Kimə qıydığını bilmədi ancaq.
Şair öldürüldü, kömüldü artıq,
Tərənnüm etdiyi haman qısqanclıq
Qurbanı, mehriban nəğməkar kimi.
O nəzərdən uzaq, bəstəkar kimi.
Özü də tərk edib getdi cahanı
Amansız bir əlin oldu qurbanı.
Şairin lətafətli, sakit havalı
Dostlar dünyasından düşüb aralı.
Dünyaya sığmayan, azad, atəşin,
Ehtirasla dolu o ürək neçin
Kübar aləminə meylini verdi,
O boğuq, o paxıl mühitə girdi?
O ki, insanları gənclik çağından
Yaxşı tanıyırdı, yaxşı bilirdi.
Fitnələr çıxaran, hiylələr quran,
İftiraçılara neçin əl verdi?
Neçin o hər sözə uydu boş yerə,
İnandı yalançı nəvazişlərə?
Əvvəlki çələngi alıb başından,
Qoydular başına küyəmdən çələng.
Lakin saf alnına batırdı hər an
Gizli tikanlarla hörülən çələng.
Zəhərləndi onun axır çağları,
Gülünc ümidlərin minlərcə hiylə
Doğuran, fitnəkar pıçıltısiyə,
Hədər ümidlərin gizli dağları
Çəkilməz arları ucundan o da
İntiqam deyərək atıldı oda.
Füsunkar nəğməli çəkildi gerçək,
Bir də o nəğmələr səslənməyəcək.
Nəğməkarın yeri qəmlidir, dardır,
Dodaqlarında da bir damğa vardır.
Siz ey həyatında föhşə dadanmış,
Məşhur rəzalətlə şöhrət qazanmış
Xain atalardan nişan xələflər!
Taleyin qurduğu əyləncələrə,
İncik nəsilləri, işgəncələrlə
Qul kimi tapdayıb aşan xələflər!
Ey taxt ətrafında üşüşən yığın,
Şərəfin, dəhanın və azadlığın
Qəddar cəlladları enin, enin siz!
Qanun arxasında pərdələnin siz!
Sussuz qarşınızda qanun, ədalət,
Sussun qarşınızda bu qara dəhşət.
Fəqət ey rəngbərəng əxlaqsızlığın
Qarşısında gedən şərəfsiz yığın,
Bilin ki, tanrının məhkəməsi var,
O dəhşətli hakim sizi qarşılar.
Altun cingiltisi uzaqdır ondan,
O hər fikri, işi əvvəldən bilir.
Yapdığınız işə sizin o zaman
Nifrət yağdırmanız hədər bir işdir,
O sizə bir kömək etməyəcəkdir.
Şairin günahsız qanını hey siz,
Qara qanınızla yusanız, getməyəcəkdir.
Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.