Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər (1928-1930) .: HÖRMƏTLİ QƏZETİMİZ

HÖRMƏTLİ QƏZETİMİZ

Yadımdadır bu gün belə,

Bir bəxtiyar sevinc ilə

Könlümün ilk bəstəsini,

Ruhumun nəşidəsini

Oxuduğum əziz günlər.

Mənə açdın qoynunda yer,

Çılpaq, yetim duyğularım,

Ümidlərim, arzularım,

Sığındılar dərgahına,

Atıldılar pənahına.

Titrəyirkən, üşüyürkən,

Çırpınaraq tövşüyürkən

Gəncliyimin geniş qəlbi,

Bir şəfqətli ana kibi

İşıq verdin gözlərimə,

Qüvvət saçdın dizlərimə.

Uçmağa yoxkən uyarı

Şeirimin süs qanadları

Yalnız səndən qüvvət aldı.

Aman könül! O nə haldı?!

İlk nəşidəm çıxan zaman,

Mən bir çocuq kimi haman

Ətrafa salmışdım nəzər.

Ah o günlər, ah o günlər!...

Deyil mənə, ona, buna,

Mənim kimi bir çoxuna

Qüvvət verib, həycan verib,

Sarsılmayan bir can verib.

Uzun zaman cəmiyyətin

Ən çıxılmaz və ən çətin

Yollarına rəhbər oldun,

Fikrimizə mehvər oldun...

Bizə etdin böyük xidmət,

Bizdən sənə min bir hörmət!

 ___________________________
Bu şeiri M.Müşfiq ilk qələm məhsullarının ən çox nəşr olunduğu “Gənc işçi” qəzetinin onillliyi münasibətilə yazmışdır.

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?