Anam Mişkinaz Cavid 1945-ci ildə Hüseyn Cavidin əlimizdə olmayan “Telli saz” pyesinin məzmununu mənə diktə etmişdi. İndi mən onu oxuculara olduğu kimi təqdim edirəm.
İştirak edənlər:
Qurban — Məcnunşah — xalça fabrikininin işçisi.
Lalə — onun arvadı — xalça fabrikinin işçisi.
Qumral — onların qızları, Bakıda konservatoriya bitirmiş.
Baxşı — Lalənin qardaşı — xalça fabrikinin işçisi.
Fərman — Baxşının oğlu, elektrik mühəndisi, ali təhsilini Bakıda almış. Qumralın nişanlısı.
Münşizadə — maarif naziri.
Böyükağa — xalça fabrikinin sahibi.
Balacaxanım — onun arvadı.
Püstə — onların xidmətçisi.
Şəppərəxatun — ümumxana sahibəsi və başqaları.
... Hadisə Təbrizdə baş verir. Xalça fabrikinin sahibi Böyükağa fabrikdə fəhlə işləyən Qurbanın arvadı Laləni ələ gətirmək istəyir. Lakin o, buna nail ola bilməyir. Laləni müdafiə edən Qurbanı Böyükağanın adamları bərk döyür, başına ağır zərbələr endirirlər. Qurban çox pis vəziyyətdə ordan baş götürüb qaçır. Bütün bunlardan sonra Lalə qızı Qumral ilə, qardaşı Baxşı da oğlu Fərmanla birlikdə Bakıya gəlirlər.
Lalə Bakıda tikiş fabrikində işləməyə başlayır. Uşaqlar da burda təhsil alırlar. Qumral konservatoriyanı bitirərək musiqiçi, Fərman isə elektrik mühəndisi ixtisası alırlar.
Bakıya gələn Təbrizin maarif naziri Münşizadə Baxşı ilə görüşüb, Təbrizdə mütəxəssislərə böyük ehtiyac olduğunu söyləyərək, Qumral ilə Fərmanı orda işləməyə dəvət edir. Hər iki gənc vətənləri Cənubi Azərbaycanda çalışmaq təklifini böyük həvəslə qəbul edirlər.
Qumral Təbrizə gələndən sonra həm məktəbdə, həm də Böyükağanın arvadı Balacaxanıma evdə dərs verir. Böyükağa tərbiyəli, ağıllı, gözəl Qumrala “aşiq” olur, nə yol ilə olursa-olsun, onu ələ gətirmək istəyir. Ona bahalı brilyant bilərzik bağışlayır. Qumral isə qaşların “ləkəli” olduğunu söyləyərək rədd edir. Böyükağa, Qumrala nail olmaq məqsədilə Fərmanı həbs etdirir.
Məcnunşah adını qazanmış Qurban qızı Qumralı tanıyır. Onu, kənardan hər addımını izləyərək qoruyur. Böyükağagilə dərs verməyə gedəndə də, onu həmişə kənardan müşayiət edir.
Qumralı ərinə qısqanan Balacaxanım, qulluqçusu Püstənin vasitəsilə onu aldadaraq, guya Böyükağanın həbs etdirdiyi Fərmanı azad etmək üçün adam görmək məqsədilə Şəppərəxatunun ymumxanasına apartdırır. Burda Qumral... bir neçəsini nifrətlə rədd edir.
Həmişə Qumralı izləyən Məcnunşah nəhayət onun burda olduğunu öyrənə bilir və Münşizadəyə xəbər verir. Münşizadənin vasitəsilə Qumral burdan azad olur.
Lalə ilə Baxşı vətənlərini və uşaqlarını görmək məqsədilə Təbrizə gəlirlər. Lalənin gəlişilə hər şey açılır. Qurban — Məcnunşah qəzəblənib Böyükağanı bölüb öldürür.
Lalə Qumrala Məcnunşahın onun atası olduğunu bildirir. Ailə yenidən birləşir.
“Telli saz” əsərindən əlimizdə qalan üç şer parçasına görə qardaşım Ərtoğrol Cavidə minnətdarıq. O, adətən xoşladığı şer parçalarını özünəməxsus dəftərinə köçürərdi. Xoşbəxtlikdən həmin dəftərlərdən biri, 1933-cü ilə məxsus olanı bu gün əlimizdədir. Mən həmin şerləri oxuculara təqdim edirəm.
I
Könül vuruldu o şuxun mənəkşə gözlərinə,
O nə halət, o nədir işvə əda?
Mən uymadım bu diyarın hər incə dilbərinə,
Sanma oxşar xəyalı hər sevda.
İpəkli bir gecə məhtaba qarşı yıldızlar,
Heç unutmam, solub-sararmışdı.
Çiçəklərin arasından gülümsəyən qızlar,
Sevdiyim pənbə nuru sarmışdı.
Süzüldü keçdi o bayğın, o möhtəris gözlər,
Çox yaxından gülümsəyirdi mana.
Gülümsədikcə o, sandım gülümsəyir hər yer,
Mən də uydum o nəşə yavrusuna.
II
Bir gövərçin uçdu qondu,
Qara çalı budağına.
Halı mənə çox toxundu,
Gəldim onun sorağına.
Könül xain ovçulardan,
Hər gün yeni bəla gözlər.
Məni yalnız ağlar qoyan,
Ala gözlər, ala gözlər.
Altun qəfəs cənnət olsa,
Qırmalıdır tellərini.
Cəllad yüz min tövbə qılsa,
Kəsməlidir əllərini.
Duydunuzmu, parlaq günəş
Ürküb qaçar yarasadan?
Bilməz ki, yox məndə atəş,
Sönüb getdim parlamadan.
III
Hardasan, telli qız, kimdir ənisin?
İzlər hər addımda fəlakət səni.
Gəl, üzünü xain gözlər öpməsin,
Yaxar həsrət məni, xəyanət səni.
Keçdiyim yox əsla bu viranədən,
Ala gözlərinə uyub gəldim mən.
Könlümü dinləsən, mənimlə getsən,
Üzməz qucağında səfalət səni.
Təxminən 1931/32-ci il mövsümündə Bakı Türk İşçi Teatrında tamaşaya qoyulması nəzərdə tutulan “Telli saz” tamaşasında Məcnunşah rolunu ifa etmək üçün opera teatrında çalışan Azərbaycan SSR xalq artisti H.Q. Sarabski dəvət olunubmuş. Müəyyən səbəblərə görə baş tutmayan bu tamaşada oynayacağı Məcnunşah rolunu aktyor çox böyük həvəslə məşq edir və deyirmiş ki, bu mənim yaradıcılığımda tamamilə yeni bir obraz olacaqdır. Mən çalışacağam ki, qayğılı insan taleyinin rəmzi olan Məcnunşahın obrazını tamaşaçılara olduğu kimi göstərə bilim.