Libretto
BİRİNCİ PƏRDƏ
Tiflisdə.
Dəli Knyaz (əksinqilabçı). Öz dayısı Solomon ilə balkonda eyşü işrətə məşğuldur. Dayısı kənd katibinin oğlu imiş. Özü də liberal düşüncəli bir ziyalıdır. Knyazın gənc qadını gözəl Jasmen gələr, onları salamlar və söhbətdə iştirak edər. Knyaz Jasmenin tərcümeyi-halını söylər. O, qız ikən Batum tərəflərində bir köylü erməni müəllim qızı imiş. Knyaz o tərəflərə öz mülkünə baxmağa gedərkən onu almış (bu ikinci arvadıdır). Əvvəlki ölən arvadından Lena adlı bir qızı var. 15 yaşındadır... iyirmi yaşında Anton isə Knyazın evində xidmət edən anası Marqonu görməyə gəlmiş. Antonun ölən babası da Knyazın bağbanı imiş. Anton kommunist və mühəndis-texnikdir. O daima Knyaza zidd gedər.
Məclisin ortasında bağlarını dolu vurmuş bir köylü, rütubət zirzəmilərdə yatan və tütün fabrikasında çalışıb xəstələnən beş-altı işçi gəlir. Yaşadıqları podvalların rütubətli olduğundan və maşınların azlığından bəhs edərlər və Knyaza tikanlı sözlərlə hücum edərlər. Knyaz onları təhqir edər. Anton işçiləri müdafiə edər. Nəhayət, Knyaz onları qovar və bütün ehtiyac və istəklərini rədd edər. Onlar da, Knyaz da məclisi tərk edər. Antonun anası Marqo oğluna nəsihət edər. O isə İnternasional marşını zümzümə edər, anasını dinləməz. Bu sırada dışarıdan islıq (fit) səsi eşidilir. Anton yoldaşlarının çağırdığını söyləyərək, gizli iclasa gedər.
Pərdənin əvvəlindən sonuna qədər Şakro adlı yalançı və satıcı bir sosialist də iştirak edər. Hər addımda Antonun təhqirlərinə rast gəlir.
İKİNCİ PƏRDƏ
Botanik bağında, hovuz kənarında. Tiflis.
Jasmen, Lena və Marqo bağ seyrinə çıxmışlar. Anton, onlar bir tərəfə getdikdən sonra gələr, fikirli halda qəzet oxuyur. Şakro gəlir, Antona yanaşır. Deyir ki, Tiflisdən qaç, səni tutacaqlar. Firqənizin sirrini öyrənmişlər. Anton işçiləri və yoldaşlarını buraxmayacağını və getməyəcəyini söyləyir. Onu qorxaq olduğu üçün təhqir edir.
Şakro gedər, Jasmen gəlir. Antona örtülü sözlərlə məhəbbətini söylər. Anton isə istehza ilə gülərək söylər ki, bu mümkün deyil. Mən fabrikalar, paslar içində, sən incilər, almaslar içində... Bunlar ikisi köydə ikən sevişmişlərsə də, Anton illərlə onu görməyə vaxt bulamamış, nəhayət, Knyaza getmiş. Jasmen iztirabdan qəlbim içəridə çırpınır — deyə Antonun əlini köksünə, ürəyinə qoyar, Anton əlini şiddətlə çəkər. Fəqət bu sırada Knyaz gəlir, görür və qısqanclığı artır. Anton gedər, Knyaz Jasmeni təhqir edər, Solomon gəlir. Qızıl ordunun Gürcüstana olan hücumlarını söylər. Knyaz daha çılğınlaşır. Polis və xəfiyyələr gəlir, Antonu yaxalar, qolu bağlı götürür. Anası fəryad edər, düşər, bayılır.
ÜÇÜNCÜ PƏRDƏ
Knyazın evi, süslü salon.
Ad günü, şən bir ziyafət, qonaqlar sərxoş... Gürcü rəqsləri oynayır. Qonaqların bir qismi — gənclər inqilabi marş oxuyur. Knyaz və Şakro qızar. Marqo həbs edilmiş oğlu Anton üçün qəmlər içində. Knyaz Antonun anasını təhqir edər, o da qədəhlər dolu padnosu yerə çırpar, Knyazı təhqir edib çıxar. Bir ziyalı qonaq gəlir, arvadını aparır və Knyaza deyir ki, bolşeviklər Tiflis ətrafını sarmış, inqilabçılar coşmaqda, ətrafda top səsi eşidilməkdədir. Bir az sonra Anton saqqalı olaraq gəlir, anasını soruşur və həbsxanadakıların xilas olduğunu söylər. Və istehza ilə Knyaza: artıq sizin dövran bitdi - deyər. Höcətləşib sözləşərlər. Knyaz onu yaralar, düşər. Tiflisin alındığı top səslərilə bilinir. Qonaqlar qaçışar. Knyaz da Avropaya qaçar.
DÖRDÜNCÜ PƏRDƏ
Belində otel pansionunda bir salon...
Knyaz Berlində Solomonla Tiflisi xatırlar, gəzmək üçün dışarı çıxarlar.
Şakro Jasmenə elani-eşq edər və Knyazın içkidən sərsəmləşdiyini söylər. Jasmen isə onu rədd və təhqir edər. Anton Hamburq şəhərinə sənaye alətləri almaq üçün gələr. Oteldə Knyazın qızı Lenaya rast gəlir, Lena Jasmenə xəbər verir, görüşürlər. Marqonu soruşarlar. Anton, çocuqlar evinə müdirə olduğunu və Gürcüstanın başqa müvəffəqiyyətlərindən bəhs edər. Jasmen peşiman olduğunu və zor ilə Knyazın onu gətirdiyini söylər, təkrar Gürcüstana dönməyini və proletar quruluşunda çalışmaq istədiyini söylər. Anton gedər. Knyaz onu gördüyü üçün Jasmeni və qızını təhqir edər. Jasmen çıxar gedər. Qızı Lena Knyaza xəbər verir ki, Şakro bütün var-yoxumuzu aparmış. Sandıqları sındırıb, pul, cəvahirat varsa əldən çıxmışdır. Knyaz büsbütün şaşırır və buradan dəliliyin müqəddəməsi başlanır.
BEŞİNCİ PƏRDƏ
Berlində kafe-restoran. Knyazın dayısı Solomon - müdir.
Bu səhnədə keçən Cahan müharibəsindən bir qolunu itirmiş zabit də bulunur. Qardaşı cahan hərbində öldüyündən bəhs edər. Və qardaşı qızı müsyölərlə rəqs edərkən onu pis yola dəvət edərlər. Nifrətlə məclisdən çıxar, gedərlər. Şura ölkələrindən qaçmış qraf, fabrikant qız və qadınları restoran xidmətçisi vəzifəsində...
Knyaz dəli qiyafəsində gəlir. Özünün və bunların keçmişindən sərsəmcə sözlərlə bəhs edər. Solomon Knyazın içəri odaya getdiyini görüb qapını qapar. Qadın və erkək müştərilər gələr. Solomon özü gah qəzet oxur, gah kiçik xidmətlər edər. Hamburqdan dönmüş Anton da gəlir. Solomon ona külqabı gətirərkən tanır, qonuşurlar. Knyazın halını təsvir edər. Jasmen Gürcüstana qaçmaq üçün Antonla bölüşmüş... Bir az sonra oraya gələcəyini Antona söylər və dalınca gedər. Müştərilər çarlston rəqsilə məşğul olur. Knyazın qızı Lena rəqqasəlik vəzifəsi ifa edər və iki lirik parça ilə Gürcüstana aid şərqilər oxur. Knyaz yenə çıxar. Dəli sözü ilə coşar. Müştərilər dağılır. Dışarıda Rot-front marşı eşidilir. Knyaz onları əksinqilabçı ordu zənn edər, coşar, gülər, ağlar, yardım istər. Silah çəkib, hərbə hazır olduğunu söylər. Nəhayət, bizimkilər basıldı — deyə, özünü vurub ölər.
Qeyd: Əsər mənzumdur. Lazım gəlsə, təbii, bəzi yerlərinə xorlar əlavə edilir. Və son pərdədə rəqs bitmək üzrə ikən bugünky Berlinin işsiz işçiləri də gələr. Və burjuaziyanın rəqslərinə qarşı etirazlar, aclıq marşları və kinli çıxışlarla etiraz edərlər. Bu xüsusda rejissor və bəstəkarın tövsiyələrini dinləmək lazım gələcəkdir.