1
30 mayıs, 1916
Əziz! Məktubunu aldım, təşəkkür edirəm. Keçmiş günlərdə, qəzetlərdə bir xəbər var idi: “Bakı ətrafındakı köylərin birisində, bir çocuq oynayarkən, elektrik qüvvəsi daşıyan bir dirəyə dırmaşıb çıxar. Fəqət bir-iki dəqiqə keçməz, bir ana çocuğunu qucağında necə atıb-tutarsa, elektrik telləri də zavallı çocuğu öyləcə atıb-tutmağa başlar. Seyr edən kiçik arxadaşları, onun havada teldən-telə atılıb böylə mahiranə rəqs etməsini görüncə, qəhqəhə ilə gülməyə başlarlar. Fəqət o halda çocuğun yanmış vücudu yerə düşüncə, hər kəs böyük bir heyrət içində qalır.”
İştə, məktubunu oxurkən, məzkur çocuğu xatırladım. Elektrik telləri onu necə havada rəqs etdirmişsə, sənin məktubun da son dərəcə gevşəklik və durğunluq keçirən ruhumu öyləcə rəqs etdirməyə başladı. Fəqət bir fərq var ki, elektrik telləri diri və şətarətli çocuğu yandırıb məhv etmiş, sənin məktubun isə ölü və yorğun könlümü diriltdi, fərəhləndirdi.
Məktubunda deyirsən ki, ümidvaram, köhnə dostluğumuz, yaxınlığımız yadından çıxmayıb, yoxsa bu məktubu yazmağa və səni narahat etməyə cürət eləməzdim.
Əvət, dünyada bir çox Əzizlərə təsadüf etmək mümkün olsaydı, bəlkə tez unudulardın, fəqət, əfsus ki, təsadüf edilməyir. “Məktub yazıb məni narahat etmək cürətinə” gəlincə, sənə qızmamaq, darılmamaq mümkün deyil... Çünki bu kəlmələrdə bir qədər rəsmiləşirsən.
Əziz! Məktubunu Rzaya da oxudum. Bəzi təbirlərin bizi çox güldürdü. O da mənim qədər sevindi, mənim qədər elektrikləndi. Yenə Rzanın təbiətindən bəhs etmişsən. Sənə, mənə qarşı olmasa da, inan, başqalarına qarşı haqsız deyil... Gözəl və müəttər bir gül tikansız olmadığı kimi, fəzilətli, müstəid bir insan da qüsursuz olamaz. Fəqət bu qüsur, məncə, sənətkaranə bir rəsmin ətrafında gözə çarpan ləkələr qədər təbii görülə bilir.
Deyəsən, çox uzun getdim, ancaq burasını bilməlisən ki, ya mən, ya Rza, hər nə zaman səmimi və ruhani bir söhbətdə bulunmuşsaq, o söhbət Əzizsiz keçməmiş, keçəməmiş və keçəməz də... Ehtimal ki, bu sözümü cunbuliment (kompliment) hesab edərsən. Xeyr, doğrusu da budur. İstərsən, qəlbinə sor, o sənə söylər.
Atanı təqdis edirsən - “böyük ruhlu qoca...” - deyə, ən səmimi hissiyyat ilə ona qarşı hörmət bəslədiyini söyləyirsən. Haqsız deyilsən, əzizim, çünki o, düşündüyündən daha böyük, daha alicənabdır. Hətta yalnız sən deyil, mən və mənim kimi Naxçıvan mühitində yetişmiş gənclər həp ona qarşı mənəviyyatca mədyuni-şükran olmalıdır, iştə bu qədər...
Evlənmək məsələsinə gəlincə: fəna şey deyil... Şübhəsiz, kəskin bir mühakimə və səmimi bir hiss ilə birləşən iki könül daima məsuddur. İmdi bir az da özümdən yazım:
“Şeyx Sənan”ı vaxtsız nəşr etdim. Daha münasib vaxta buraxmalıydım, çünki o, nəşr edildiyi günlərdə siyasət aləmi həyəcanlı dəqiqələr keçirirdi. Xalq da, təbii, bütün ruhuyla müharibəni təqib edirdi. Zatən, bu bir qanundur: siyasət rol oynarkən, ədəbiyyat susar. Təbii, susmalıdır da...
Əgərçi məşhur ədiblər və tənqidçilərimiz tərəfindən bir çox təqdirlər eşidildi, sükut ilə keçmədi, fəqət mən çox arzu edərdim ki, yalnız təqdir ilə qalmasın, qüsurları da göstərilsin. Şübhəsiz, “İstiqbal” er-gec onu da yapar.
Keçən sentyabrdan bəri heç bir iş gördüyüm yox, yalnız dərslər ilə məşğul olurdum. Lakin bir ay var ki, mənsur olaraq “Şeyda” adlı bir faciə, sadə bir şey yazmağa başladım. Yazın narahat olmazsam, bəlkə yazıb bitirərəm.
Bədənim qüvvətcə fəna deyil, fəqət ciyərimdəki xəstəlik keçən ilə nisbətlə yarıya enmiş kimidir. Baxalım, sonu nə olar. Yazın, hər halda, tədavi etməliyəm. İştə onun üçün də, əfsus, çox əfsus ki, Naxçıvana gələmiyəcəyəm. Sənin və Məşədinin o ruhaşina söhbətlərindən uzaq olacağam. Ehtimal ki, Rza da gəlməz. Özü sənə kağız yazar.
Pədəri-möhtərəminə, validən həmşirə xanıma səmimi ərzi-ehtiram... Həmsöhbətin olan arxadaşlara məxsusi səlam... Səni və Cavadı dərin bir səmimiyyətlə öpər, əllərinizi sıxar, allaha ismarlaram, qardaşım!..
Qardaşın Hüseyn Cavid
Məktub yazmaqda son dərəcə tənbəl olduğumdan Məşədiyə qarşı çox məhcubam. Qısa, qırıq, mənasız bir məktub yazmağı çox mənasız buluram. Onun üçün də imdiyə qədər bir şey yazdığım yox. Hər halda onun ruhu böyükdür, qəlbi genişdir. Təbii, əfv edər, məzur görər. Məndən ona təkrar salam...
Hüseyn.
Adres: Bakı. “Açıq söz” idarəsi.
2
Bakı. 22 iyun, 1916.
Əziz! Keçən məktubun məni nə qədər məsrur etdisə,bu məktubun da bir o qədər məhzun və mütəəssir etdi. Sənə təsəlli vermək istəməm, çünki mənim düşündüklərimi, şübhəsiz, sən də düşünmüşsən. Ancaq qısacıq bir sözlə deyə bilərəm ki, İbrahim mühit və əqrəbaca, dost və aşnalarca çox böyük bir itkidir. Əvət, İbrahim yazıq və məzlum oldu. Məşədiyə, ata və anasına səmimi ərzi-təsliyət.
Hüseyn Cavid.
3
13 yanvar, 1917
Əzizim! Məktubunu aldım. Şahbəyim xanım tərəfindən yazılacaq məktubu yazıb idarəyə verdim. Məzkur məbləğ hənuz postadan alınmamış, şübhəsiz, alındıqda məktub ilə bərabər təb və elan edilər. Məşədinin xəstəliyi məni nə dərəcədə sıxdığını təsvir edəməm, qardaşım! Dəhşətli bir fəlakətdən qurtulduğum sırada böylə qolxunc bir xəbər məni daha ziyadə dəhşətləndirdi.
... Əziz! İlk postadan Məşədiyə dair qısaca bir məktubunu gözlərəm, saqın, unutma. Məşədiyə məxsusi ərzi-ehtiram...
Qardaşın Hüseyn Cavid.
Adres: Bakı. “Təbriz” mehmanxanası, otaq N 21.
4
Bakı, 24 yanvar, 1917
Möhtərəm Əziz! İkinci məktubunu aldım. Məşədinin müalicə edilməsindən son dərəcə məmnun və məsrur oldum.
Məzkur əlbəsə cəmiyyəti-xeyriyyəyə verilməlidir. Lakin sənin mənə göndərdiyin 410 rublənin 10 rubləsi qəzetə üçündür. Heç bir şey işarə etməmişdin, şübhəsiz, o da başınızın qarışıqlığından nəşət etmə bir hal olsa gərək. “Açıq söz” idarəsinə söylədim, idarə on rublə geri alaraq, bu günlərdə xanımın qəzetəsini göndərəcəklər. Məşədiyə və bildiklərə məxsusi ərzi-ehtiram...
Qardaşın Hüseyn Cavid.
5
4 mart, 1923
Çox möhtərəm və dəyərli qardaşım Əziz! Lütfən yazmış olduğun məktubu dün ikindi çağı möhtərəm Artaş mənə verdi, özünü bozbaş yeməyə dəvət etdimsə də, qəbul etmədi, yalnız məktubun cavabı üçün gələcəyini bildirdi. “Sənan” və “Uçurum” haqqındakı yazılarını mənə söylədilər, fəqət oxuyamadım. “Yeni fikir” bizim məktəbə martın 28-dən bəri gəlməyə başladı. Mümkün olsa, məzkur nömrələri bulub oxuram. “Uçurum” haqqında məktubən yazacaqlarını arzu edirəm.
“Şeyx Sənan”ın mənzum oynanmasını mən də arzu edərəm. Lakin keçən sənələrdə aktyorlar mənzum pyesdən qorxduqlarından hamısını nəsrə və yerli şivəyə çevirmişdim. Bu sonlarda, ehtimal ki, onu da “İblis” kimi nəzmən islah edərəm, gələcək son bahar üçün aktyorlarımıza verərəm.
“Plamya” jurnalı münasibətilə əsərlərimi istəmişdiniz. Əziz, ehtimal ki, inanmazsan, əfsus, heç birindən yoxdur. Mətbu mövcud olmadığı kimi, qeyri-mətbular da qurşun qələmilə pozulmuş, bərbad bir haldadır. Təmiz yazılmışını teatra verdiyim üçün məndə heç yox... Basılmış əsərlərimdən yalnız 25 dənəsi və hər birindən yüzə yaxın kitabçılar aldıqdan sonra səkkiz min kitabça mart 1917 hadisəsində bir saatda mətbəədə yandı. Onun üçün də deyil məndə, hətta kitabçılarda da bulunmaz. Bulunsaydı, şübhəsiz, satın alıb göndərərdim. Yalnız ümidim bir Naxçıvana gəlir. Çünki Şeyx Məhəmməddə hər birindən bir neçə nüsxə var idi. Naxçıvana yazarsınız, mövcudu qalmış olsa, şübhəsiz, göndərər. Mişkinaz və Tuquş səlamətdirlər. Sənə, anana, rəfiqənə, qardaşına ərzi-ehtiarm edirlər. Mənim halıma gəlincə, çox durğun və donuq bir haldayam. Yeni yazmış bulunduğum “Peyğəmbər”i islah edib ortaya çıxarmağa vaxtım yox... Çünki qardaşım Əlirza üç aydır ki, vodyanka xəstəliyilə yatır. Çox zəifdir. Başım bir qədər onunla məşğul, həm də fəzləcə yoruluram. Baxalım, sonu nə olur. Rzaya səlamını söylədim...
...Əziz, yenə təkrar edirəm; kitabçaları göndərmədiyimdən çox mütəəssifəm, təbii, əfv edərsən...
Qardaşın “Hüseyn Cavid”
6
16 nisan, 1923
Çox möhtərəm Əziz! Nisan 12-də yazdığın məktubu aldım. Fəqət gətirəni hənuz gördüyüm yox. İkinci məktubu gətirən məndən cavab istəmədiyindən yazmadım. Bilməm, bunu gətirən də cavab üçün gələcəkmi? Yazdığına görə, “Şeyx Sənan”ın bütününü tərcümə etməyi arzu edirlərmiş... Orasını sən bilirsən, məni rus qəzetlərində tərif edirmişsən? Çox nahaq... Bir şey ki, səni məhcub edə bilər, neçin yapırsan? Bir də, mən o qəzetlərin heç birini ziyarət edəmədim. Yalnız “Yeni fikir”də “Uçurum” haqqında yazdığını oxudum. Çox nakafi buldum. Bəzi mühüm məqalələr yazdıqda, onların basıldığı qəzet ya məcmuədən birər dənə göndərmək çətin bir iş olmasa gərək... “Uçurum” haqqında xüsusi məktubunu gözlədimsə də, şükür, bir məlumat alamadım. Üç-beş mühüm nöqtəsinə işarət etsəydin, istifadə edərdim və tikanlı nəvazişlərinə də bir az haqq vermiş olardım.
“Şeyx Sənan”ın ya bir pərdə, yaxud bütün tərcüməsinə gəlincə, əlbəttə, tək-tük zəif yerlərini buraxıb keçə də bilərsən. Lakin bunu bilməlisən ki, məsuliyyət boyunduruğunun bir ucu mənim boynumda olduğu kimi, biri də sənin boynunda olacaq. Ona görə də, diqqətli və ehtiyatlı davranmalısan. Əhəmiyyət verəcək olsan, məni də adamlar sırasında saydırmış olarsan, cızmaqara yapacaq olsan, həm özünü, həm də məni saldat bazarına göndərmiş olarsan. Sən hər halda məndən təcrübəli və məlumatlısan. Fəqət bir tərəfdən azacıq nigaranam, bəzi tərkib və təbirləri incədən-incəyə məna və ruhlarına kəsbi-nüfuz edərcəsinə təhlilə qoyulmalısan ki, ən birinci şərt də iştə budur.
Bir də rəsmimi istəmişdin. Özümdən o qədər bezaram ki, hənuz adam ağıllı bir rəsm aldırdığımı xatırlamayıram. Hətta, teatrın əlli illiyi münasibətilə istənildi, yenə rədd etdim, çünki nə həvəsim, nə də artıq pulum var idi. Lakin sənin israrına uyaraq, dün rəsmimi aldırdım və haqsız olaraq özümü zərərə salmış oldum. Və bu gün sabahleyin birini aldım, məktubunu gətirəni bəkləyirəm. Gəlsə, qulluğuna gətirər...
...Bir də, çıxan jurnaldan və bəzi qəzet nömrələrindən birər nömrə göndərsən, fəna olmaz.
...Səni öpürəm.
Qardaşın Hüseyn Cavid.
7
7 iyul, 1923
Çox möhtərəm Əziz! Bu günlərdə bir neçə kərrə türkcə “Kommunist” qəzeti idarəsindən məni çağırıb deyirlər ki, “Plamya” bizə yazmış ki, əsərlərindən bir-ikisini göndərim. Həm sən haqqi-təlif alarsan, həm də “Plamya” idarəsindəki mütərcimlər.
Ondan başqa, Bakıda bir rus şairəsi bir türk tələbə ilə kiçik mənzumələrimdən bir neçəsini, başqa şairlərinki ilə bərabər tərcümə etdiklərindən imdi əsərlərdən bəzilərini tamamilə tərcümə edib əsl müəllif haqqı da vermək istəyirlər. İmddi bu başağrısından məqsəd bu ki, “Plamya” əgər yalnız tərcümə edəcəyin yazılarda sənə haqqi-zəhmət verib də müəllifi (yəni məni) haqsız, hüqüqsuz buraxacaq olarsa, o zaman bir sətir belə yazılıb zəhmət çəkilməməsini rica eylərəm. İştə bu qədər!.. Bu xüsusda fikrini yazıb bildirməyi istərəm. Əgər zəhmət lazım gələrsə, zərər yox, mən əsərlərimdən “Kommunist” vasitəsilə “Plamya”ya göndərərəm. O da mənim hüququmu təmin etməklə bərabər, istədiyi kimi tərcümə etdirər. Baqi ərzi-ehtiram...
Hüseyn Cavid
8
Bakı. 9 fevral, 1924.
Çox möhtərəm Əziz Şərif!
Əlan postadan yeni təb edilmiş “Peyğəmbər”i zakaznoy olaraq, sənə göndərdim. Təbii, mütaliə edib, bir vaxt nöqteyi-nəzərini yazarsan. Lakin bir rica edəcəyəm. Burada oynanılmadığı kimi, ordakılara da rast gəlsəniz, oynanılmamasını tənbeh və tövsiyə edərsiniz. İmdilik mən razı olmayıram. Sonra, gələcək illərdə baxarıq...
Qardaşın Hüseyn Cavid.
9
Çox möhtərəm Əziz!
Lütfən yazdığınız uzun məktubu aldım. Təşəkkür edirəm. Ağır soyuq aldığımdan uzun cavab yazamadım. Təbii, qüsura baxmazsınız. Ümidvaram ki, eyi fürsət düşdükdə bizi unutmazsınız...
22.X.35 H. Cavid.
10
Möhtərəm Əziz! Belə dostluq olmaz. Sənə adres verdim. Bizim müqavilənamə nə oldu? Neçin düzəldib göndərmirsən? Paraya ehtiyacım olduğunu sənə söyləmədimmi? Verdiyin sözləri nə tez unutdun? Cavab gözləyirəm...
15.Xİ.35 Hüseyn Cavid.