1
8 İyul, 1913
Əzizim Məmmədəli! Cənabınızdan etdiyim xahişi, ehtimal ki, unutmamışsan. Bu bir neçə gün zərfində, şübhəsiz, rahatlanmış və oğul-uşağı yan-yön eyləmişsiniz. İyulun iyirmi-iyirmi beşinə qədər mümkün olsa, uşaqlardan birinə zəhmət verib, “Şeyx Sənan”ı yazdırıb göndərəsiniz: məni çox ziyadə məmnun etmiş olursunuz. Hüseyn Minasazov cənablarına məxsus ərzi-ehtiram...
Naxçıvan siz getdikdən sonra çox təbəddülata uğramış. İnsan hava yerinə adətən od-alov tənəffüs edir.
Baqi müntəzirəm.
Adres: Dər bələdiyi-Naxçıvan.
Hüseyn Cavid Rasizadə.
2
8 sentyabr, 1913
Möhtərəm Məmmədəli!
Lütfnamənizi aldım. İltifatınıza təşəkkür edirəm. Lakin vəd etmiş olduğunuz kitabçanın təxirindən yenə cəzaya müstəhəqsiniz. Üzür və bəhanəniz yerində isə də, tənbəlliyinizi də inkar etməmək mümkün deyil. Nə isə, canın sağ olsun. Bu gün olmasın, bir həftə sonra, bir ay sonra olsun... Tiflisə aid uzun-uzadıya yazmaq arzu edirəmsə də məktəbimizin qarma-qarışıq işləri müsaidə etməyir. Bir də tənbəllikdə mən də səndən geri qalmaram. H. Minasazov həzrətlərinə salam. Həmşirə və validə xanımlara, uşaqlara məxsus ərzi-ehtiram. Kitabçanı Paşadan istərəm.
Hüseyn Cavid.
3
28 oktyabr, 1913.
Möhtərəm Məmmədəli! Əvvələn, bayramınızı təbrik edirəm. Saniyən, sizə ismarladığım dəftərçədən bir xəbər yazmanızı rica edirəm. Nə oldu, bəradər? Bu məsələ İskəndərin zülmətdən abi-həyat bulmasını keçdi! Şübhəsiz meyliniz, fikriniz olsa, onu ələ gətirmək bir o qədər də güc bir şey deyil, zənn edirəm. Yazılışına gəlincə, bir-iki rublə ilə hər kəs yazıb sizə təqdim edər. Bəhərhal, bu dəfə cavab olaraq məktub-filan bəkləməyirəm. Yalnız dəftərdən, ağızdan, haradan olsa, məzkur dəftərçəni istərəm, əzizim. Anama, həmşirə xanıma və uşaqlara məxsusi salam.
Hüseyn Cavid.