1
Naxçıvanda cənab maarifişüarlar və fəzilətasar, qəmküsari-millət və cinisari-mədəniyyət, əfəndim Məşədi Qurbanəliağa Şərifov damə lütfəhu həzrətlərinin hüzuri-alilərinə vüsul ola. 28 rəbiül-əvvəl, Dərsadət.
Maarifpərvər əfəndim həzrətləri!
Əvvəla ümid və rica edirəm ki, ricali-hümmət və ərbabi-qeyrət hamısı səlimülməzac olub kəmali-səhhət və istiqamətdədirlər.
Və saniyən, lillahi-həmd vəlminnə, fədəvi sayeyi-mərahim-vayeyi-həzrəti-xilafətpənahidə kəmali-əmniyyət və məmnuniyyətlə seyrü səyahət və kəsbi-mərəfət edib, dürlü-dürlü istifadələr edirəm. İnşallah təala, bundan sonra bəzi əhvalatilayiqə və ittifaqiyyə lüzum peyda edərsə, müsamihə etməyib, təfsilən xidməti-aliyənizə məruz edirəm. İştə artıcaq müzahimi-ovqat olmayıb, bir parça ixtisarən şərhi-hal ünvanilə ifadeyi-məram edəlim.
Fəzilətli əfəndim! Haman gün ki, fədəvi cənabınızla xüdahafiz edib şimendifer moqifinə rəvan oldum, gömrük qabağında beş arxadaş bir faytona minib əsnayi-rahda bir zavallı bəlaya uğradıq, belə ki, fayton üzüqoylu olub bizim hamımızı altına aldı və qayət rahatsız etdi; pərişanhal və pəjmürdəəhval moqifə varıb, gözümüzdə yaman bir fənalıq müşahidə etdik. Sonra artıq zəhmətlə bilet cötürüb, şimendiferə minib, gecə saat 9-da Uluxanlı moqifinə varıb, bir qac saat orada istirahət edib, sonra Batuma yeksərə bir bilet aldım; Tiflis moqifində arxadaşlarım maraqlanıb, iki gün onlarla Tiflisdə qalmağımı xahiş etdilər. Bəndə təmərrüd etməyib, şeylərimi “xraneniyə” kantoruna ismarlayıb, faytonla “Axundov” mehmanxanasına gedib də qərar tutduq. Haman gün bir parça səyahət edib, öz odamıza övdət elədik. Yarınkı gün bir ofitserə bomba atılmasını eşidib, gözümüzdən dolayı bir parça yamanlıq müşahidə etdik.
Şimendifer biletinin vaxtının bitməsini və o biri gün dəxi artıq bir yamanlığa uğramağı məddi-nəzər edib də axşam çağı şurişli və fəna bir zamanda özüm fərdi-vəhid dışarıda Şeytanbazarı keçdikdən sonra bir nəfər müsəlman bulunmaz ikən labüd və lailac qalıb, tanrıya pənah deyib moqifə yanaşdım. İçərisinə varıb də dəxi bir müsəlman görmədim. Canım dəxi ziyadə sıxıldı, çünki hər bir tərəfdən fənalıq və darlıq görünüb də ziyanlı bir yamanlıq müşahidə olunurdu.
Qərəz, tuli-kəlamə mübtəla olmayaq. Batum şimendiferinin vaxtı yaxınlaşdıqda qəbzi nasilşikə verdim, şeylərimi yaxşı bir kupedə cəm edib, bizi rahatlandırıb getdi. Üç nəfər gürcü mənə Batuma kimi arxadaş oldu. Bir saat yarım qədər onlarla alışdıqda bəzi mətləblərdən: özlərinin məzlumiyyətindən... və Qəlyanovun zülm və şəqavətindən nəql edib, atəşparə kimi yanıb yaxılırlar idi. Sonra hamımız uyquya mail olarkən, bir-birimizdən istizan edib, gecə saat ikidə uyuduq.
Səhər sübhdən uyqudan qalxarkən, şimendifer yolunun ətrafına seyr etmək ünvanilə baxarkən, gözümüz zavallı gürcülərin yanıb yaxılmış, qarət və yəğma olmuş dam və daşlarına düşdü: çe quyəm ke, nəqoftənəm behtərəst.1
Qərəz, Batuma varid olub, bir neçə gün iqamətdən sonra “zaqraniçnı pasport” alıb, az-çox yol tədarükü mühəyya edib və bir dəst “alafranqa” əlbəsəsi və bir eyi fəs və başqa bir para şeylər cəm edib, “Paqi” adlı fransız vaporu ilə aprelin 19-da axşam Dərsəadət tərəfə azim oldum və vaporda dörd nəfər osmanlı türklərilə arxadaş olub, bir parça ömür sürürdüm, çünki əfəndilər Moskvadan gəlmiş mali-fəturə taciri və oxumuş, dünyanın imdiki əhvalü övzanından xəbərdar həriflər idi.
Ayın iyirmisində sübh vaporumuz Trabzona yanaşdı. Altı saat orada yük alacağını bilib, ufaq qayıqlara minib də bir neçə saat bəzmi-səyahət Trabzona dolaşdıq... Trabzon çox eyi və səfalı ruhpərvər və nəşətküstər bir bələdədir. Əvvəl dənizdən ufaq bir qəsəbə kimi görünürdü. Seyr edib gəzəndən sonra mülahizə etdim, böyük bir bələdə və özü də vilayət (quberniya) məhsub olunur. Naxçıvana ordan bir açıq məktub da yazıb yolladım. Altı saatdan sonra vapora övdət edib, rahat olduq. Vaporda iki nəfər dəxi arxadaş artdı. Birisi məktəbi-tibbiyyeyi-mülkiyyə mütəəllimlərindən və digəri dəxi məktəbi-tibbiyyeyi-hərbiyyə şagirdlərindən idi. Çox zəki və kamallı çocuqlar idi.
Bir-iki saat söhbətdən sonra uyuyub, sübh səhər çağı uyqudan qalxıb da özümüzü Samsuna yetişmiş gördük və orada dəxi vaporun təviq etməsini sorub bildikdən sonra qayıqlarla altı arxadaş iskələyə yanaşıb doqquz saat yeyib-içib səfalanıb, hər bir soqaq və caddələri səyahət etdik və rüşdiyyə məktəbinin həyətinə gedib, çocuqların gimnastik məşq etmələrinə tamaşa etdik və postaxana qarşısından keçdikdə bir açıq məktub dəxi Naxçıvana yazdım. Vapora övdət edib, bir sutka dəxi yol getdik. Vaporumuz üç iskələyə yanaşdı, lakin çox qalmadığından və kiçik qəsəbələr olduğundan, düşüb getmədik. Axırıncı iskələ ki, Anapoldan ibarətdir, üç saat ora yanaşıb, sonra bir bıçıq sutka — 36 saat birbaşa yol gəlib, gecə saat üç bıçıqda İstambulun boğazına daxil olduq. Elə ki sübh açıldı, tamaşa etdik. Boğaz nə Boğaz!!! Allah zaval verməsin... Cayi-həmə yaran və əzizan xali!1 Müxtəsər, üç saat gözlətmədən sonra topçu əsgərlərdən və iki nəfər kapitan təşrif gətirib, vaporu müayinə edib, sonra icazə verdilər. Bir bıçıq saat Boğazın içi ilə yol gəlib aqibət körpüyə yanaşdıq və Boğazın əvvəlindən körpüyə kimi hər bir tərəf imarət, məscid, bulvar, səyahət etməli və səfalı yerlər idi. Sərriştə əldən getməsin, qayığa minib rıxtıma çıxdıq, amma Boğazın içində silah və bir para yazıdan dolayı bizi aradılar, lakin heç bir şey bulamadılar. Haydı, yavrum, haydı, oğlum, allaha ismarladım — deyib buraxdılar. Gömrükxanaya çıxdıqda şeyləri açmağa və pasportları pişnəhad etməyə paşalar əmr verdilər. Pasportu təqdim edib, şeyləri də açıb hazır məddi-nəzərdə qoydum. Bir çert tütünə 8 quruş cəza aldılar. Ələl-icmal qaydalı və pakizə zakonlar icra edirlər, amma əfsus, on bir dənə səccadəmin görmrükləməkdə 25 quruşa kimi məndən yazıçılar rüşvət aldılar. Əhvalım yenə didərgun oldu, əfəndim.
Cümleyi-mötərizə: “Mərhəmətli əfəndim! Əgərçi fədəvi həmin səhifələri belə bir tulani yazmaqda özümə zəhmət bilməyirəm, amma sizin oxuyan vaxt bıqmağınızı, yəni təngə gəlməyinizi təsəvvür edib də, sizin fikrinizə qalıram.
Barı, sər keçidə Babi-ali caddəsinin qarşısında İzmir otelində 13 gün iqamət edib, dünkü gün Validəxanda bir oda qonuşdum da, təğyiri-məkan etdim... Səyahət etməli yerləri tədricən bir neçə günlər gəzib tamaşa etdim. Böyük məscidlər və bəzi əntiqəxanalar, tramvaylar və yeraltı maşınları və bəzi vaporlar və qeyrə və qeyrə. Qafqazdan təhsilə gəlmiş ağaları, əfəndiləri bir-bir arayıb, aqibət bir neçəsini buldum və hər iki gündən-bir bir yerdə olub, söhbət edirik. Yeddi-səkkiz nəfərə kimi Beyruta dəxi təşrif aparıblar, amma hansılar ki, azca məlumatı var, bəzi alçaq məktəblərə qəbul edirlər, bu şərtlə ki, sinni az ola. Amma onlar ki, bir parça məlumat sahibidirlər, onlar heç biri məktəblərə qəbul olunmaq istəməyirlər, fəqət qabil ədiblər və fazil zəkilər indidə qeyri-rəsmi surətdə özlərinin maraqınca hansı bir elmə talib isələr, təhsil etməyə şüru edirlər.
Bəndə də əvvəl həvəsləndim ki, hər bir işdən sərfi-nəzər edib, fəqət təhsilə məşğul olum. Sonra mülahizə etdim ki, mənim öz zaram mənim xərcimi ancaq bir bıçıq sənə görə bilər. Ondan sonra hardan para bulacağam? Mütəhəyyir qaldım və boşladım.
İştə mənim əfkarım: mən, inşallah-təala, əgər mümkün olursa, bütün müxtəsər kampaniya ilə olan bir iş və ticarət nəzərdə qoymuşam ki, gündə altı saat vaxt itirsəm, fəqət sonra həm osmanlı üsuluca, həm də fransızca öz qonşumdan Şeyx əfəndi ki, qabil və zabitəli və övzai-rüzgara xəbərdar bir müəllim və ədibdir, gündə üç saat öz əfkarımca təhsil edim. Müxtəsər, harda olursam, oxumaqda müsamihə etməyəcəyəm. Və inşallah-təala, təhsil etməyə gəlmiş əfəndilər ilə Qafqaza övdət etdikdə eyicə məlum olunar ki, onlar nə təhsil qılıb və mən nə kəsb etmişəm.
Qərəz, baş ağrısı oldu. Mən ölüm, əfv ediniz!
İstambulun havası gözəl, Boğazının havası çox gözəl və qarşısının havası dəxi gözəl və eyicədir. Vəssəlam. Ərzi-səlam məxsusi bəxidəmati-aliyeyi-mütai Əsədağa Kəngərli, səlləməhumullah ənil-hədəsan və ümdəttüccar Kəlbəlayı Nəsrullah Şeyxov və Mirzə Nəsrullah ağa Əmirov və cənab Nəsirbəyov və Bektaşov və Şeyxov, E. Sultanov və Məhəmmədov və Məşədi Məhəmməd ağa Şərifov və hər ki, başədi zi hali-mən pürsan yek bə yekra duayi-mən bərəsan və əziz və ərcüməndim Əbdüləziz və Əbdüləzim və Əli əfəndiyə dəxi məxsusi səlamım var.
Digər, əfəndim həzrətlərindən übeydanə rica edirəm ki, məktubumun mütəəvvəl və xəttini müşəvvəş və kəlimatının mütəfərriq və hərcumərc olmasını əfv buyurub və üyubatından iğmazi-nəzər etsinlər. Əgərçi bəzi əhvalatlar da qaldı, lakin necə edəlim, vaxtda müsaidə yox. Yoxsa təfsilən yazacaq olardım... Xaki-payinizdən təvəqqe edirəm ki, cənab Şeyx əfəndiyə hər vaxt “Həblül-mətin” ruznaməsini oxuyandan sonra verəsiniz və görəndə təməddünə qarşı təşviq və təğrib edəsiniz. Əl-əqəll Hüseyn Salik Rasizadə Naxçıvani, Dərsəadətdə, Validəxanda.”
2
Naxçıvanda. Səmahətli və fəzilətli əfəndim Məşədi Qurbanəli ağa Şərifov damə iqbaləhu həzrətlərinə vüsul olacaq bir məktub. Dərsəadət.
26 şəban 1324 mütabiq 2 təşrini-əvvəl,
yaxud oktyabr 1906
Əsalətli əfəndim həzrətləri!
Ümidvaram ki, Naxçıvanın əhvali-hazirəsi rifahiyyət və əmniyyət üzrə olub, vücudi-məsudunuzun səhhət və etidal ilə bərdavamdır.
Məzərəti-məxsusə: zati-alilərinizdən bu məktubun səhvü nisyan və qələtati-təhəkkümisindən sərfi-nəzər edib, əfv buyurmağınızı rica edirəm.
Bəyani-hal və şərhi-əhval: mərhəmətli əfəndim! Əgərçi özümə dair xüsusi əhvalatımı İstambula varid olan kimi hüzuri-mərhəmət zühurunuza müfəssələn yazıb təqdim etmişdim və ondan daha şimdiyə kimi hənuz cavab da almamışam; zati-alilərinizin kəsrəti-məşğələsindən naşi imiş, yaxud nədən nəşət etmişsə, eyicə fərqinə varamayıram. Ancaq bəndəniz yenə müsamihə etməyib mücəddədən məzahimi-övqati-şərifə oluram.
Necə ki, irəlicə məruzi-xidmət olunmuşdu, İstambula varid olan kimi heç bir yerə aşina olmadığımdan, əvvəlcə İzmir otelində on, on iki gün iqamət edib, qafqazlı qardaşlarımızla buluşub tapışdıqdan sonra mükəmməl surətdə İstambulun bəzi yerlərini səyahət edib, layiqincə bir parça məlumat aldıq; amma oteldə və sair apartmanlarda olan arxadaşlarımızda bir parça bəzi sıxıntılar mülahizə edib, Validəxanda bir oda kəsrəti-məşəqqətlə icarə edib ələ gətirdim, çünki Validəxanda sakin olanlar həp əcəmlər, iranlılar olduğundan, dövlət nəzərində o qədər mötənabeh deyil, amma dışarılarda olan arxadaşların mənzillərində bir qəzetə, yaxud istiqlala dair bərəks bir söz oxuması və qonuşulması çox məmnu olub artıracaq mühalatdandır. Belə ki, müşarileyhidən heç biri istiqlal ziddinə dair bir mətləbin oxuyub yazmasına iqdam edəməyirlər və yenə də edəməzlər, amma Validəxan və qarşıki İstambulun ötə tərəfinə, yəni körpünün o biri səmtinə təsmiyə olunur “kürr və hürrdür”, bəzi quyudat və can sıxıntısından azaddır.
Validəxanda iranlılıq nöqteyi-nəzərincə və qarşıda əcnəbilər sakin olduğu cəhətə, amma hər bir ehraranə qəzetlər gətirmək əcnəbi postaları təvəssütü ilə çox qolay və çox asandır. Odur ki, şimdi qafqazlıların və qazanlıların çoxusu qarşıda və bir-ikisi də Validəxanda və civarında olur. Fəlihaza fədəvi də müəllimim Validəxana yaxın olduğundan, Validəxanı özümə məskən etdim...
Amma mədəniyyətimiz və təhsilimiz:
Rəbiüssaninin əvvəlindən bəndəniz dərs və təhsilə-şüru edib, gündə bir saat fransızca və iki saat da türk lisanında bəzi ədəbiyyat və tarixə dair elmlərdən oxuyuram və üç-dörd saat da gündə məzkur dərsləri hazırlamağa məşğul oluram. Əlhasil, başqa bir şüğl və iş yapmağa daha vaxtım olmayır. Həftədə ancaq cümə günü ki, tətil edib, istehmam və qeyri bir ləvazimatı əmələ gətirib, dörd-beş saat da arxadaşlarımız qafqazlıların məiyyətilə Boğaz içinə və bəzi hissiyyat artıran yerlərə gedib, bir növ təğyiri-hava ediriz və Validəxanda bir neçə İran tələbələrilə şərakətən “Həblül-mətin” gətirdiriz və “İrşad”da Mirzə Abdullaha gəlir. Qafqazın möhnətəngiz xəbərlərini oxuduqda pərişanhal olmağı nəzərə alıb, bəzi sıxıntıları rəf etmək üçün “Molla Nəsrəddin” əmiyə də yazdım ki, qış gecələrindən ötrü fəna deyil deyə bir müddət Rusiyanın İstambuldakı postasına yollasınlar.
Müxtəsər, tul kəlama mübtəla olmayaq. Hər dürlü xaricə qəzetələrində olan əhvalatlardan hər gün məlumat alırız və cümə günlərində də bəzi qiraətxanalarda, gah-gah da Kütübxaneyi-Ümumiyi-Osmanidə bir neçə saat əylənib, əhvali-daxiliyyəni layiqincə mülahizə ediriz. Əlhasil, bekar və asudə bir vaxt bulamayıram ki, həm zati-alilərinizə, həm də əhbabdan bəzisinə bər səbili-ixtisas və iradət ərizənigar olub, lüzumunca izhari-həyat edəyim. Ümidvaram ki, hansı elm təhsilini başqa bir məhəbbət və məvəddətə tərcih verib, daimi məfüvv buyuralar. Miriş ağa deyir ki: “Söz çox, vaxt yox”. Nə yapalım?. Naxçıvanda təhsil edib, məktəbdən qurtarandan sonra müddətlərcə fövt etdiyim fürsətlərin və vaxtların təlafiyi-mafatına burada çalışmalıyam. “Mala yədriku vəla yetirik külləhu.”1 Məzmununca mümkün olduğu qədər bəzi əvalimi dərk edib anlamağa və lüzumunca aşina olmağa məcburam; keçdi cəhalət zamanı... Gəldi hürriyyət zamanı...
Bahəmeyi in bu müddətləri fövt etməyimə yenə bais gözlərimin bir parça zəif olmasıydı ki, əlhəmd, İstambula yetişən kimi “Ziya əfəndi ki, Almaniyanın göz doktorluğunun məktəbini ən birinci imtiyaz ilə bitirmiş diplomantlarındandır” yanına gedib, gözümü göstərdim. Bir dava və ilac verib, sonra bir gözlük nömrəsi yazdı ki, arayıb İstambulda bulamadım. Parisə yollayıb on dörd gündən sonra aldım. İmdi onun vasitəsilə bu səadətə müvəffəq oldum. Əgərçi bu xüsusda üç lirə məsrəf qoydum, amma şükür, gecə-gündüz təhsili-elmə lap yaxşı davam edə bilirəm...
...Boğaz içinin havası çox lətif olduğundan, Qara dənizə qarışana kimi həp gözəl-gözəl köylər və seyfiyyələr təmin etmişlər və altmışa qədər şirkət vaporu, amma ufaq vaporlar ki, ancaq 500 adama havi ola bilir, məhəllə vaporu ismilə və ucuz fiyatla minikləri buraya-oraya daşımaqdadırlar, keçən gün “İqdam”da oxudum ki, yenə iki böyük və çox iti yol gedən vaporlar gəlmiş, biri “Tiri-müjgan” və digəri “Feyzi-aləm” ismində ki, Bəhri-Səfiddə qollanmalıdırlar. İstambulda var dörd tramvay yolu ki, hər birində 24-ə qədər vaqon olur, qarşıda körpünün ö biri tərəfində daha bir tunel yolu vardır ki, on dəqiqəyə qədər yenişdən yoxuşa qalxır... İstambulda çox böyük qiraətxana və kütübxanalar var, amma layiqlərincə kitabları və qəzetələri yoxdur, çünki hər bir eyi mündəricat və mətbuat yasaqdır. Belə anlaşılır ki, dörd-beş sənə bundan əqdəm Türkiyədə hürr əsərlər var imiş və camaata da belə dəhşətli surətdə sıxı tutulmazmış, ələlxüsus Kütübxaneyi-Ümumiyi-Osmaninin bir tərəfində yeddi-səkkiz sandığa kimi kitab vardır ki, beş sənə bundan əqdəm yasaq və məmnu deyilmiş, amma indi yasaq olmuş...
...İstambulda mütəəddid və gunagun teatrolar var; ələlxüsus rəməzanda büsbütün kəsəbə və çox əsnafın dükanları gecələr açıq olub, məfhum olduğuna görə, teatrolar daha ziyadələşir və türklər də o gecələrdə teatroya getməyə artıcaq talib və rağib olurlar. Qarşıda ki, körpünün o biri tərəfidir və səkənəsinin də çoxusu əcnəbi olduğundan içkiyə əcnəbilərə məmaniət yox, amma müsəlmanlara həp yasaqdır, kimsə ələzzahir içki içəməz. Amma İstambulun bu biri nisfində ki, peyğəmbərin əbası, əmmaməsi və sancaği-şərif və sair mütəbərrikə şeylər olur, heç bir dənə dükanda açıq içki satılamaz və bu biri tərəfdə o şeylər səbəbilə qarşıdan dövlət və camaat əndində möhtərəm və əzəmətli məhsub olunur, belə ki, kərrat süfəra və konsullardan bu səmtdə sakin olmağa talib olublarsa da, dövlət kimsəyə izn verməmiş. Kart vərəq bilümum yasaqdır... Ünas firqəsi, büsbütün xanımlar üzüaçıq və hürrdürlər, amma namünasib bir şey yapamazlar. Xilafi-şər bir iş nəşət edərsə, dövlət çox sıxı tutur. Amma bəzilərinin də müxtəsər bir üz örtüyü vardır. Türkiyədə muzey sənətinə tərəqqi verməyə çox təlaş və səy olunur. Keçən günlərdə bir teatroya getmişdik. İran hürriyyətxahlarının fransızca şəbehini çıxarırlardı. İstambulda dəbistani-iraniyan olduğu kimi, Trabzonda da olub, İzmirdə də yeni bu günlərdə müşiri-hüzur təvəssütü ilə təsis olundu...
... Gecə yarısıdır. Əfəndim, ibarələrin yek-digərindən birəbt olmasını əfv ediniz. Daha vaxt qalmadı. Səlamə mən bə anan ki, bəhəqq təkəllüm gərdənd, bəhəqq qoftənd, bəhəqq xoftənd.1 Əbdüləziz əfəndiyə məndən məxsus səlam. Xudahafiz. Əgərçi bəzi sözləri yazmağa yer qalmadı, amma nə yapayım?! Daha vicdanımda halət və vaxta da müsaidət yoxdur. Yenə xudahafiz.
Hüseyn Rasizadə Naxçıvani. İstambul.
3
Naxçıvanda. Mərifətli, mərhəmətli və tərifə sığmaz Məşədi Qurbanəli Ağa Şərifov cənablarına çatacaqdır (müvəffəqiyyətləri daha artıq və mərhəməti daha daimi olsun).
2 rəməzan 1324, mütabiq 16 təşrini-əvvəl oktyabr 1906.
Ruhum fədası olduğu Cəvahir! Birinci, ümid edirəm ki, Naxçıvanın indiki vəziyyəti rifah və əminamanlıqdır. Sizin yüksək dərəcədə bəxtiyar varlığınız da sağlam və səlamətdir. İkinci, qısaca o böyük Ağanın nəzərinə çatdırıram ki, keçən həftə hörmətli cənabınıza məktub yazıb, imkan daxilində geniş məlumat vermişəm və yenidən başınızı ağrıtmağa ehtiyac yoxdur. Lakin nə deyim ki, deməməyim daha yaxşıdır. Bu gün naxçıvanlılardan bir-birinin ardınca iki məktub-Şeyx Məhəmməd ağadan və gözümün işığı Əlirzadan aldım. Birinci məktubu oxuyub sevindim. İkinci məktubun məzmunundan isə kədər dəryasına cumdum. Əlirzanın məktubu onun təəssüflü əhvalını bildirirdi. Ürəyim kəbab oldu, əhvalım iztirabla doldu. Mən İstambul səfəri fikrinə düşdükdə cənabınıza bildirdim. Siz də məni bu işə təşviq etdiniz. Sonra isə anamın halını düşünüb, məndən ayrı qaldıqca halı necə olacağını təsəvvürünüzə gətirdiniz və yenə getməyimi məsləhət bildiniz. İndi Sizin mərhəmətinizdən ürəyim istədiyi kimi arzularıma nail olmuşam. Lakin!.. Lakin məni asudə öz halıma qoysalar:
Bu ölkədə ürəyim min yerə parçalanmış,
Hər biri min nazənin dilbər əlində qalmış.
Bu, bir işarədir. Mədəniyyətə həsr edilmiş bu əsrdə ki, hamı elm əldə etməyə rəğbət və hər kim mərifət qazanmağa qeyrət göstərir, heç insafdır ki, biz bəsirət gözümüzü yumaq, qəflətə, cəhalətə cumaq? Bu, bir fürsətdir ki, hal-hazırda əlimə çatıb, tale üzümə səadət qapısı açıbdır. Lakin təəssüf, min təəssüf! Bu qədər çoxlu məşğələlərlə bərabər, Əlirzanın məktubları ürəyimi solğun və əhvalımı pozğun edir. O, arası kəsilmədən yazır ki, beş-altı aydır qardaşım Şeyx məni nə oxumağa göndərir, nə də bir işə düzəldir! Bilmirəm nə edim, nə çarə qılım? Nəyin dalınca gedim? Az qalır ki, qüssədən həlak olum. Xülasə, bu dərdə nə edim, nə çarə qılım, tutulmuşam, vəssəlam. Mənə bir çarə yolu göstərin ki, işsizlikdən ciyərim qana dönmüşdür, ya bir tədbir görün İstambula gəlim, ya da haraya məsləhət bilirsiniz, oraya gedim?
Cavab: Mənim ağam! Başınızı ağrıtsam da, cənabınıza məlumdur ki, onun nə İstambula getməsinə, nə də başqa yerə getməsinə mən heç qısqanmıram. Lakin Siz bildiyiniz kimi, əgər o da mənim tək oxumaq üçün qürbət vilayətə gedərsə, anam ikimizin ayrılığına tab gətirməyəcək, “Həyat” qəzeti kimi diri-diri vəfat edəcəkdir. Sözün qısası, Sizə bu baş ağrısı verməkdən məqsəd budur ki, öz yüksək mərhəmətinizlə məni minnətdar edib, lütf qılıb ya Şeyx Məhəmmədi yanınıza çağırasınız, ya da özünüz onun yanına gedib, Əlirzanın oxuması haqqında onunla bir-iki saat məsləhətləşəsiniz. Hər növ ilə olursa, Naxçıvanda onu inspektoriya nəzdində qorodskoye uçilişşenin istedadlı müəllimlərindən birinin, ya Mirzə Abbasın, ya da cənabınızın məsləhət gördüyünüz hər kimin yanına qoyasınız oxusun. Aylıq nə olarsa, Şeyx cənabları bankda onun öz pulundan götürüb ödəyər. Xülasə, əgər onu bir işlə məşğul etsəniz, bu qiymətsiz qulunuzu sevindirir və məni kədərli xəyallardan xilas edərsiniz. Onun sinə qəfəsi çox dardır və bəzi hadisələr ürəyinə sığmaz. Onun haqqında bir qədər də ehmalkarlıq və etinasızlıq olarsa, özünü itirər. Gumanım budur ki, ürəyini əldə etməyə nail olacaq və boş xəyalları başından çıxaracaqsınız. Rus dilini təkmilləşdirməyi ona tövsiyə edin. Mümkün olarsa, fars və türk dillərini də təkmilləşdirsin. Vaxtı imkan verməzsə, mən Naxçıvana qayıdandan sonra özüm onu bu işə təşviq edərəm, vəssəlam. Məndən ağzını həqq sözlərlə açan və həqiqət danışmış olanlara səlam.
Ən kiçik duaçınız Hüseyn Rasizadə.
Təsadümi-əfkardan bariqəyi-həqiqət parlar. Ümidim fəqət Sizin lütfünüzədir, əfəndim!
4
Naxçıvanda. Miri-möhtərəm, vətəndusti-müəzzəm Məşədi Qurbanəli ağa Şərifov həzrətlərinə təqdimeyi-acizanəm İydi-əzha 1326.1
Əfəndim! Məktubunuzu, o səmimiyyətpərvər məktubu keçən gün postadan aldım. (Xeyr, kantordan aldım). Bəndənizi məsud Türkiyənin böyük bayramı ilə, məclisi-məbusan guşadı ilə təbrik edirsiniz. Filhəqiqə məsud kimiyəm, bəlkə də məsudam, fəqət bəhərhal bu məsuliyyət, bu şərif Şərifovların, Sidqilərin tərbiyeyi-nikbinanələrinin nəticeyi-şəşədarı ilə təşviqati-qiymətdarına racedir. Sizlər ülüvv cənabınızla pəriyi-hürriyyət və mədəniyyətin üzünü qapamış o muziç pərdələri, o qaranlıq örtüləri yırtdınız, parçaladınız da, təhsili-mərifət, ülüvv və əzəmət, məhəbbəti-hürriyyət nə olduğunu mənə anlatdınız, yoxsa məbiləl-əbəd zəlalət uçurumlarında, cəhalət bataqlıqlarında məhv olub gedəcəkdim. Mən daima sizə minnətdaram, əfəndim!
Unudulmasın da, bayram təbrikilə əllərinizi sıxar, ərzi-səmimiyyətə müsariət edərim.
On beş gündə bir hacı Baba ağa kantoruna getməklə mötadam. Hacının Süleyman bəy ismində bir böyük oğlu var. Qayət nazik və düşüncəli, fəzilət və kəmalata malik bir zati-möhtərəmdir. Bəzən məktub üçün kantorlarına getdiyim zaman (xüsusi) və başqa bir odada müşarileyhlə bir-iki saat söhbət və məhəbbətə baxarız. Keçən gün də bər mötad və bayram təbriki üçün kantora getdim, əfəndilərin hamısı ilə birər-birər görüşdüm. Sonra Süleyman bəy Ağa Zeynal ilə bəndəni görüşdürdü və məktubu da verdi. Oxuduqdan sonra ixlasım Ağa Zeynala min qat ziyadə artdı, salamınızı ərz etdim. Sonra Süleyman bəyin nəzakəti-muşikafanəsilə ikinci odaya keçdik, bol-bol, geniş-geniş söhbət etdik. Maşallah, eyi cavandır. Çox çapıq islah olunur. Hasili, bizə həmməslək bir zatdır. Tərəqqiyə müstəidd, həqiqətə müştaq bir gəncdir. Bir-iki saat həsbi-hal etdikdən sonra vida edib, Hacı Rəsul ağanın yanına getdim, odada yox, kart buraxdım. “Müşarileyhi imdiyə qədər ancaq iki-üç dəfə xüsusi görə bilmişəm. Əksəriyyən getdiyim zaman odada bulamam, bulduğum zaman da bir neçə həşəratül ərzlə buluram ki, işimizə gəlməyir, quru-boş lafdan başqa bir şey zikir olunmayır. Mümkün olsa, bir daha sizin salamınızı yetirmək üçün görəcəyəm.”
Sonra Tağızadə Mir Cavad ağaya da bir kart buraxdım. Sonra bir evə getdim ki, orada İran əhrarından Nacibəy ismində bir zatı ziyarət edəcəkdim. İçəri girdim, məgərsə Hacı Rəsuldan maəda bildiyim gənc İran əhrarının ən həmiyyətpərvərlərindən yeddi-səkkizini orada buldum. Eyicə söhbət etdik, yemək yedik, sona doğru Boğaz içi vaporlar ilə hamımız bir yerdə Qazı köyü ismində bir köyə getdik ki, Mirzə Məhəmmədəli xan (Seyid Həsənin yoldaşı) orada iqamət edir. Müşarileyhlə bir qiraətxanada buluşduq, kəmali-məhəbbət və səmimiyyətlə iki-üç saat qədər söhbətə məşğul olduq. Mən də Mirzə Məhəmmədəli xanın yanında oturmuşdum. Söhbətlərimizin nisfi zati-alinizə dair oldu. Və müfəssəl surətdə sizin başınıza gələn bəlaların (daha doğrusu, vicdan və insaniyyət naminə yapdığınız alicənablıqdan dolayı çəkdiyiniz üzüntülərin, düçar olduğunuz sıxıntıların) hamısını birər-birər yanaraq nəql etdi. Doğrusu, mən bir az eşitmişdim. Fəqət bu dərəcə bilməyirdim. Nə qədər mütəəssir olacağımı, qəlbimin və qəlbimizin nə böyük alam və əkdara hədəf olacağını öz qəlbinizə müraciətlə çox eyi bilə bilirsiniz. Miəl qəlb iləqəlb... Fəqət imdidən sonra quldurlara, haydutlara - bir az olsun - etimaddan çəkinəcəkmisiniz? Haşa! Qabil deyil, imkan xaricində bir şey. Bu hal, bu vicdan, bu ülüvv, cənab, sizdə (ba şir əndərun şüd və ba can bə dər rəvəd).1 Hər şey dəyişsə, təbiət dəyişməz.
Nə isə, miri-müəzzəmileyhdən də kəmali-təhəssürlə ayrılacaq İstambula gəldik. Qürubun o hüznalud buludları, o kədərnümud qaranlıqları arasında, yuvarlana-yuvarlana doğru otelimizə gəlib, odamızın xəfagah sükununa çəkildik. Və bir-iki kəlmə ilə sizi təciz və təsdi etmək üçün yorğun bir halda bu ərizəni qaralamağa qərar verdik. İştə bir günlük ruznaməm. Və bunu da unutmayalım ki, Məhəmmədovların, Mirzə Məhəmməd Əli xanın və sair əhrari-iraninin zati vətənpərvəranələrinə xülaskaranə səlamları, səmimanə ərzi-ehtiramları var... Səid Səlmasi isə bir neçə gün bundan irəli o tərəfə əzimət etmişdir.
İmdi — arzu buyurduğunuz vəchlə — bir neçə kəlmə də öz məişətimə dair yazım.
Əfəndim! Bəndəniz ta rəməzana qədər beş-altı ay (edadi) proqramını ikmala çalışırdım və hər həftə də məşhur filosof Rza Tofiq bəydən bəzi həqayiqə dair bir-iki dərs proqram xaricində oxuyurdum. Sonra hürriyyət alınır-alınmaz Rza Tofiq bəy Ədirnə məbusu intixab edildi. Bəzi asari-nafiə nəşrinə başladı, darülfünunun ədəbiyyat şöbəsinə professor təyin edildi. İttihad-tərəqqi cəmiyyəti tərəfindən millət vəkalətinə namizəd oldu. Xülasə, iş iş üstündən aşdı, daşdı, bizə vaxt qalmadı. Sonra rəməzanda darülfünuna istida təqdimilə ədəbiyyat şöbəsinə qeyd və qəbul olundum. İmdiyə qədər də davam edirəm. İmdilik mənim təqib etdiyim dərslər: ədəbiyyati-osmani, ədəbiyyati-farsi, tarixi-ədəbiyyat, məbadiyi-fəlsəfə, tarixi-ümumi və siyasi, coğrafiyayi-tarixi, təbii və ümrani, həftədə on dörd dərs birinci sinifdə oxuyuram. Fürsəti fövt etməmək üçün yeddi dərs də ikinci sinfi davam edirəm. Məktəbimiz üç sənəlik və üç sinifdən ibarətdir. Əgər bu sənə birincidən imtahan verəcək olursam və keçinəcəyim biəyyi nəhvin kanə1 yolunda olursa, gələcək sənədə həftədə yeddi dərs ikincidə və on dörd dərs üçüncüdə istima edib məlumati-laziməni əldə etmiş olaram. Fəqət ikincidən şəhadətnaməyə müvəffəq olsam belə, ehtimal ki, üçüncüdən olamam. Fəqət bəhərhal hər üç sənəlik məlumata dəstrəs olmuş olaram. Çünki hər sənənin dərslərini çocuq kimi əzbərləmək lazım (madam ki, mənə elm lazımdır), şəhadətnamə lazım deyil, o surətdə əgər müqtədir olursam, ikisini çocuqcasına imtahana hazırlanıram, fəqət üçüncüsünü bilib öyrənərəm. Zəhəmati-məşaqqəsinə paybənd olmam. Bu proqram ustadi-möhtərəm Rza Tofiq bəyin səlah gördüyü bir proqramdır. (Şəb abistənəst, ta çi zəyəd səhər).2 Demək ki, bərhəyat olursam və keçinəcəkdə zorluq çəkməzsəm, topu-topu mənim İstambuldakı ovqati-təhsiliyyəm bir bıçıq sənə qədər kiçik bir müddətdən ibarət olacaqdır.
Fəqət?!
İştə məsələnin ən yaralı nöqtəsi bu istifhamlı, bu heyrətli “fəqət”dən ibarətdir; çünki bu “fəqət” bəndənizi çocuqluğumdan bəri görmədiyim, “bilmədiyim, sevmədiyim, sevəmədiyim, sevməyəcəyim o qorxunc, o müdhiş heçliyə... dilənçilik” deyilən o quduz illətə yalvartmaq istəyir. Fəqət əfsus, həzar əfsus, mənim təbiətim, yaradılmışım bütün-bütün bu illətdən qaçar, bu zillətdən qorxar. Mən hamballığı, xidmətkarlığı çox ziyadə sevərəm. Fəqət belə bir dövri-hürriyyət və zəmani-səadətə mənliyimi satmaq, əsir olmaq istəməm, əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir. Əsarət zəncirinə bağlanmaq, o müləvvəs qeydi çəkməyə razı olamayıram. Səbəbi isə ağır yük daşımaq, məğruranə bir minnət çəkməyə bir dürlü könlüm qane olamayır. Məşhur Kəmal bəy demiş ki, kimsənin lütfünə olma talib, əvəzi cövhəri-hürriyyətdir. Bilməm, heç ömrünüzdə özgələrə ehtiyac hissilə mütəhəssis oldunuzmu?
Bəndəniz sizin Tiflisdən yazdığınız məktubu aldıqdan sonra Rəhim xana iki məvəddəti məktub yazdım. Fəqət para, filan üçün bir işarət etmədim, ba həmeyin yazdığım məktub guya məni əzir, məni boğurdu. Sonra Tiflisdən Hacı Seyid Bağır ağadan üçər-beşər rublələrlə toplanan məbləğin surətini istədim. Ondan da bir cavab alamadım. Çox ziyadə sıxıldım, çünki siz mənə iqraz deyə yazmışdınız, onun üçün bilmək istədim, məəttəəssüf ki, bilmədim. Sözün ən qısası, bəndəniz imdilik əlimdə olan beş-üç lirədən yemiyə-yemiyə (daha doğrusu, həftələrlə penir-əkməklə qənaət edərək) kəmali-səfalətlə artıra bildiyim cüzi bir məbləğlə bir neçə ay da özümü idarə edə bilərəm. Yalnız burası bilinməli ki, həyatım fəlasifeyi-kəlbiyyun ki, yaşayışları kəlb yaşayışından təfriq olunmaz - həyatından çox fərqli deyil. Lakin keçən sənə yazdığınız proqrammaya tofiqən və o təəhhüdata istinadən yapdığım ən böyük yanlış üç sənəlik geniş bir proqrammadan irəli gəlmə bir xəta oldu ki, onu təhvil etmək imkan xaricində ədd olunacaq qədər gücdür. Fəqət bununla bərabər bu müddəti-məluməni hər dürlü fəlakətə köks gərməli olsam belə davam etdirəcəyəm, bu xüsusda hər məşəqqəti bir yolluq gözə aldırmışam.
Hacı Rəsula imdiyə qədər bir söz söyləmədiyim kimi - yazdığınıza rəğmən — Təbrizə də əsla bir kəlmə işarət etmədim və etməyə də cəsarətim gəlmədi, çünki cavanmərdanə təəhhüd edilən bir sözə, bir vədə - istər iqraz, istər həmiyyət olsun - təkrar-təkrar biz batırmaqdamı lazım?! Bu məncə bir zilldir. Həqiqətən, dünyada hər bir şeyin də bir qanunu var. Əgər iqraz məsələsi isə, ona kəfil, zamın lazım, ac, biəlac tələbədən nə bəklənir? Əgər həmiyyət və üxuvvətə məbni bir təsəvvür isə, tələbəlik naminə isə, o da seyiddən, molladan bir şey olmalı ki, o təhsilin dünyasına mənfəəti olmasa belə axirətini abad edər ki! Deyilmi? Mühəqqəq belə!
Nə isə, bu dərəcədə kədərli və sıxıntılı bir zamanınızda məmulunuzun xaricində olaraq təciz və təsdiq edirəm isə də “cormi ke mirəvəd bəomid-e ət-ye-to-st”1 misrası istinagahımdır. Bütün vətəndaşlara səlam və ərzi-ehtiram. Baqi xülus və səmimiyyət. Müntəziri-cavabəm.
H. Rasizadə
İlk istidayi-acizanəm xəttimin çirkinliyini əfv etmənizdir, çünki bir dəfə sürətlə yazmağa alışdıqda, sonra tərki gücdür.
5
Naxçıvanda. Cənab məxdum və möhtərəm ağayi-Şərifzadə Qurbanəli həzrətlərinə ərizeyi-acizanəmdir.
23 şubat - fevral 1909
Eydi-səidi novruzunuzu bilxassə təbrik edirəm.
Həqayiqpərvər əfəndim həzrətləri! Şərəfsüdur buyurulan iltifatnamənizi iki gün əvvəl kantordan aldım. Oracıqda açıb oxumağa başladım. Süleyman və Zeynal bəylərə səlamınızı söylədim, hər ikisi izhari-təşəkkür etdilər. Sonra oradan odama gəldim, məktubu çıxarıb bir daha kəmali-diqqət və əhəmiyyətlə nəzəri-tədqiqdən keçirdim. Oxudum, bir daha oxudum. Oxuduqca məsrur və məmnun oldum, məmnun olduğum qədər də məhzun oldum. Məktubunuz qövsi-qüzehli hava kimi bir anda, bir baxışda həm bahar çiçəklərini tənzirə qalxışır, gözəl və mütəməvvic əlvan sərpirdi, həm də o rənglər, o qövsi-qüzehli, o ləmədar və fərəhli rənglər arasında bir rəngi-matəm, bir lövheyi-pürələm, bir barani-sitəm sisləri yağdırırdı. Fəqət heyhat!.. İnsan daima aldanmağa məhkumdur.
Əfəndim! Başqalarına məktub yazdığım zaman necə isə heç özənmərəm, xeyr, yanlış söylədim, heç düşünərək yazmaram, yəni düşünüb də yazmaq istəmərəm. Fəqət sizə gəlincə, bir yarpaq kağız əlimə aldımmı, dərhal geniş-geniş sahələr, parlaq-parlaq ülviyyətlər, acı-acı həqiqətlər, xüsusən təsvir və təsəvvürü güc bir çox fikirlər alay-alay gözümdə təcəssüm edər kimi olur. Nə qədər mənalı bir şey yazmağı arzu edirəmsə də, ən sonunda heç bir şey yazmadığımı görərək, hiddətlənirəm, çünki sizə məktub yazarkən, düşünürəm ki, kaş mümkün olsaydı da bir səhifədə, bir sətirdə, bəlkə bir kəlmədə fikrimi, duyğumu, məhsulati-təcrübiyyəmi sizə ərz edə bilsəydim, heyhat, olmur, olamayır ki! Fəqət, bir həftə yan-yana, diz-dizə oturulsa, yenə bir dürlü kəşfi-həqiqətə doğru bir qədəm, bir addım atlamaq ehtimalı var. Əfsus ki, o da imdilik namümkün!..
Bəzən vicdanınızın nazik və pak səhifələrini oxuyuram da, dərin bir inşirah, geniş bir səfvət aləmində yaşayıram, zənn olunur. Fəqət o saf vicdanın bir az daha ifratını hiss etdiyim zaman tüklərim ürpərir. Sonra bütün-bütün safdərunluğun əleyhində bulunacağım gəlir. Daha doğrusu, bulunuram da. Məsələn, “əmmamə”, “came”, “məsəleyi-xilafət”, “mədəniyyət”, “həmiyyət” və “tərəqqi” kəlmələri bir-birinə qarışaraq, bir mühəssələ təşkil edəcəyini, yaxud edə biləcəyini düşünürkən, bütün-bütün bir xəyal, bir kölgə, bir namütənahilik, bir heçlik qarşısında bulunduğuma heç şübhə etməyirəm. Və möhtəşəm bir filosofi-kəbirin dediyi kimi: təbiətdə heç bad-hava müftə bir şey olmadığını, qeyri-təbii olaraq, şöləpaş olan həqiqətlərin puç bir xəyaldan ibarət olduğunu göz önünə gətirərək, heç bir şeyə dərhal etimad edərək, göydən zənbil ilə nazil olduğuna etiraf eləməyirəm. Hasili-əhbablıq, mədənilik, gözəllik, hissi-mərhəmət, ruhaniyyət həp birər incə teldən, şəxsi və adi, qırılacaq qədər çürük bir teldən asılıdır ki, tədqiq və təcrübəyə qalxışsan, dərhal qırılar! Dərhal pozular, dərhal sönər... (Mən qonaq-xabdidövü aləm...1)
Nə isə, əfv edərsiniz. Dilimin pəltəkliyindən, kəkələməsindən naşi sükutu daha mürəccəh görürəm. Mən öz sözlərimdən məna çıxarmadığım kimi, ehtimal ki, siz də düşünməyə, özənməyə məcbur olacaqsınız.
Artıq yenə özümüzə, əhvalımıza dair qonuşalım.
Əfəndim! Hacı Rəsulun məktubunu yapışdırılmamış bulduğu üçün öz-özünə müsaidəkaranə bir hiss duydum, sonra zərfin yapışqanına diqqət etdim, yerində, yəni əvvəlindən yapışdırılmamış... Sonra sizdən istiyzan edər kimi bir vəziyyət alaraq, məktubu oxudum. Ayrı, qeyri bir şey bulmadığım üçün sərbəst bir məktub olduğunu anladım. Fəqət özümə aid olan qismini bütün-bütün qələmlə cızdım və lüzumsuz bir adi dilənçilikdən fərqsiz olduğuna hökm edərək, naqabil təsəvvür bir halda müğbərr oldum, çünki bəndəniz məktəbi-tərbiyəyə girdiyim zaman əməleyyi-mövtilıq təbiətini özümdən atmışdım və imdiyə qədər də o hal ilə, yəni o saf və pak vicdanla yaşayırdım və yaşadım. Halbuki, hal-hazırdakı vəziyyətimiz bütün-bütün məni şaşırtdı. Bu vəziyyətlə yaşamağı heç bir surətdə, heç bir zaman sevməm, sevəməm. Və sonra təcaribi-tüccariyəmdən də mənə çox istifadələr olmuşdur. Ən birincisi isə hər şeyə, əvət, hər adi bir şeyə, hətta çürük soğan qabığınıa belə bir fiyat, bir qiymət vardır. Qiymətsiz bir şey olmaz. Olsa-olsa, Kökəmər seyidləri ilə Nəcəf mollalarının məzhəbində, məsləkində olar. İştə bu qədər!..
Doğrusu, həm Hacı Rəsulun məktubunda, həm mənimkindəki əsəfamiz, sıxıntılı sözləriniz və “qələm inca rəsid sər beşikəst!..1” kimi mərhəmətpərvərliyiniz mükəmməl bir makina (maşın) təzyiqilə məni sıxdı, sıxdı və ruhumu, hissiyyatımı parça-parça etdi. Ciddən sizin bu qədər məhviyyətinizə mütəəssir oldum. Mən özüm o qədər əczamiz bir hal ianə tələbinə qalxışsam, buracıqda bilmədiyim və bildiyim osmanlılardan istədiyim qədər istianə edə bilirəm, yəni dilənə bilirəm.
Sözün açığı, bu rəzalətdən bu neçə gündə bütün-bütün özümü itirdim. Üç-dörd sənələr ilə hər sənə altmış-yetmiş lirə sərf edən sair Qafqaz tələbələri imdiyə qədər bizim bu dibsiz, heç-heç rəzalətimiz qədər böyük və çirkin bir zillətə hədəf olmalıdır.
İmdi mən, ən lazımlı təhsilimə bitmiş nəzərilə baxıram. Bundan sonrası isə darülfünun dərsləri peydərpey məcmuə surətində nəşr olunacaqdır. Ha məktəbdə xocadan dinləmək, ha dəftərdən, məcmuədən tədqiq və tətəbbö etmək - hər ikisi məncə müsavidir. O da həm burada mümkün, həm Qafqazda.
İmdi bu təslimdən məqsəd bu ki, artıq xalqa boyunduruq olmaq istəməm və istəməyəcəyəm və ianə torbasını da yırtdım, parçaladım ki, bir də həm gözüm görməsin, həm də hissiyyatım xırpalanmasın. Biz istiqraza talib idik, ianəyə isə talib olmadığımı təkrar ərz edirəm. Bir də xilasə olaraq, acizanə, həm də çox acizanə rica edirəm və o pak vicdanınıza and verirəm, bir daha nə Rəhim xana, nə Hacıyevə, nə Hacı Rəsula, nə cəmiyyəti-xeyriyyəyə, nə də cəmiyyəti-şəriyyəyə müraciət etməyəsiniz, edəcək olsanız, həm sizdən inciyərəm, həm də qəbul etmərəm. Burada qalmaq iqtidarım bitdikdən sonra orada ərzi-vücud edərəm.
Bütün qardaşlara salam. Ələlxüsus Əzizimin əllərini sıxarım. Xüluskari-bimiqdarımız Hüseyn Cavid Rasizadə.
P.S. Bəndəniz bəzi xüsusatda açıqca izahat verməkdən çəkinirəm. Binaənəleyh rica edirəm məktubi-acizanəmi kimsəyə oxumayın.
6
10 mart, sənə 1909. Möhtərəm Şərifzadə həzrətlərinə xülusnameyi-acizanəm.
Səmimiyyətpərvər əfəndim həzrətləri!
Keçənlərdə müfəssələm təsdiə cəsarətyab olmuşdum. Bu gün fəzilətpərvər qardaşım Şeyx Məhəmməd ağa cənablarından bir məktub aldım. Lüzumu icabında sıxılmama razı olmadığını və təmdidi-təhsil üçün xərclik göndərəcəyini təmin edirdi. Üç-dörd gündür ki, bir-iki tələbəyə dərs verib, onlardan da əlli-altmış quruş həqqi-tədris alıram. Demək ki, istiqbalımız bir dürlü eyilənəcək kimi ədd oluna bilir. Binaənəleyh keçən məktubumda qələyani-hissiyyatımdan təvəllüd edən bir fikri imdi xalisanə bir surətdə təkrara lüzum hiss etdim. Zatınızdan çox ziyadə rica edirəm ki, bir daha kimsəyə para xüsusunda əsla, əsla bir şey yazmayasınız. Həm sizin, həm mənim imdiyə qədər sıxıldığımız yetər...
Keçən məktubunuzda Naxçıvana dair səthi bir məlumata nail oldum. Bu dəfəki məktubunuzda da, əgər mümkün olsa, İrəvanda türkcə təhsil haqqında və maarifi-islamiyyə naminə hiss olunan təşəbbüsat və iqdamata dair bir şey yazmanızı rica edirəm. Diriğ buyurulmayacağını səmimanə ümid edirəm. Keçən məktubumda unutdum isə, imdi uğurlu bayramınızı acizanə təbrik edirəm.
Lütfdidəniz Rasizadə Hüseyn Cavid Naxçıvani.
7
(Naxçıvanda hüzuri-həmiyyətməndanələrinə. 14 həziran-iyun, 1909. (Yalnız özünüz oxuyacaqsınız...)
Əfəndim! 20 mayısda mühərrər məktubunu (yaxud məktubunuzu) keçən həftə Hacıbaba ağanın kantorundan aldım. Bidayətindən nəhayətinə qədər iki-üç dəfə təkrar-ələttəkrar oxudum. Gah məsrur, gah məmnun, gah məhzun oldum. Bu mütənəvvə, müxtəlif əhvala məruz olmuşam da məktubunuzda mündəric müxtəlifülməal cümlələrdən irəli gəlir. Məktubun bir tərəfi güldürür, bir tərəfi ağladır, bir tərəfi də gah giryələr, qəzəblər içində xəndələr saçır, gah ümidlər, təbəssümlər içində ruhu, vicdanı titrədir, müzzəb edir. Bununla bərabər bu cümlələr, bu girislər, bu düşüncələr hər nöqteyi-nəzərdən olursa-olsun hamısı gözəldir, hamısı mühakiməlidir, hamısı həqiqətdir.
Məktubun ilk səhifəsi hər şirindillinin, hər insaniyətpərvər qiyafətinə girənin iddialarını boş və şarlatanlıqdan ibarət kimi göstərir. Və sonra da “xud qələt bud onçe ma pendaştim”1 misrai-mütəəssifanəsilə o məsələyə xitam verilir. Bu xüsusda ciddən çox haqlısınız, əfəndim! Lakin eyicə düşünməli ki, təbiətdə badhava heç bir şey olamaz. Hər şeydə, hər məsləkdə, hər xüsusda bir tərbiyeyi-müntəzəmə, bir mümariseyi-məxsusə vardır ki, insan o tərbiyə ilə təqib edəcəyi məsləkdə kəsbi-ixtisas etməlidir, böyük bir nüfuzi-nəzərə malik olmalıdır. Bizim milləti-nəcibədə bu ixtisasa, bu iqtidara təsadüf edilməz. İranın həzarpişə, kəmmayə sənətkarlarına məxsus büqələmun bir istedada malikiz ki, ciddən nəzəri-mühakiməyə alınsa, heç birimizdə iki paralıq fikir olmadığı təbyin edər.
Hələ Naxçıvana dair yazdığınız mütaliatı mühakimə edərkən, çox ziyadə mükəddər oldum. Sonra düşündüm ki, bu da, mənim bu məhzun oluşum da boş bir şey... Neçin? - deyəcəksiniz. Çünki naxçıvanlılardakı hissi-milli, əcəba, bir tərbiyeyi-mədəniyyə məhsulumudur, yaxud nagəhani bir ətiyyə, bir ilham nəticəsimidir? Təbiidir ki, ilham-milham nəticəsi deyil, o bir qələyani-müvəqqət, bir həyəcani-həvayidən başqa bir şey deyildir. Məlumunuzdur ki, “Hayla gələn huyla gedər”. Çünki ani bir həyəcan ancaq ani bir həvəskarlıq tövlid edə bilər, artıq edə bilməz.
Tərbiyeyi-mədəniyyəyə cəlincə ki, əsas odur - əlhəmdülillah, o, külliyən məfquddur. Bu səbəbə bəndəniz iranlıların və Qafqazın hənuz mədəniyyətə yaxlaşmamış tərəflərinin atisini iyirmi, otuz sənəyə qədər çox zəhmətli və qaranlıq görürəm. Neçin? - deyəcəksiniz... Çünki əsas yoxdur, əfəndim, əsas! Əsası, kökü bərkitmək üçün yalnız “evolyusion—qanuni-təkamülə” ehtiyac vardır. Cüzi və səthi bir idman və mümarisə istər, yoxsa işdə əsas olmaz isə, inqilab heç bir fayda verməz. Fəqət məmafih mən Qafqazın istiqbalını - İrana nisbətlə - daha ziyadə parlaq görürəm...
... Bizə yalnız məktəb lazımdır, bütün inqilabati-mədəniyyə həp məktəb məhsuludur...
Sonra özümüzə dair də bir iki sətir yazmaq istəyirəm.
Əfəndim! Keçən aylarda Hacı Rəsul ağaya yazdığınız məktub - açıq olduğu üçün - oxuduqdan sonra müşarileyhə təqdim etmişdir. Fəqət mənə dair yazılmış olan yeddi-səkkiz sətirlik istirhamati-məskənətpərvəranəni cızdıqdan sonra... çünki mənim özüm cahil olmaqla bərabər, hər necə isə qəlbim çox həssas yaradılmışdır. Hər bir incə şeydə, bir iğbirar duyuram və hər bir hərəkatımı hissiyyatıma uydurmağa məcburam. Baxüsus ki, Türkiyədən də əl öpmək, ətək öpmək mərasimi çoxdan bəri qalxmışdır! Məncə təməllüq, müdahinə bilməyən və qeydi-minnətdaridən varəstə olan bir çox, Sultan Rəşid kimi hürr bir padşahdan daha hürrdür,daha heysiyyətlidir. İmdi burada bir adama məruz etmək istəməyirəm. Bəlkə məncə bu hal birdəsturi-səmimidən ibarətdir. Şərəfi-ziyarətinizə nail olacağım zaman çox uzaq deyil, o zaman uzun-uzadıya qonuşarız.
Əvət, sözümüzə gəldim: Hacı Rəsul ağanın ailə və bəradəri İstambula gəldikdən sonra başı çox qarışıqdır. Ziyarət etmək çox mümkünsüzdür. İmdiyə qədər odasına bir neçə dəfə getmişəm, təşərrüf edəməmişdir. Keçən gün də uğradım, yenə yox... Fəqət məsəleyi-ətiqədə bütün-bütün vaz keçmənizi təkrar rica eylərəm...
Keçən gün Mirzə Məhəmmədəli xan cənabları ilə müfəssəl surətdə görüşdük. Zati-alilərinə çox ziyadə ərzi-ehtiram edirlər. Zeynalabdin Səfvətə gəlincə, onunla da iyirmi gün əvvəl öpüşdük, vidalaşdıq. O, imdi Təbrizdə, təbii, imdiyə nə vəchilə olursa-olsun, bilmiş olursunuz.
İstambula dair heç bir şey yazmaq istəməyirəm. İdareyi-ürfiyyə qalxmış, sükunət və əmniyyət hökmfərma, ciddiyyət və fəaliyət azacıq görünməyə başlayır. İngiltərəyə heyəti-məxsusə göndərilir. Zatən vüquati-hazirəni siz də bizimlə bərabər bilirsiniz, yazmaq fəzlə...
Qaldı özüm. Özümə dair sizə bir məsləhət etmək istəyirəm. Elə bir məsləhət ki, ən lüzumlu və əhəmiyyətlidir. Mən özüm bəhərhal istədiyim kimi düşünürəm. Fəqət rəyinizi də anlamaq istəyirəm.
Əfəndim! Mən, sağlıq olsa, marta qədər Qafqazı ziyarət edəcəyəm, ziyarətinizə ki, məncə, ən böyük səadətdir, nail olacağam. Lakin İstambuldan yavaş-yavaş soyumağa başlayıram. Səbəbi isə məsləkimizə aid səfəhatı qismən — yəni bizə lazım olacaq dərəcədə — görmüş kimi oldum və qüvveyi-maliyyə də zatən yan baxmağa başlayır, hətta qüvveyi-maliyyəyə malik olsam belə, yenə İstambula vida etməyi məsləhət görürəm. İmdi mükəmməlcə bir əcnəbi lisanına ehtiyacım var ki, iki-üç sənə uğraşmaq lazım, ona da para yox. Ən məsləhəti bu ki, ruscayı öyrənməyə çalışalım. Əgərçi ingiliscə, almanca, fransızca lisanlardan birini layiqilə öyrənmək vacibdir. Fəqət nə çarə ki: “dəsti-biçarə çün bəcamə nəhəd, çarə cöz pirəhən dəridən nist”.1 Lakin burası da var ki, gələcək sentyabrda rüşdi məktəblərdən birində ayda üç lirə qədər, bəlkə daha ziyadə maaşla tədris edə bilərəm. Çünki əsnayi-müzakirədə bildiklərimdən bir-ikisi mənə söz verdilər. Zatən, sözə nə hacət? Darülfünun və edadi müəllimlərinə (farsi tədrisatı) nöqteyi-nəzərindən faiq olmasam belə, bərabər olacağıma heç şübhəm yox.
İmdi mən düşünürəm ki, əgər bir əcnəbi lisanını, o millətin özü kimi, yəni layiqilə bilmək arzu etsəm, laəqəlli üç sənə heç bir şeyə baxmadan onunla uğraşmalıyam. İmdi burada hər zəhmətə mütəhəmmil olub da aldığım maaş ilə, fəqiranə bir güzaran ilə burada üç-dörd sənə qədər dəxi həm tədris, həm də tədərrüs edə bilərəm. Lakin validəm, vətənim, vətəndaşlarım bütün-bütün unudulacaq bir hala gələr. İmdi burada minlərcə iş başında sahibi-heysiyyət tatar, türküstanlı, qafqazlı, krımlı vardır ki, hər təhsilini ikmal etdikdən sonra istambullu olmağı da onlara zəmlə, bir osmanlı olub getmişdir. Bu məncə çox güc...
İmdi mənim son nöqteyi-nəzərim rusca ğayət mükəmməl bilmək və ən birinci düşüncəm də budur. Zənn edərsəm,eyi çalışsam, iki sənədə müvəffəq olaram. Əlsineyi-səlasəyə gəlincə, onlardan birini ruscadan sonra, ehtiyac hiss edəcək olsam, qırx yaşımda belə oxuram. İmdi Qafqaza döndükdən sonra Naxçıvan ilə heç işim yox, səbəbini anlatmağa qalxışsam, on yarpaq daha yazmaq lazım. Bəlkə siz yeknəzərdə o əsbabı mühakimə ilə anlarsınız.
İmdi əsil məqsəd vətənə xidmət, həm də layiqilə xidmət etməkdir. Bakıda kafi dərəcədə müəllim var. Gəncədə hakəza. İmdi bəndəniz, əgər mümkün olsa, əvvəl Tiflis, sonra İrəvan-bunlardan hər hansını məsləhət görərsiniz, məncə də məqbul olar. Mən dərs verəcəyim yerdə gecələri bir tərbiyəli rus ailəsi içində yaşamaq arzu edirəm ki, həm tədrisatımda istədiyim kimi ciddi çalışam, həm də dörd sənəlik zəhmət və məsaiyi iki sənədə bitirərəm. Əgər rus evində qalmaq mümkün olmasa da, başqa nöqteyi-nəzərdən yenə arzuma nail olaram.
Fəqət Naxçıvanda yaşamaq məncə ən mahalatdandır. Lakin Naxçıvanda da hər yayın tətil zamanları istədiyimiz projeləri tərtib edər, ziyalı gənclərin gözünü açmaqdan geri durmarız. Əgərçi bir naxçıvanlı bir məsələni mühakimə edərkən bəqeyri həqq-maaş, para kimi xəyalata da qapılar, fəqət bizim yeganə məqsədimiz xidmət, həm də səmimanə xidmətdir. Mənim düşündüyüm qazanc-ziyan: iki il evlənməmək, hər gün dörd-beş saat dərs oxutmaq, iki-üç saat da rusca çalışmaq. Nə bir qəpik artırmaq, nə bir qəpik borclu qalmaq. Bir qəsəbə, bir köydə olsa da olur. Mən bu hesaba razıyam, vəssəlam.
Məktubun cavabını bəklərəm. Bir az da bu xüsusa dair məlumat. Baqi buseyi-müxalisət.
H. Cavid
8
5 mart, 1910. Hüzuri-həmiyyətpəranələrinə...
Əfəndim, çoxdan bəridir ki, ərzi-səmimiyyət və ibrəzi-məhəbbətdən məhrum qaldıq. Bu müsamihəni sizə həml edəməm, olsa-olsa, yenə mənim tənbəlliyimdən nəşət edər bir haldır, daha doğrusu, səmimi bir qüsurdur. Fəqət əfv edərsiniz, deyilmi? Bir çox zamanlarımı bilməyərək kor-koranə keçirdiyim üçün imdi böyük bir inqilab içindəyəm, keçmiş boşluqları doldurmalıyam, bir an qayib etmədən təlafiyi-mafatə çalışmalıyam...
Bir kitab mütaliə edərkən, sizinlə qonuşmuş kimi bir hiss duyuram. Onun üçün məzur görüləcəyimə əminəm. Çünki qəlbiniz çox genişdir.
Əfəndim, il başını-şətarətli bayramınızı, təbəssümnüma baharınızı təbrik edərim. Cəsarətim əfv olunsun, bayram vizitlərində ruhlarımız arasında səmimi bir münasibət olan dostlara, məsləkdaşlara, mümkün olsa, mənim tərəfimdən də təbriki-eyd edərsiniz.
Baqi, əlinizi sıxar, ağzınızdan öpər, ehtiramatımın qəbulunu acizanə rica eylərəm, əfəndim...
Kiçik qardaşınız — Rasizadə Hüseyn Cavid.
9
28 avqust 1912. Tiflis.
Hüzuri-alilərinə:
Möhtərəm və müəzzəz əfəndim, yenə sizi bir az təsdi etmək istəyirəm. Bəndə, sizdən ayrıldıqdan sonra Aqaraya, Faiq əfəndinin yanına getdiyimi bilirsiniz. Orada bir ay qədər həm gəzib, həm də bağçada işləyib məmulun xaricində saf və sağlam bir hala gəldim. Sonra Qurjuvaniyə gəlmək istədim, fəqət bir-iki ofitser osmanlı türkcəsi öyrənmək üçün rica ilə məni Tiflisdə saxladılar, nə sizin yanınıza gəlmək, nə də Naxçıvana getmək mənə mümkün olmadı. İmdi yavaş-yavaş məktəblər açılmağa başladı. Bir həftə əvvəl oraya gəlib sizin işlərdə işləmək üçün məktub yazmaq istədimsə də, iki ay əvvəl “Payızda iş başlanacaq, o zaman gələrsən” - dediyinizi xatırlayaraq, birdən-birə gəlmək arzusunda bulundum. Lakin məktəbdən əl çəkərək, xaric bir işlə məşğul olmaq qeydi bir az mənə vicdan əzabı verirdi. Nəhayət, bu gün Gəncədən bir məktub aldım ki, məktəbi himayə edən əzayi-möhtərəmə yorulduğu münasibətlə - hökumət mane olmadığı halda - məktəbi-ruhaniyyəni bağlamağa qərar vermişlər, Bakının Səadət məktəbi də proqramı rus lisanında təqib etməyi müqərrər qılmış. Tiflisdəki İttifaq məktəbinə gəlincə, bunlar da Səadət planında yol getmək istəyir. Demək ki, milli lisana o qədər ehtiyac hiss edilməyir.
İmdi bu təfsilatı əldə etdikdən sonra mənim nə yolda hərəkət edəcəyimi düşününüz. Artıq hərçi badabad, işçiliyə - çornı raboçiliyə qərar verdim. Daha məndə vicdan əzabı olmaz. Mən də atamın proqramı ilə böyüsəydim, imdi kim bilir nə məsləkdə idim? Sidqinin məktəbinə, İstambula məni təşviq edən siz oldunuz, başqalarının və öz paralarımı sərf edərək, imdiki hal və məlumata dəstrəs oldum.
Naxçıvanda bir gün bizim evdə məvaciblə yaşayanlar haqqında söylədiyiniz təcrübələri xatırlayaraq, bir müddət də o yolda hərəkət etmək istəyirəm. Məni iki yola sövq etdiniz. Haydı, üçüncüsünü də ikmal ediniz, baxalım nə çıxar. Bir zaman rütubətli, havasız, xanımlara məxsus odalarda vaxt keçirdik, bir zaman da qoy tozlu, torpağın, yağmurlu, tufanlı səhnələrdə dolaşalım. Allah kərimdir, zənn edərsəm, fəna nəticə verməz. İşin nəhayətində büsbütün zərərli çıxsam da, yenə özümü qazanclı ədd edirəm.
Və böylə sizin yanınıza gəlməyimdə də əsla sizə məmariət etməyəcəyəm. Əgər xoşlansanız, bir az yaxın bulunaram. Yoxsa, bir asuri işçisi kimi, işimə məşğul olaram, vəssəlam. Yalnız sizin mənə eyiliyiniz kiçik bir sərriştə vermək, iki gün yol göstərmək olacaqdır. Həndəsənin nəzəriyyatını gördük, əməliyyatını görmək də fəna deyil. Rus lisanında da az-çox söyləmək və xırda-mırda işləri yazmaqda zəhmət çəkməm. Əgər təşəbbüs edəcəyim işdə az-maz para lazım olarsa, borc-xərc onu da düzəldə bilərəm. Hasili, hər nə şərt icab etsə, çöl həyatına qarşı məndə bir arzuyi-şədid var. Və böylə yazıb da sizi təciz etməkdən məqsəd budur ki, siz də öz məmnuniyyətinizlə gəlməyimə cəsarət verəsiniz, bir də, gətirilməsi lazım olan əşya varsa, məlum edəsiniz. Aqarada qaldığım bir aylıq çöl həyatı məni öylə diriltdi ki, mədəni həyatdan bütün-bütünə sıxılmağa başladım.
Məktubumu aldıqdan sonra bir-iki saat düşünərək, əvvəlimci postadan cavab vermənizi acizanə rica edirəm. Fəqət soyuq cavab versəniz?.. Çox sıxılacağam.
Qardaşım Əzizə salam, Cavadı öpürəm.
Baqi ərzi-ehtiram.
Hüseyn Cavid.