Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Məqalələr .: MİRZƏ ABDULLA MƏHƏMMƏDZADƏ YAXUD (A.SUR) — ABDULLA TOFİQ (“İqbal” qəzeti, 18 may 1912-ci il)

MİRZƏ ABDULLA MƏHƏMMƏDZADƏ YAXUD (A.SUR) — ABDULLA TOFİQ (“İqbal” qəzeti, 18 may 1912-ci il)

Mərhumun təşyii - cənazəsi mərasimi

May ayının on birinci günü gündüzün saat on birdə Gəncə vağzalının önündə bir qutu (tabut) nəzərə çarpırdı ki, içində A.Sur, o nakam cavan, o qəyur ədibimiz xabi-əbədisinə varmışdı. On dörd gecəlik ayı əhatə edən yıldızlar kimi mədrəseyi-ruhaniyyə tələbə və müəllimləri cənazənin ətrafını sarmışdı. Hər kəs qeyb olmuş bir fəzilətin, əldən çıxmış bir nemətin yadi-həsrətilə mütəəssir olduğunu göstərirdi. Hazırun, böylə fəal və mütəşəbbüs bir cavanın, böylə natiqəpərdaz bir qəhramanın sükuti-həzinini düşündükcə heyrət və təfəkkürdən özünü alamayırdı.

***
Mədrəseyi-ruhaniyyə müdiri Axund Hüseyn Pişnamazzadə cənabları tərəfindən mərhumun ruhu üçün dua oxunub fatihə söyləndikdən sonra hər kəs birər həmdü surə oxuyub, sonra namurad ədib və müəllimimizin tabut müəllası müəllimlərin və tələbə əfəndilərin yardımilə bir faytona qoyuldu, mərhumun beş-üç qövm əqrəbasilə bərabər doktor Həsənbəy Ağayev, Bağbanlar məktəbinin naziri Həsənbəy, şəhər məktəbinin türkcə müəllimi İsmayılzadə Mirzə Hüseyn cənabları da bu heyətə daxil idi. Tabut faytona qoyulduqdan sonra hazirin kimi faytona, kimi tramvaya minib bir qədər yola davam etdilər. Şəhərə hənuz çox məsafə var ikən,cənazəni istiqbal edənlər həp tramvay (qonka) və faytonlardan enib cənazəni ta mərhumun evlərinə qədər çiyinlərində gətirdilər. Söz yox, şəhərə daxil olduqda ötədən-bəridən toplanmış adamlar da nəzərə çarpırdı. Cənazəyə yardım etmək istəyirlərdisə də, müəllimlər və tələbələrin yardımı onların zəhmətinə hacət buraxmadı. Cənazə evlərinə daxil olar-olmaz şurü şivən sədası qulaqları çınlatmağa başladı. “Cavan oğul vay”, “namurad qardaş vay” səsləri, “qəyur yoldaş vay”, “nakam arxadaş” iniltiləri hər kəsi sızlatdı, hər kəsi ağlatdı. Bu sırada mədrəseyi-ruhaniyyənin məsum balaları qapının önündə məşumlu bayatılardan oxuyurlardı:

Cavan öldün, dünyadan kam almadın,
Çox çalışdın, zəhmətdən heç doymadın,
Əfsus ki, fikrinə nail olmadın,
Ağla, qardaş! Ağlamalı günündür!

Çıxarmayaq yaddan biz tez onları,
Həp vətənə qurban olmuş canları,
Tanrı qəbul etsin bu qurbanları,
Ağla, qardaş! Ağlamalı günündür!

İlaxir...
Bu sırada Sisyanov, Vorontsov, bir də Tofiq məktəbinin nazirləri, müəllimləri, tələbələri dəstə-dəstə qapının ətrafında kamal-nizam ilə səf bağlayıb durdular. Ətrafdan başqa adamlar da tək-tük bu cəmiyyətin içində görünürdü. Bir çox saat qədər ağlaşma, qüsl, təkfin ilə iştiğal edilib, sonra zavallı cavanı anasından, bacı-qardaşından ayırmağa başladılar. Tabutun üzəri tirmələr, şallar, ipəklərlə bəzənmişdi. Məktəb tələbəsi tərəfindən ilk baharın yeni açmış gül-qönçələrilə süslənmişdi. Cənazənin üzərində mərhumun adilə bərabər Namiq Kamal mərhumun bu beyti də yazılmışdı:

Yüksəl ki, yerin bu yer deyildir,
Dünyayə gəliş hünər deyildir.

Cənazə evdən məscidə qədər, yenə qaralar daşıyan tələbə və müəllim əfəndilərin omuzunda gəldi çıxdı.
Məscid həyətində (havlısında) mədrəsə müdiri Pişnamazzadə və sair həzərat tərəfindən namaz qılınıb, məzarıstana doğru hərəkət edilməyə başladı. Çox qarışıqlıq, nizamsızlıq olmasın deyə, Ələkbər bəy Rəfibəyovun və müəllim əfəndilərin təsvibi ilə Sisyanov şagirdləri əl-ələ verib cənazə ətrafında gedən müəllim və tələbələri ortaya aldılar. Tainki xaricdən cənazəni təşyi edən, ya təşyi etmək həvəsində olan Gəncə camaati-islamiyyəsilə çocuqlar qarışmayaraq, ayrı və müntəzəm bir surətdə yola davam etsinlər və çocuqlar da sıxıntı çəkməsinlər. Məlum ya! Bu gün cümə günüdür. Bütün müsəlman dükanları qapalıdır. Ehtimal ki, cənazəni təşyi üçün qoşub gələn vətənpərəst dindaşların kəsrət və isdihamından sıxıntı çəkilir. Bu səbəbdən yanə böylə bir qərar verilmişdi.
Lakin əfsus! Minlərcə əfsus ki, məsciddən məzarlığa qədər gördüyümüz əşxas yenə müəllimlər, yenə onların dörd-beş yüzü mütəcaviz şagirdləri idi.
Mədrəseyi-ruhaniyyə şagirdanı yuxarıda yazılmış “Cavan öldün, dünyadan kam almadın” mənzuməsini ta Səbzikar məzarıstanına qədər oxuya-oxuya getdilər. Səbzikar məzarıstanı başqa məzarıstanlara görə qayət təmiz və gözəldir. Orada mərhum A. Suru dəfn etdilər. Yuxarıda məzkur məktəblərin nazir, müəllim və tələbəsindən maəda Gəncə şəhəri-əzimindən orada gözə çarpan zat yalnız Ələkbər bəy Rəfibəyov, məxdumları doktor Xudadat bəy Rəfibəyov, doktor Həsən bəy Ağayev, doktor Fərrux bəy, məşhədi Əli ağa Rəfiyev, məşhədi Qasım ağa, Cavad bəy Cuvarlinski, bir də beş-üç nəfər mərhumun qövm və əqrabası idi. Məzkur Cavad bəy, Həsən bəy və Mirzə Hüseyn cənabları isə heyəti-müəlliminə daxil deməkdir.
Əvət cənazə dəfn edildi, təlqin verildi. Sonra Vorontsov məktəbinin türkcə müəlimi İsi əfəndinin təlimilə məzkur məktəb şagirdləri bu sözləri təğənni etməyə başladılar:

Cümlə millətin ruhinin ruhi,
Cümlə millətin qəlbi-məcruhi,
Öz müəllimi, öz ədibidir,
Öz mühərriri, öz ədibidir.

Çox yaşa ədib, fikri-millətdə,
Keçdi günlərin xeyli zəhmətdə.
Qəbrdə rahət uyu, ey cavan,
Məskənin sənin rövzeyi-rizvan.

Bu matəmi tərənnümdən sonra mədrəsə müdiri Pişnamazzadə həzrətləri nitqə şüru etməyə başladı.
Lakin müdir əfəndinin, yaxud sair natiqlərin söylədiklərini kamilən yazacaq olsaq çox vaxt, çox ziyadə təfsilat istər, mən də ancaq hər nitqin xülaseyi-əlxülasəsini yazıb ixtisar etmək istəyirəm.
Pişnamazzadə cənabları mənbəyi-fəzl və ürfan, əmiri-möminan Əli ibn Əbutalib “kərəmalluhu vəchəhum”nun buyurmuş olduğu “mən əlləmni hərfən qədtəyyərin əbdən” kəlami-həkimanəsini məni mövzuu ittixaz edərək mərhum Abdulla Tofiq əfəndinin mədrəsə şagirdləri boynunda olan haqqını, müəllimlərin məziyyətini, şagirdlərin və camaatın onlara olacaq ehtiramatını, qara torpaqlara tapşırdığımız cavan müəllim və ədibimizin mədrəseyi-ruhaniyyədəki təşəbbüsatını, lisana, imlaya, ədəbiyyat və tarixə dair mücahidatını birər-birər sayaraq, xətmi-kəlam elədi.
Sonra mədrəsənin riyaziyyat müəllimi Rza bəy Qaraşarov cənabları başlayaraq tərcümeyi-halına dair bir uzun nitq söylədi.
Mərhum Abdulla əfəndi 1877 tarixində təvəllüd etmiş və 1896-cı sənəsində açılan məktəbi-xeyriyyədə təhsilə şüru etmiş. Sonra məzkur məktəbdə müəllim təyin edilərək tədris etməyə başlamış. 1900 sənəsində məzkur milli məktəb şəklindən çıxıb rus-müsəlman məktəbi olmuş.
Bir neçə ildən sonra bu qəyyur cavan Tiflis şəhərinə getmiş, orada “Şərqi-Rus” qəzetəsinə mühərrir və müsəhhih olmuş, sonra Bakıya gedib beş-altı ay qədər də orada iqamət edərək, oradan doğru İstanbula getmiş. Üç sənədən ziyadə fəqr və fəlakət içində, orada fəna və ucuz lokanta “restoran”larda yemək yeyərək, gecə-gündüz təhsil ilə uğraşıb durmuş. Mərhumun böylə üful etməsinə əsl səbəb də İstanbulda keçirdiyi günlər olsa gərək... Çünki onu məhv edən bu xəstəlik orada ikən başlamışdır. Mərhum İstanbulda ən çox lisan, tarix və ədəbiyyat ilə iştiğal etmişdir. İkmali-təhsil etdikdən sonra doğru Gəncəyə gələrək, mədrəseyi-ruhaniyyədə millət yavrularının gözünü, fikrini açmağa başlamışdır. Mərhumun lisana, osmanlı ədəbiyyatına dair tətəbböatı var, eyi əsərlərdir, hənuz təb olunmamışdır. Kərbəla vaqiəsinə dair də tətəbböatı var, qəzetlərdə nəşr olunmuş. Ruscadan bir coğrafiya kitabı tərcümə etmiş, Şünası mərhumun “Şair evlənməsi” ünvanlı vodevilini Azərbaycan türkcəsinə təhvil etmiş və üç cild üzrə şüəranın gözəl mənzumələrini toplayıb müntəxəbat (xrestomatiya) etmək istəyirdi ki, vəfat etdi.

(“İqbal” qəzeti, 16 may 1912-ci il)

Mərhum A.Sur təqribən iki ay var ki, Tiflisdə xəstəxanədə yatırdı. Mərəzi “kor bağırsaq”ın iltihab etməsi idi. Bir-birinin arxası-sıra üç dəfə əməliyyati-cərrahiyyə (orerasion) icra edilmiş. Nəhayət, bu mayın səkkizinci günü tərki-həyat etmişdir.
Rza bəy əgərçi çox həyəcanlı və artıq bir para sözlər söylədisə də, mən bitirirəm.
Sonra Ağayev doktor Həsən bəy cənabları mərhumun İstanbuldakı üsrətli həyatına, fəaliyyətinə, təşəbbüsatına, südü təmiz bir türk oğlu, türk aşiqi, türk məftunu olduğuna dair və çalışıb-çapalayıb yazmış olduğu məqalat və tətəbböatına aid kəskin bir nitq söylədi. Burada uzatmayaraq, iki-üç sətir ilə iktifa edildi.
Doktor Həsən bəy əfəndidən sonra Əmirov Hacı bəy cənabları ki, doqquz-on yaşlarında qayət sevimli və çalışqan bir çocuqdur, əlindəki dəftəri açaraq bu sözləri söyləməyə başladı:
Həzərat! Simasından insaniyyət yağan, danışığından ruh-aşinalığı məlum olan bu mərhumu bir-iki ildən bəri tanıyırdım. Müəllim olduğundan uşaqlara olan məhəbbətinə görə bəzi vəqtlər olurdu ki, mənim ruhumu tərbiyə etmək üçün mənə ibrətli hekayələr söylərdi. Ona görə Abdulla əfəndiyə, bu qürbətdə qardaşıma olan məhəbbətim qədər, qəlbimdə bir böyük məhəbbət bəslənmişdi.
Bir gün, bir yaz sabahı onun vəfat xəbərini eşidən və onu sevən bir çocuq nə hala düşər? Vəfat xəbərini eşitdikdə tüklərim ürpərdi, kədər qəlbimi sıxdı. Doğrusu, heç inanmaq, onun cavanlığına ölüm yaraşdırmaq istəmədim. Heyhat! Getdi... O vücudi-müəzzəm getdi. O namusi-mücəssəm getdi...
Ey möhtərəm atalarım! Böylə səyli, millət-dost müəllimin, müəllimlər zümrəsindən adının silinməsi camaatımıza, ələlxüsus biz məktəb çocuqlarına nə böyük müsibətdir! Zira biz uşaqların ruhunu tərbiyə edib məişət və səadət yoluna salik edən böylə qeyrətli müəllimlər deyilmi?
Türklük və islamiyyət hisslərini bizim qəlblərimizdə cayigir edən böylə millətpərvər müəllimlər deyilmi?
Böylə ruhani atanın əldən getməsi ümum uşaqların, xüsusən mədrəseyi-ruhaniyyədə oxuyan şagird arxadaşlarımın müsibət günü olduğundan bütün əqrəbasilə bərabər, mütəəllim qardaşlarıma səbri-cəmil əta olunmasını baritəala həzrətlərindən niyaz edərəm.
Bu zəki və məhzun çocuqdan sonra gənc və nəcib şairimiz Cavad əfəndi həzin və ahəngdar bir tövrlə yazmış olduğu gözəl və yanıqlı əşarı söyləməyə başladı:

Ey qardaşlar! Bir zamanlar elmsizlik dumanı,
Cəhalətin gur pəncəsi qaplamışdı hər yanı.
O zəhərli havalardan gül yanaqlar solmuşdu,
O gün xain, pis əllərdən vətən xərab olmuşdu.
Göylər bizə işıq deyil, yıldırımlar saçırdı,
Günəş, yağmur, sular bizdən qaçırdı.
Allah belə qəbul etməz oldu bizim qurbanı,
Bizi o gün boğuyordu azğınlığın tufanı.
Quran nədir, anlamazdıq, vətən nədir, bilməzdik,
Qarşımızda yetimlərin göz yaşını silməzdik.
Ağlanacaq bir hal idi özümüzdə görürdük,
Dilimizin, dinimizin getməsinə gülürdük.
Bu vətənin bunu görən südü təmiz övladı,
Bir qaç kişi o gün bizim qara günü anladı,
Ağladılar, sızladılar, yalvardılar allaha,
Ulu həqqin rəhmi gəldi könlü sınıq onlara.
O gün bizim dağlarımız bir az güldü, şənləşdi,
Bacarıqlı bir qaç qullar zülmətlərlə əlləşdi.
Ey qardaşlar! Yurdumuza günəş yeni doğmuşdu,
Bir azacıq, demək olar, dostlar deyən olmuşdu.
Ancaq dünən başımıza kölgə salan bir bulut
Önümüzdə!.. Həqqin varsa, ey daş ürək, gəl unut!..
Yox... Yox... Sizin məzarınız qəlbimizin ən dərin
Bir yerində saxlanmışdır, sənin o pak ruhunçin.
Bütün dünya alt-üst olsa, mən ki səni unutmam,
Ay qardaşlar “amin” deyin, allah bunu əfv etsin.

Cavad əfəndidən sonra sözə başlayan Sisyanov məktəbinin türk lisanı müəllimi Əli bəy əfəndi oldu. Mir mumilieyhin sözlərini, nitqini ancaq iki-üç sətirdə ixtisar edib keçmək istəyirəm. Çünki özü müfəssəl surətdə ayrıca olaraq qəzetəyə yazacağını mənə söylədi.
Əli bəy: “Külli nəfsin zaiqət əl-məvt” (Əlbəttə, gedər, gələn cahanə) sözlərilə başlayaraq A. Sur mərhumu işıqlı bir elm çırağına bənzətdi. Məktəb çocuqlarını da onun (o çırağın) ətrafında dönüb dolaşan pərvanəyə təşbih etdi. Və cavan ədib və müəllimimizin ruhunu şad və qədrini əla etmək yalnız tələbə əfəndilərin himmət və qeyrətinə bağlı olduğunu uzun-uzadıya izah etdi. Və Gəncə camaatının böylə qiymətli bir cavanın cənazəsinə etmiş olduqları etinasızlığı ima ilə anladıb təəssüflər etdi.
Cənazəni Tiflisdən Gəncəyə gətirmək üçün gedən əfəndilərin dediyinə görə, dost olmaq münasibətilə yalnız Mirzəcamalov Hüseyn bəy əfəndinin, o aliqəlb və həssas arxadaşımızın bu müddətdə çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi insaniyyət və nəcabətlər Gəncə camaatını ixtiyar, gənc mühafizəkar təcəddüdpərəst (intelligent) hamısının mərhum mirzə Abdulla haqqında olan etina və ehtimamatına min dəfə faiqdir.
Artıq Əli əfəndidən sonra mədrəsə müdiri Pişnamazzadə cənabları dua və fatihə oxuduqdun sonra, hazirin həmdü surə oxuyaraq yavaş-yavaş məzarıstanı, o baharıstani-cavidi mütəfəlsəfanə bir vəziyyətlə vida və tərk etməyə başladılar.
Bu sırada adam dağıldıqda, nasıl olmuşsa, Sisyanov məktəbinin balaca şagirdlərindən, yeddi yaşında sevimli, mini-mini bir çocuq Cahangir Təqizadə fürsəti qaçıraraq oxuyacağı məsumanə nitqini oxuyamamış, bunu görüncə nitqinin surətini əlindən aldım. İştə buraya dərc eləyirəm:
Atalarım! Qardaşlarım! Qabağımızda üzü qibləyə həmişəlik rahat uyuyub iləiləbəddə uyuyan məşhur, möhtərəm müəllimlərimizdən Abdulla əfəndidir. Böylə elm və mərifət atalarının vəfatı yüzlərcə qardaşlarımın bədbəxtliyinə dəlil deyilmi? Yaşın cavan olduğu halda, bu hadiseyi-müəllimənin üz verməsi biz socuqlara nə qədər təsir etdiyini dil ilə söyləməyə heç iqtidarım yox. Ələlxüsus zavallı ruhani məktəbi qardaşlarımın bu gündə istədikləri müəllimlərinin əldən çıxması üçün olan qəmü qüssələrinə necə şərik olmayaq ki, atalarımızdan artıq biz çocuqların tərbiyəsinə bunlar, bu ruhani atalar diqqət edirlər. Ancaq əlimizdən gələn bir şey varsa, o da qövm və qardaşına, validəsinə allah-təaladan səbr və təsəlli tələb etməkdir.
Möhtərəm müəllimlərimizlə bərabər məktəb qardaşlarımın tərəfindən mütəvəffanın validəsinin kədərlərinə müştərək olduğumuzu bütün hissiyyatımızla söyləriz. O böyük allah bu cavan mərhumun günahlarından keçib öz rəhmətini ondan diriğ etməsin, amin!

***

Əvət, məzarıstandan dağıldıqdan sonra şəhərdə adət olduğu kimi, kiçik şagirdlər müstəsna, mərhumun evlərinə gedərək hər kəs, qardaşlarına ibrazi-təsliyət elədi. V ə meyli olan zat əksəriyyətlə oturub layiqli dərəcədə ehsan, və mərhumun ruhuna fatihələr oxundu.

(“İqbal” qəzeti, 17 may 1912-ci il)

***

Möhtərəm qarelərin əfvini istirham edərək, bir-iki sətir səddin xaricinə çıxmaq istəyirəm.
Məzarıstandan dönərkən bütün müəllim əfəndiləri bir yəs, bir fütur əhatə etmişdi. Hər kəsin simasında bir darğınlıq, bir küskünlük oxunurdu.
Mühitimizin müəllimlər haqqında, bilxassə böylə gənc, nakam, qəyur və həmiyyətli bir müəllim haqqında göstərdiyi himmət və nəzakət bütün könülləri müğbar etmişdi.
Həqiqətən bir kərrə düşünəlim:
Müəllim nədir!?
Yaponiyanın qəyur və qəhrəman milləti Mikadonun şərəfinə deyil, Yaponiya müəllimlərinin şərəfinə idareyi-əqdah etdilər, həm də insanı sərsəm edən, əql və şüurunu məhv edən şərab, rakı (vodka) içməyib, cənab-həqqin mən etmədiyi ən təmiz, saf və gözəl su içdilər.
Onlarca Yaponiyanın tərəqqisi, oyanıqlığı, maarifpərvərliyi həp, həp müəllimlər sayəsində olmuşdur.
Almaniyada da hakeza prins Bismark bütün alman ünsürünün tərəqqisini müəllimlərdə görür və onlardan bəkləyir.
Xiləfayi-Abbasiyədən Harunarrəşid bir müəllim üçün, əvət yalnız bir hikmət və riyaziyyat müəllimi əldə etmək üçün Bizans (əski İstanbul) hökumətilə boğaz-boğaza gəlmiş, böyük müharibə etmiş, qalib olduqdan sonra təzminati-hərbiyyə olaraq yenə məzkur müəllimi əldə etmişdir.
Lakin bizlərdə, mühitimizdəki müəllimlərin qədri, heysiyyəti, halı, məişəti nəzəri-diqqətə alınırsa, insan ağlamaqdan özünü saxlaya bilməz. Biçarə müəllim nə etsin? Beş-on manat maaşla nə edə bilər? Ucuz olsun deyə hifzüssəhhəyə müğair rütubətli odalarda yaşar. Əski, bayat lokanta (restoran) yeməkləri yeyər. Getdikcə əsəbiyyəti artaraq, vücudunu bəsləyəməz. Ata-anası bir-iki çocuğun nazını çəkə bilmədiyi halda, - zavallı müəllim yüzlərcə millət balasının - müxtəlif ruhlarda yaradılmış, müxtəlif tərbiyələr görmüş, yaxud əsla tərbiyə görməmiş bir sürü çocuğun nazını çəkib, zırıltı-gurultusuna təhəmmül edir. Bununla bərabər aldıqları mükafat nə? Biri çox pis, mühlik xəstəliklər, cangüdaz vərəmlər (çaxotkalar), yığın-yığın səfalət və fəlakətlərdən başqa bir şey olmasa gərək...
İmdi böylə müdhiş, taqətfərsa uçurumlar qarşısında bulunan biçarələr öz millətindən bu fədakarlıqlarına görə bir də həq naşünaslıq, heysiyyətsizlik görürsə, daha hansı cəsarətlərlə, kimə güvənərək işə girişə bilir?
Əfəndilər! Möhtərəm qarelər!

Müəllimlərə hörmət ediniz, onları seviniz, onları çox böyük görünüz, əvət, onlara pərəstiş ediniz, onları özünüzə əfəndi biliniz! Mövlayi-müttəqiyan həzrəti Əli Kərəmullah vəchhu müəllimlər haqqında nə tövsiyə buyrursa ona əməl ediniz! “Mən əlləmni hərfən qəd səyyərini əbdən” kəlami-həkimanəsini unutmayınız!
Lakin, ey müəllimlər! Ey möhtərəm əfəndilər! Sizlər, sizlər əsla millətimizin, mühitimizin bu etinasızlığına etina etməyiniz. Daima çalışın, çapalayın! Millət, vətən uğrunda canınızdan keçmək belə icab etsə, saqınınız! Əsla cəsarətsizlik göstərməyiniz. Mühitimiz sizi təqdir etməyir, edəməyir, zərəri yox. Lakin əlinizi, qolunuzu qırmadıqlarından, sizi zindanlarda çürütmədiklərindən yana bu millətə darılmaq, küsmək deyil, təşəkkür etməliyiz, həm də minlərcə təşəkkür etməliyiz. Bir dəfə tarixi göz önünə gətirin, o zaman, baxınız, nə qərib işlər görürsünüz.
İmdiki qəhrəman və nəcib italyanların əski babaları, yəni romalılar məmləkətlərinin ətrafına, qonşu hökumətlərə təcavüz və hücum edərək aldıqları əsirlər içindən ən alim və zəki zatı öz çocuqları üçün müəllim təyin edərlərmiş. Çocuğ azacıq dərsdən sıxılınca, müəllimə darılıb qızdığını, müəllimdən xoşlanmadığını atasına, babasına söylə-söyləməz, dərhal biçarənin, yəni zavallı müəllimin qol-qabırğası, köksü, qafası xəncərlər, baltalar ilə parça-parça olunub məhv edilirmiş.
Şükür allaha, biz ki, millətdən müəllimlərimiz haqqında böylə bir haqsızlığa təsadüf etmədik. Bu gün təqdir etməyirlərsə də, əmin olunuz ki, yarın mütləqa, mütləqa edəcəklər. Cənab həqq çalışqanların, doğruların, fədakarların hamisidir. Əsla məyus olmamalı...
***
Yenə sözümüzə gələk:
Əvət, mərhum A.Sur çox çalışqan, çox sahibməslək, çox himmətli bir müəllim idi. Həm də çox durbin, çox münəqqid bir ədib idi. Qafqaz torpağı bir də çox güc eylə cavanlar yetişdirə bilər. Onun haqqında beş-üç sətir deyil, tərcümeyi-hal olmaq üzrə yüzlərcə səhifə yazıb doldurmaq icab edər. Abdulla Tofiq ölmədi, öləməz. O yaşar, tarixin ağuşi-səmimiyyətində, millətin qəlbində yaşar. Pişnamazzadə həzrətləri, doktor Həsən bəy, Yusifbəyov Nəsib bəy və sair arxadaşları, dostları tərəfindən onun əsərləri, tətəbböatı nəzəri-diqqətə alınmalı və təb edilməlidir.

***
Bu gün sübhdən axşama qədər mərhumun cənazə mərasimində bulunaraq, bir para ötə-bəri ilə iştiğal edərək, günəşin qızğın zərbələri altında əzilib yorulduğumdan, möhtərəm qareləri yormayıb qısa kəsmək istəyirəm.
Qafam öylə fəna bir halda dönür ki, nə yazdığımı və nə yazacağımı özüm də bilməyirəm. Ehtimal ki, yazılarımın içində artıq-əskik, nəzəri-diqqqətə çarpacaq çox qüsurlar bulunur. Möhtərəm qarelərdən əfvü rica etməyi özüm üçün bir vəzifə ədd edərəm.
Cənab həqq öz birliyi hörmətinə bu nakam cavanın cənazəsi üzərində paralanan sinələrə, qoparılan saçlara, tökülən göz yaşlarına, sızlayan ürəklərə mərhəmət buyurub da onu, o namurad bəndəsini dəryai-ehsan və kərəminə qərq eyləsin.
Əgər günahı var isə, öz lütfilə, öz böyüklüyü ilə bağışlasın. Amin...

11 mayıs 1912 sənə
Hüseyn Cavid.
(“İqbal” qəzeti, 18 may 1912-ci il)


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article NAKAMLIQ (“İqbal” qəzeti, ¹ 59, 14 may 1912-ci il)
Böyük bir ziyai-əbədiBu...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 67   
article TİFLİSDƏN TEATR, YAXUD SƏNƏTİ-TAMAŞADA TƏBƏDDÜL VƏ TƏRƏQQİ (“İqbal”qəzeti, 9 oktyabr 1913-cü il)
Oktyabrın dördüncü...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 116   
article Kamal ABDULLA - Cavidə məhəbbətlə...
Hüseyn Cavid Azərbaycan...

  10-16-2007    Baxılıb: 154