- 4 -
Təlim və tərbiyə məsələsində ilk nəzəri-diqqətə alınacaq nöqtə məktəblərdir, məktəb otaqlarıdır. Məktəblər səhhəti ixlal etməyəcək dərəcədə havadar, uca yerlərdə yapılmalıdır. Pis, murdar, üfunətli yerlərdən uzaq olmalıdır. Xəstəxana, həbsxana, məzarıstan kimi yapı binalara yaxlaşmamalıdır. Xırıltı, gurultusu çox olan mövqelərə yanaşmamalıdır. Məktəb binası mümkün dərəcədə günəş yerlərdə vaqe olmalı, rütubəti çox olan yerlərdən həzər edilməlidir. Günəşə mane olacaq kölgələr ilə mühat olmalıdır. Çünki çox xəstəliklərin günəşsizlik və rütubət üzündən vücuda gəldiyi aydın bir həqiqətdir.
“Günəş girməyən yerə təbiblər cirər” məsəli məşhuri-aləmdir. Buracıqda bir az haşiyə çıxmaq istərəm. “Rütubət” sözilə “tərbiyə” kəlməsini düşündükcə Naxçıvandakı “Məktəbi-tərbiyə” ilə onu istila edən müzürri-səhhət rütubəti xatırlamamaq bir dürlü əldən gəlməyir.
Naxçıvanın bu milli məktəbi - fəqət indi deyil, ilk açıldığı zaman öylə idi — Nili-mübarək üzərində, yəni, “Bazar çayı” üstündə vaqe bir məktəbdir. Məzkur məktəb məscidi-camein qoltuğuna sığınmış dar bir yerə təsadüf edir.
Xaricdən şəhərə varid olmuş bir səyyah-zavallı məktəbin divarlarına göz gəzdirəcək olsa, yarım arşın qədər xəcalətdən tərləmiş olduğunu müşahidə edər.
Fəqət məscidi-came? Naxçıvanın göz bəbəyi məsəbəsində olan o böyük bina? On beş-iyirmi min manata mal olan o məbəd nə oldu? İştə, o da məzkur çayın nəmli, vərəmli öpüşlərilə söndü, getdi, doğuş ilə ölüşü bir oldu. Bir neçə yerdən rəxnədar oldu, qübbəsi çatladı, qapısı bağlandı.
Zatən məzkur məktəbin də orada vaqe olması məscidə mücavir olmaq üçün idi. İndi bu məktəbin günəşsizlik, darlıq, rütubətə məruz olmaqdan başqa digər qüsurları da var ki, onlar da qismən güzərgah olması, məzkur çayın şırıltısı, bazarın gurultusu kimi bir çox müğairi-fənni-tərbiyə maneələrdən ibarətdir. Lakin bu məktəbin ilk təsisini və neçin orada yapılmasını eyicə anlamaq üçün bir az da təfsilata ehtiyac var. Bu məktəb on beş-on altı il əvvəl təsis olunmuş. Şəhər qlavası Cəfərqulu xan Naxçıvanski cənabları ilə şəhər hakimi Slavaçinski bu xüsusda çox fədakarlıqda bulunmuşlar. “Cidilli bağ” adlı geniş, havadar, gözəl bir yerdə məktəb təsisini xalqa təklif etmişlər isə də, kimsə razı olmamışdır. Bazardan, məsciddən uzaq bulunduğu, həm də vəqf yer olduğu bəhanə tutulmiuşdur. Şəhər hakimi, xan və bir neçə gözüaçıq əfəndilər məktəbin orada yapılmasına nə qədər təlaş etmişlər isə də bir çox mühakiməsiz həriflərə məram anladamamışlardır. Səkkiz, doqquz min rübləyə dəyən o gözəl yeri şəhər duması parasız, pulsuz məktəbə hədiyyə etdiyi halda, kimsə təqdir etməmişdir. Lakin oranı bir neçə il sonra bir xristian çox ucuz, çox dəyərsiz bir qiymətə almış; o vəqf yerdə geniş, gözəl, bağlı-bağçalı bir klub yapdırmışdır.
İndi anlaşılır ki, vəqf olan bir yerdə məktəb deyil, klub yapmaq belə mümkün imiş!..
Lakin yeni yapılan zaman bağda vaqe qız məktəbi isbat edir ki, xalq işin əhəmiyyətini azacıq təqdir etməyə başlayır.
Çünki burası da “Məktəbi-tərbiyə” üçün intixab edilmiş bir qədər gözəl və havalı bir yerdir. Zənn edərsəm, burası da vəqf olmalı, lakin, hər nədənsə, bir kərrə yapılmışdır. Hər nədənsə, əgər bu günkü duyğular, görgülər, bilgilər on beş il əvvələ təsadüf etrsəydi, təbii o dürlü çürük xülyalara, mövhumatlara yol açılmazdı, o vaxt işin həqiqəti düşünülməmişdi, indi artıq düşünülür, düşünülməyə başlayır.
Qonşu kirvələrimizdə məşhur bir məsəl var ki, o da “musurmanın sonki ağlı mənim olaydı” cümləsidir.
Həqiqətdə, gözəl tədqiq edilsə, çox təcrübəli, çox mənadar bir söz olduğu dərhal anlaşılır.
Bunca təfsilatdan məqsəd Naxçıvan işlərini təsvir etmək deyil, bəlkə Qafqasyada sakin bütün türkləri hər şəhərdə, hər qəsəbədə vəqf yeri, köhnə məzarıstan kimi bir çox qiymətli, əhəmiyyətli yerləri əldən çıxarıb mövhumata sapmalarını ərz ixtar etməkdir. Bu dürlü uyğunsuzluqlara deyil bir şəhərdə, Qafqasyanın hər şəhərində təsadüf etmək mümkündür. Bir az diqqət edilsə, bir çox bulvarların, şəhər bağçalarının, kilsələrin həp öylə “məzarlıq, vəqf yeri” dediyimiz yerlərdə inşa olunduğu nəzərə çarpar. Biz, vəqf yeridir, günahdır deyib qorxmuş, çəkilmişik, bir arşın qədər hasar çəkməyi belə əsirgəmişik. Hökumət isə bu cəhalətdən istifadə edərək yağlı-yavan, yaxşı-yaman, gözünə ilişəni özünə mal etmişdir.
Mövzui-bəhsi aşdıq, söz cığırından çıxdı. Artıq haşiyəni kəsib də yenə sözümüzə, bəhsimizə gələk.
Bəli, mümkün dərəcədə məktəb binası günəş işığından məhrum olmamalıdır. Lakin işıq bir tərəfdən gəlməlidir. Zira iki, yaxud bir neçə tərəfdən gələcək olsa, müxtəlif kölgələr buraxır ki, o da göz üçün müzürdür.
İşığın sol tərəfdən gəlməsi daha faydalıdır. Çünki, sağ tərəfdən gələcək olsa, yazı yazarkən sağ əl dəftər üzərində öz kölgəsilə şagirdləri rahatsız edər. Sinifin (klasın) pəncərələri də olduqca çox və aydınlıq olmalıdır. Məktəbin dörd-beş arşın (rus arşını) enində geniş bir dəhlizi (koridoru) və tənəffüsxanası olmalıdır. Hər məktəbin mümkün dərəcədə özünəməxsus bir də gözəl bağçası olmalıdır ki, çocuqlar orada sərbəst gəzinə bilsin, saf, təmiz hava ala bilsin. Rəfi-ehtiyac üçün qədəmxanaları olduqca uzaq bir guşədə bulundurmalı, qulluqçular nəzafət haqqında çox ziyadə diqqətli olmalıdır.
Siniflərdə nəzəri-diqqətə alınacaq şeylərin ən mühümmü sıra “skameyka”lardır. Sıraların ölçüsündə çox diqqət lazımdır. Əldən gəldiyi qədər onları sihhi, fənni bir ustaya ismarlamalıdır. Yoxsa şagirdlərin boyuna görə olmayıb da fəzləcə uca, ya alçaq olursa, çox məzərrətlər iras etmiş olar. Bir də, müəllimlər daima çocuqların sıra üzərində aldıqları vəziyyətə diqqət eyləməlidir. Fəna vəziyyətlər boyun, kürək, bel gəmiklərini əyir, gəmiklər əyildikdə əzayi-daxili də böyük zərərlər görmüş olar. Bu zərərlər bədənin xarici, daxili əzasından başqa, fikir üzərində də təsir edir. Fikrin müstərih və oyanıq olması üçün hər halda baş şaquli (dik) bir vəziyyət almalıdır. Öylə olmazsa, təbii, qan dimağda (beyində) sərbəstcə cövlan edəməz. Beyin qanın cərəyani-sərbəstanəsindən məhrum olunca fikirlər, duyğular da məhdud və əqim qalmış olur. Çünki dimağ qan ilə, əfkar və ehtisasat da dimağ ilə ərzi-fəaliyyət edər.
Bir də, bir sırada iki çocuqdan ziyadə oturmamalıdır. Çünki bir sırada dörd-beş tələbə oturacaq olsa, ehtimal ki, biri misri bir xəstəliyə tutulmuş olur da ondan digərlərinə də sirayət edər. Amerikada, Avropanın bəzi yerlərində hər tələbəyə bir sıra təxsis edən məktəblər çoxdur. Sinifdə dərs müddəti çox uzun sürməməli və 45, ya 50 dəqiqəni aşmamalıdır. Hər dərs arasında siniflərin havasını dəyişdirməlidir. Çünki tələbənin tənəffüs etdiyi zaman havaya hamizi-qarbon dağılır, tər və yağ ifrazatı təbəxxür edərək sinfin havasını olduqca zəhərlər, bərbad edər.
Sinif süpürüldüyü zaman quru süpürgə ilə süpürülməməlidir. Zira müzürr mikroblar ilə havaya qalxıb uçuşan tozlar bir azdan sonra sıraların taxtaları üzərinə enər, sonra tənəffüs edildiyi zaman məzkur tozlar ilə bir para mikroblar hiss edilməyəcək dərəcədə çocuqların nəfəsləri ilə ta cigərgahlarına qədər yol tapıb, bir çox qorxulu xəstəliklərə səbəbiyyət vermiş olur.
Bir çocuq təhlükəli bir mərəzə, keçici bir xəstəliyə düçar olmuş olursa məktəbə gəlməyə, dərsə davam etməyə məcbur edilməməlidir. Müvəqqəti bir zaman üçün evlərinə göndərilməlidir. Tədavi edib sağlamlaşdıqdan sonra təkrar qəbul edilməlidir. Bəzi çocuqların xəstəliyinə diqqət etməyib də ata-anası başından etmək niyyətilə, müəllim də qeydsizlik və etinasızlıqla sinfə qəbul etməkdən çəkinməz isə, şübhəsiz ki, bir çox biçarə məsumların da fəlakətinə yol açılmış olur.
Bir də, aşı (çiçəyi döyülmək) şəhadətnaməsi olmayan bir çocuq əsla məktəbə alınmamalıdır və məktəbə alınan çocuqların yaşlarına da çox ziyadə əhəmiyyət verməlidir. Yeddi yaşdan aşağı olanları çox da qəbul etməməlidir. Çünki çox kiçik çocuqlar cır ağaclar kimi cılız, zəif bir vücud ilə dərsə başlayınca sıxılar, zəhmət çəkər, həm vücudca, həm də fikircə zəif qalar, irəliləyəməz, atidə də çoxları təhlükəli bir surətdə zərərdidə olur.
Çocuqların əlil, miskin bir şey olmaları arzu edilməzsə, dərs arasında, baxüsus böyük tənəffüslərdə gimnastika və bir para oyunlar oynamağa müsaidə etməlidir. Xeyr, sadə müsaidə deyil, təşviq və tərğib eyləməlidir.
Gimnastikada tələbəni bir komanda altında müntəzəmən hərəkət etməyə alışdırmaq məktəblərin inzibatını təmin edər.
Bir çox oyunlarda da müəllim çocuqları sərbəst buraxır kimi görünməlidir, lakin sezdirməksizin əl altından nəzarəti də unutmamalıdır. Gimnastika və sairəni layiqilə ifa etmək üçün ya o xüsusda mütəxəssis bir müəllimə, yaxud ona dair yazılmış əsərlərə müraciət etməlidir.
Herbert Spenser deyir ki, əgər istiqbalda hal-hazır mədəniyyətimizə vaqif olmayan bir asari-ətiqə maraqlısı məktəblərimizdə oxunan kitabları, proqramları, xüsusi imtahan kağızlarını tapacaq olursa, bunların sahiblərinin qətiyyən çocuq sahibi, yəni bir baba (ata) olması ehtimalının mövcud olmadığına qail olacağı kimi, heç şübhəsiz ki, bunlar monastra aid tərzi-tədris olsa gərək deməkdən özünü alamayacaqdır.
İştə bu sözün sahibi uca bir ingilisdir. Bu mütaliəni yalnız ingilis mühitinə, məktəblərinə baxaraq yürütmüşdür. Lakin müşarileyh bizim bu məktəb, mədrəsə nami verdiyimiz səfalətxanələri, bu ətalət ocaqlarını görəcək olsaydı, nə söylərdi əcəba!
Yuxarıdakı sözlərə diqqət edilsə, təbii, daha şiddətli, daha şayani-təkdir bir təşbih qollanacağı dərhal nəzərə çarpar.
Məktəblərimizin proqramları eyicə düşünülsün; dərslərin ən mühüm qismini təşkil edən və ən çox rol oynayan maddələr bir para səfsətələrdən, ruhsuz gəvəzəliklərdən başqa bir şeymidir?
İyirminci əsr mədəniyyəti bu uyğunsuzluqlara əsla təhəmmül etməz.
Zira təlim və tərbiyə saf dimağları (beyinləri), ləkəsiz vicdanları ləkədar edəcək bir alət deyildir.
O tərbiyə - bəşəriyyəti qaplayan, çirkinlikləri, paslı beyinləri silib təmizləmək üçün mənəvi bir seyqəl kimi tələqqi edilməlidir.
Mümkün olsa gələcək həsbi-halda bu məsələni səthi surətdə təhlil edərik.
Qafqasyanın hal-hazırı ancaq həqiqətpərvər qəzetələr ilə ciddi, mütəşəbbis müəllimlər ilə kəsbi-səlah edə bilir.
Bunların hər ikisi həyati-ictimaiyyəmizi bizə əks etdirən islaha təbdil edib çalışan bir ayineyi-təbiətnüma müşabihəsindədir. Müəllimlərin vücuda gətirəcəyi təbdil isə digərinə nisbətlə daha əhəmiyyətlidir.
Fəqət müəllim öyrənib, öyrətdiyi kitablara iktifa etməməlidir və mütaliəsindən bir nəticə, bir mühakimə çıxarmalıdır. Olduqca öz mənəviyyatını, özünü, vicdanını təsfiyə və islaha çalışmalıdır, tainki söylədiyi sözlər, verdiyi nəsihətlər hüsni-nəticə verə bilsin. “Söyləyənə baxma, söylədiyinə bax” dəsturunu əldə sərmayə ittixaz edənlər bu xüsusda çox yanlışdılrar.
Hər söz sahibinin sözü ilk öncə ruhilə və vicdanilə uzlaşmalı, müvafiqət etməli, sonra müxatəbə söylənməsidir.
Bir ərəb ədibi deyir ki, qəlbdən çıxan sözlər daima qəlbə nüfuz edə bilir. Qəlbin xəbəri olmayıb da ağızdan fırlayı verən sözlər dinləyənin bu qulağından girib o birindən çıxıb gedər.
Demək ki, sözün təsirbəxş olması üçün söz söyləyənin eyi bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir məlumata malik olması icab edir.
Bir müəllim öz-özünü bir riyazəti-mənəviyyə ilə islah etdikdən sonra, şübhəsiz ki, hər sözü, hər duruşu, hər halı bütün şagirdlər nəzərindən böyük bir əhəmiyyətlə tələqqi olunur. Kəlami-sürət və mətanətlə hər kəsin ruhuna nüfuz edə bilir.
Bir də, müəllim yalnız məktəbdəki şagirdləri tərbiyə etməklə qalmayıb, mümkün dərəcədə öz nüfuzunu - sözlərinin əhəmiyyətini təmim və tövsiə çalışmalıdır. İndi bizim yalnız məktəblərimiz deyil, bütün həyati-ictimaiyyəmiz belə saf, parlaq bir tərbiyəyə möhtacdır.
Müəllimlərimiz azacıq muşikafanə, durbinanə hərəkət edəcək olsalar, şübhəsiz ki, bütün mühitimizi islah etmiş olarlar.
Sinifdə (klasda) hər iki gündə bir çocuqların əlbisəsinə, üzünə, əllərinə baxıb kirli və ya təmiz olduqlarına diqqət edilməlidir.
Müzürri-səhhət hallar, işlər büsbütün mən olunub əsbabı yumşaq, dadlı bir dil ilə tələbəyə anladılmalıdır və təkrar edilməməsini şiddətlə tənbih etməlidir.
Bir müəllimin, çocuğun anlayacağı tərzdə eylədiyi pədəranə tövsiyyələr və tənbihlər, əmin olmalı ki, çox gözəl nəticələr verir. Hər fənalığın, pisliyin, pintiliyin səbəbləri tələbəyə anladıldıqca, şübhəsiz ki, ata-anaları, qövm və əqrəbaları, hətta yaşadığı mühit belə mütənnəbih olub özlərini islah etməyə çalışırlar.
Xalq indi məktəbi, ondakı tərbiyəni azacıq hüsni-tələqi etməyə başlamış. Müəllim əgər uslu, namuslu, həlim, səlim bir əfəndi olursa, təbii, dörd-beş sənə zərfində yalnız bir ibtidai məktəbi deyil, məktəblə əlaqədar olan böyük bir köyü (kəndi), köy xalqını tamamilə islaha müvəffəq olar.
İbtidai məktəb proqramı olduqca təmiz, qollanışlı, aydın, qolay və mənfəətli olmalıdır. Xurafata, mövhumata aid süprüntüləri mümkün mərtəbə siniflərə buraxmamalıdır. Əvvəldən girmiş olsa da, süpürüb təmizləməyə diqqət və qeyrət etməlidir.
İbtidai məktəb üçün türk (Azərbaycan) dilində müxtəsərcə qiraət, kitabət, elmi-əşya, coğrafiya, hesab, türk tarixi və islam tarixi kimi şeylər kifayət edər.
İkinci ildən etibarən rus dili də, təbii, əlavə edilməlidir. Çünki onsuz da iş aşmaz.
Fəqət müəllim bunlar ilə iktifa etməyib bir çox həqaiqi-fənniyəni, bir para hadisati-təbiyyəni xülasə edərək ağızdan, açıq, müəssir bir üslubla tələbəyə təlqin etməlidir. Həftədə bir-iki dərs yalnız bu işə münhəsir edib, tələbənin gözünü açmalıdır.
Bir çox təbii lövhələr ilə məktəb otağı təzyin edilməlidir, çocuqlar zəhmət duymayacaq dərəcədə bir para xoş mövzulardan bəhs etməlidir. Kor-koranə “sür dərəyə” qanununu əsla tələbəyə hiss etdirməməlidir, çünki təşəbbüsi-şəxsidən bütün-bütün məhrum qalmış olar.
Qafqasyada müəllimlər.
Qafqasyanın ibtidai məktəblərində türkcə dərs verən müəllimlər təqribən üç qismə bölünür:
Birinci qism - Araz aşırı qoşub gələn fanatizm dəllalları.
İkinci qisim - seminariyada (darülmüəllimində) ikmali-təhsil etmiş əfəndilər.
Üçüncü isə yeni üsulda tərbiyə görüb müəllimliyə həvəskar olan gənclərdir.
Birinci qismi təşkil edənlər müəllimdən başqa hər şeydirlər. Həzarpeşə və çox qurnaz hərifdirlər. Buqələmun kimi hər saatda min rəngə girməyə müstəiddirlər.
Araz kənarına varır-varmaz hərif bir kərrə düşünür, hər şeydən əvvəl, sərmayə arar. Bir yerə baxar, bir göyə baxar, aradığı özü üçün bir sərmayəni iki arşın göy bezdə bulur. Marağada darğa şagirdi ikən, Araz suyu içər-içməz anadan doğma seyid olur. Sonra ağa mübarək qədəmləri ilə Qafqasyanın bu otlu, sulu torpağını müzəyyən buyurur. Beş-on gün üz suyu tökər, yalvarır-yaxarır, amma fırıldağı işləməz, fəryadı bir yana çatmaz, çünki camaat həpsi etiqadsız, seyidə baxan yox!..
Bir də baxarsan ki, hərifin ağlına bir şey gəldi. Belindən göyü açıb, bir yana fırlatdı. Özünü bir əttar dükanına verdi. Beş-altı şahılıq həbdən, tozlu-torpaqlı otdan-filandan aldı, şələsinə cibləşdirdi. Ya Əli, ya mədəd, önünə gələn qəsəbələrə, kəndlərə üz qoydu. İndi kəndin hər tərəfinə qulaq versən, təbib başı cənablarının seyti-şöhrətşüarı təninəndaz olmaqdadır. Lakin iş təbibliklə də bitməz. Bir ucdan öldürdüyü, tələf etdiyi zavallıları öz əlilə kəfənlər, öz əlilə məzara qoyar. Sonra icab edərsə, mərsiyəsini də özü oxur. Hasili, para çıxacaq yer bulundumu, yəhudi bəzzazı kimi sağına-soluna, eninə-boyuna, hər tərəfinə ölçər-biçər, yeri gəldikdə fala da baxar, dua da yazar, cin də tutar. Fəqət... Fəqət, xudanəkərdə, bu işlərin hamısında bir rəvacsızlıq, bir etinasızlıq görürsə, büsbütün məsləkini dəyişdirər. Kitabçılarda “Vətən dili” çox, tuhafiyəçilərdə vorotnik, qalstuk bol...
Vorotnik, qalstuk boyna keçirildikdən sonra məzadçılardan, genə mal satanlardan bir dəst də gözəl kostyum alıb əyninə taxar. Bir məktəbə davam etməyə başlar.
İştə sənə yeni fabrikadan çıxmış qanlı-canlı “abrazovannı” bir müəllim!.. Yalnız bircə diplomu (attestatı) əskik...
Lakin orası da qolay, zira çənəsi gevşək bir para cahil mühafizəkarlara qarşı beş-on gün boyun büküb yaltaqlıq edərsə, hər saçmasına bəli, bəli deyərsə şübhəsiz ki, ən zəki, ən təcrübəkar müəllimlər sırasına keçmiş olar. Fəqət ədəbsiz imiş, əxlaqsız imiş, baş yox, keçər-gedər, yalnız hacı əfəndinin, yaxud kərbəlayi kişinin boş damarını tapdımı, artıq əsrin əflatunlarına şıllaq atmağa başlar. İşi yoluna qoyduqdan sonra həmiyyət, qeyrət qanı coşub-daşaraq qızğın, dəhşətnak nitqlər söyləməyə başlar, iştə kiçicik bir nümunə:
“Cəmahət, cəmahət! Vətən, məmləkət xərab oldi. Bahəme bunnan belə piş əzvəqtdən irəli, əqsam mütənəvviə məktəbxanələr açmaq lazimdir. Qazutlərin dilsuz və yürəkyandıran həvadisati insanın qulağində güşzəd olanda dər həqiqətdə vətən dər həqqində nə eyliyəcağını bilmiyüb, gözlərinin sirişki abi-nisanın suyu kimi axır.” Bu bir.
İkinci qisim də rusca təhsil edib, türkcə dərs verən əfəndilərdir ki, dəröhdə etdikləri dərslər əksəriyyətlə ibtidai məktəblərə münhəsir kimidir.
Muşikafanə bir nəzərlə baxılsa, sair müəllimlərə nisbətən onlar çox eyidirlər, çox faydalıdırlar. Hissiyyati-milliyyəyə azacıq biganə olmaqla bərabər bir para çürük, təhlükəli mövhumata aşina deyillər ki, bu da çox böyük qazancdır. Onlarda olan fəzilətlər və qüsurlar ayrı-ayrı nəzəri-diqqətə alınmalıdır.
Onların seminariyalarda və sair məktəblərdə görüb öyrəndikləri şeylər həp müntəzəm, mürəttəb sistematiki bir tərzdə olmuşdur. Onların təhsilində çürük və faydasız şeylərə çox az təsadüf edilir. Gördükləri fənn ilə, elm ilə bərabər fənni-tərbiyəyə - “pedaqogika”yə də eyicə diqqət edirlər. Bir çox dəfələr nümunə üçün müdirlər, nazirlər tərəfindən onlara dərslər verilib, gözəlcə tənqid olunurlar.
İştə on-on iki illik təhsil və təcrübə sayəsində, hər necə olsa, müəllimlik üçün bir istihqaq qazanmış olurlar. Onun üçün Qafqasyanın çox yerlərində ən ciddi çalışanların qismi-küllisini onlar təşkil edirlər. Hətta bir çox ufaq-tefek yeni təb olunmuş əsərlər belə onların həmiyyətilə meydani-intişara atılır ki, bu da xalqı mütaliəyə alışdırmaq üçün böyük bir müvəffəqiyyətdir. Lakin bəzi əfəndilər müstəsna olmaq şərtilə, bir çoxları azacıq sapırlar ki, o sapqınlıq da bir para yanlışlıqlar, uyğunsuzluqlar doğurmuş olur. Nümunə olmaq üzrə bir neçə sətir yazı bu yanlışlığı isbata kafidir. İştə rusca oxumuş, türk dilində müəllimlik edən arxadaşlardan birisinin məktubundan bir parça: “Əfəndim, mən istəyirəm getmək iyunun on beşində mineralnı sulara, hansı ki, olar çox mənfəətli məndə olan cüzi naxoşluğa... Bəy də gedəcəkdir mənilə bərabər, ancaq qalmaq üçün orada iyirmibeş gün hərgah siz də istərsiniz gəlmək, olar mənim üçün çox yaxşı, və çox xoşbəxtlik... “ Bu da iki.
İlk nəzərdə insan bu cümlələrin türk dilində olduğuna əsla şübhə etməz, çünki hər kəlməsinə diqqət etsə, düzgüncə türk sözləri olduğunu təsdiqdən özünü alamaz. Lakin cümlələrdəki ahəngə, o qarışıq mübtəda-xəbərlərə bir musiqişünas sameəsilə qulaq versə, dərhal “xaxol” ruhilə düşünülmüş, türk kəlmələrilə vücuda gəlmiş bir əcubə olduğunu anlar.
Bu hal, bu qarışıqlıq yalnız bəzi müəllimlərə məxsus deyildir. Şəhərlərdə iqamət edən, ruscaya azacıq aşina olan tüccar və kəsbəni dəxi ifsad etməkdədir.
Elmsiz, saf bir köylünü (kəndli) qonuşdurunuz, onunla həsbi-hal ediniz, eyicə diqqət edəcək olursanız, şəhərlilərə nisbətən onları türk ləhcəsinə, türk ruhuna daha yaxın, daha munis bulursunuz.
İmdi yuxarıda yazılmış iki qismi bir arada müxtəsərcə xülasə edək.
Əvvəlinci qisimdə göstərilən budalaların nə fikri, nə duyğusu, nə lisanı, nə də əxlaqı ki, əxlaqsızlıqdan başqa bir şey deyildir. Bizə gəlməz Qafqasya üçün lüzumsuz və bimənadır. Hələ lisanları, ədəbiyyati-atiyəmizi rəxnədar edəcək dərəcədə müzürr və təhlükəlidir, onun üçün də şayani-ehtirazdır.
İkinci qisim isə fikircə, əxlaqcə, maarifcə şayani-istifadədirlər. Hələ türk və lisan və ədəbiyyatını azacıq nəzəri-diqqətə alsalar, türk sərf və nəhvinə beş-on ay qədər göz gəzdirsələr, şübhəsiz ki, vətənə, millətə çox, həm də lap çox xidmət etmiş olarlar. Fəqət əhəmiyyətsiz bir vəziyyət alacaq olsalar, təbiidir ki, lisanımızı bərbad etməkdə əvvəlinci qisimdən geri qalmayacaqdır.