Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Məqalələr .: HƏSBİ-HAL - 2

HƏSBİ-HAL - 2

- 2 -

Təlim və tərbiyə haqqında veriləcək atidəki məlumat bir para mövsuq mənbələrə istinad edir. Onlar üçün mütaliəsi faydasız olmaz zənn edirəm.
Tərbiyə (pedaqogika) nədir? Və nə yapmalıdır? Alman hükəmasından filosof Kant deyir: “Tərbiyə, təbiəti-bəşəriyyənin bütün qabiliyyətlərini müntəzəmən və mütənasibən nətvünüma etdirməli və bütün insanları qayeyi-müqəddərinə isal eləməlidir.”
İngilis hükəmasından Lokk da deyir ki, “Tərbiyə insanları fəzilətli, cəmiyyətə faydalı və öz məsləklərində məharətli bir hala gətirmək üçün ən qolay və qısa olan üsuldur.”
Filosofi-şəhir Herbert Spenserə gəlincə, o da: “Tərbiyənin qayəsi bizi mükəmməl surətdə yaşamağa hazırlamaqdır” - deyir. İndi bu cümlələri vücudə gətirən kəlmələr bir-birinə çox bənzəməyirsə də, nəticə və qayə bir olduğu dərhal nəzərə çarpır. Fənni-tərbiyənin insanları bəxtiyar edəcəyi, parlaq və məsud bir həyata nail eyləyəcəyi hər kəsdə müsəlləm bir həqiqət olsa gərək. Lakin tərbiyənin yaxşı bir nəticəyə vasil olması mürəbbiyələrin, müəllim əfəndilərin səviyyeyi-ürfanına, təşəbbüsati-ciddiyyəsinə bağlıdır. Onun üçün müəllim “elmi-həyat”, “elmi-ruh”, “elmi-əxlaq” kimi tərbiyə xüsusunda lazım olan şərtlərə vaqif olmalıdır. Kamilən olmasa da, bunları səthi surətdə bilməsi faydadan xali deyildir.
Elmi-həyat, məktəb şagirdlərinin yeyib-içmək, gəzib-oturmaq, zəif və qüvvətli olmaq kimi hallarından bəhs edir. Bədənin və bədəndə olan məşvü nümanın hansı təsir ilə və nə səbəblə dəyişə biləcəyini göstərir.
Elmi-ruh, çocuqların fikrini, həyatını, əxlaqını öyrənib bilmək üçün böyük bir vasitədir. Onunla (elmi-ruh ilə) bu təbii halların təcəlli və təhəvvülünün hansı təsirlər ilə dəyişdiyini və nə surətdə tərbiyə və islah ediləcəyini bir dərəcəyə qədər bilmək mümkündür.
Elmi-əxlaq isə xeyir və şərin nədən ibarət olduğunu, tərbiyədə necə bir qayə təqib edildiyini və həyatın nə tərəfə sürükləndiyini öyrədir.
Xülasə, bu üç elmi-fənni-tərbiyə üçün birər mühüm əsas təşkil edir.
Bir məktəb otağına girilsə, orada olan şagirdlərin çöhrə fizyanomiyalərinə diqqət edilsə, bir-birinə bənzəmədikləri dərhal gözə ilişər, çöhrələri müxtəlif olduğu kimi, əxlaq və təbiətləri də müxtəlif olacağı şübhəsizdir. Bəzi çocuqlar inadcıl, söyüşən, bəziləri həlim, dalğın, kimisi avara, yaramaz, kimisi də çin fikirli və zərif olur.
Onların təbiətlərində bu ixtilaf olduğu halda, bəzi vaxt da birdən-birə bu əxlaqlar dəyişməyə üz tutar, biri inadcıl ikən yumşaq, biri miskin ikən zəki və fəal olur.
Bu səbəblərə görə yekrəng bir tərbiyə daima mənfəət yerinə zərər verir. Bir müəllim elmi-ruh yardımilə bu müxtəlif təbiətlərin cərəyanını nəzəri-diqqətə almalıdır ki, çəkdiyi zəhmətlər hədər olmasın. Bir müəllim bir artist qədər ruh-aşina və təbiətşünas olmalıdır.
Lakin bir çox həriflər də var ki, məzkur şəraiti öyrənir də tətbiq edə bilmir, yenə zəhmətləri nəticəsiz qalır, çünki hər məsləkdə olduğu kimi, təlim və tərbiyə üçün də hər müəllimdə azacıq istedad bulunmalıdır. Yoxsa nəzəriyyat çox da fayda verməz.
Bir çocuq anadan doğulduğu gündən etibarən yeddi-səkkiz yaşına qədər ata-anası yanında yaşar, qoşar, ev tərbiyəsi, ailə tərbiyəsi alır, sonra da məktəb otağını ziyarət edir; arzusuna, istəyinə görə beş, on, on beş il də məktəbdə keçirir.
İndi ev tərbiyəsi ilə məktəb tərbiyəsinin hər ikisi çocuqlarda dürlü-dürlü təsirlər bağışlar, bir çocuq evdə ata-ana tərbiyəsi sayəsində xəluq, çalışqan, mütəşəbbis bir qəhrəman olduğu halda, məktəbə davam edər-etməz əxlaqı, təbiəti büsbütün dəyişir, fəna, uyğunsuz bir hal kəsb etmiş olur.
Bu halı törədən xassə isə yoldaşlarından, arxadaşlarından aldığı əxlaqlar, müəllimlərdə, mürəbbilərdə gördüyü əhəmiyyətsizliklərdir və bu təsirlərin ən əhəmiyyətlisi də yenə müəllimlərə racedir. Müəllimlər tərbiyədən anlayanlardan olsalar, şübhəsiz ki, nə məktəbdə, nə də məktəblilərdə (məktəb şagirdləri) müzirr əxlaq, fəna təbiətlər bulunmaz; bulunsa da çox səthi, çox təsirsiz qalar. İndi bu məsələnin bir də əks tərəfi var, necə ki, bir çocuq evdə çox sırtıq və əxlaqsız olduğu halda, bir məktəbə girər-girməz haman dəyişir, inanılmayacaq dərəcədə zəki və uslu olur.
Ailə, məktəb tərbiyəsindən başqa bir də tərbiyeyi-ümumiyyə vardır ki, məktəb təhsili ikmal edildikdən sonra 35, 40 yaşına qədər insanda davam edər. Bu tərbiyə yalnız mühiti-ümumiyə race bir tərbiyədir. Çox zaman mühiti-ümumi insanın ailə içərisində, məktəblərdə aldığı tərbiyəni büsbütün dəyişdirib başqa bir aləmə, başqa bir cərəyana tabe edər. Bu xüsusda maddi və mənəvi bir para təsirat insanın aldığı tərbiyələri zirü zəbər edəcək dərəcədə məsləkinə müğair hallara sövq edə bilir.
Azacıq muşikafanə bir nəzərlə baxılsa deyilə bilir ki, bütün bu tərbiyələrin ən əhəmiyyətlisi, ən müqəssiri, ən qüvvətlisi olsa-olsa yenə tərbiyeyi-ümumiyyə (təsiri-mühit) ola bilir. Yalnız mühiti-ümumi təsirindən yaxanı qurtaracaq bir müəssir var ki, ona da “nəfs” deyilir. Nəfs əksəriyyən iləriki tərbiyələrə tabe olmaqdan varəstə ola bilməz, lakin mətanəti-fövqəladəyə malik olan insanlarda isə daima qabili-təhəvvül, daima qabili-islahdır.
Ailə tərbiyəsi və səhhəti-bədən, vücud sağlamlığı həyati-bəşəriyyənin ən mühüm əsasını təşkil edir. Vücudun sağlam olmasının yeganə səbəbi və müəssiri isə ata-anadır.
Bir çox çocuqlar anadan xəstə doğular. Xəstə yaşar və xəstə bir vücud ilə tərki-həyat edərlər. Bu xəstəliyi icad edən ata-anadan başqa kimsə deyildir. Çünki bir çox xəstəlikləri irsi olaraq övlada intiqal edər. Çocuqun atası anasına nisbətlə çox az iras məzərrət etmiş olur. Çocuqlara sirayət edən xəstəliklərdə ən dərin fəlakətlərə yol açan analardır. Çünki çocuq ana “rəhim”inə düşdüyü zamandan başlayaraq doqquz ay qədər qanından, təvəllüddən sonra da südündən bir çox müzürr səhhəti-tədiyat ilə illətlənir və möhlik mərəzlərə düçar olur. Biçarə məsum böyüdükcə vücüdundakı təhlükəli xəstəliklər də onunla bərabər böyüməyə başlar.
Bir çocuq ilə dünyaya gələn xəstəliklər ata-anasının irtikab etdiyi naqabili-əfv bir günahdan başqa bir şey deyildir. İştə, Herbert Spenserin ata-analara xitabən söylədiyi bu qısa cümlə şayani-təəmmüldür: qəvaidi-səhiyyəyə hər bir müxalifət bir günahi-maddidir. Bir çox çocuqlar da olur ki, ata-anasından heç bir vəchlə məasir olmadığı halda yeyəciyi, içəcəyi, geyəcəyi üzündən xəstələnir, tənəffüs etdiyi hava, hərəkətsizlik, valideynin qeydsizliyi bütün-bütün səhhətini ixlal edər. Çocuqları təmiz, saf bir havada yaşatmaq, sihhi bir surətdə bəsləmək, sıx-sıx yıqamaq, oynamaqdan, o yan-bu yana qaçmaqdan mən etməmək, müzürri-səhhət libas geydirməmək, sərbəstliyinə mane olmamaq... Ata-ana üçün boyun borcu qədər mühüm birər vəzifədir. Hər şeydən əvvəl, çocuqların yeyib-içəcəkləri nəzəri-diqqətə alınmalıdır. Çox yemək (xörək) müzürri-səhhət olduğu kimi, az yemək də faydalı deyildir. Yeməklərdə ən çox diqqət ediləcək nüqtə bəsləyici (müqəddi) olmasıdır. Yemək qarnı doldurmaq, yaxud ləzzət duymaq üçün də deyildir. Bəlkə həyatı idarə etmək, vücudu bəsləmək üçündür. Bir də ən çox diqqət ediləcək şey yeməklərin müqəpnən, müntəzəm bir saatda, bir zamanda olmasıdır. Yoxsa hər saatda, hər yarım saatda ağızda (saqqız çeynər) kimi bir şey yuvarlamaq, bütün-bütün müzürri-səhhətdir. Çünki bu hal həzmi-mədəyi xarab etməkdən başqa bir şeyə yaramaz.
Fəqət bu qaydanı gözətəcək, nəzəri-diqqətə alacaq kimlərimiz var!? Qafqaziyada çocuq tərbiyəsindən anlayan neçə ağaya təsadüf edə bilərik? Çocuq tərbiyəsinə diqqət etmək üçün tərbiyə görmüş analar lazım deyilmi? Hanı ana yetişdirəcək məktəblərimiz? Hər hansı qəzetəyə baxsan “millət böylə, vətən şeylə” olmalı kimi bir çox məqalələr, xülyalar görünür. Lakin xülya ilə, boş xəyal ilə iş aşarmı? Vətəni, vətənin qiymət və əhəmiyyətini, tərəqqi və səadətini kimdən bəkləyə bilərik? Beli bükülmüş, ətəh və ətalətə uğramış ixtiyarlardanmı? Bir para biqeyd, laübali gənclərdənmi? Yaxud saf, təmiz, məsum, ləkəsiz növzadlardanmı? Şübhəsiz ki, vətənə, millətə, millətin gələcəyinə ağlayacaq, tərəqqisinə çalışacaq olsa-olsa, ancaq ana qucaqlarında, məktəb sıralarında çırpınan məsumlar ola bilər. Fəqət bu növzadların yeyib-içməsinə, geyinib-gəzməsinə, təlim və tərbiyəsinə diqqət edəcək analar hanı? Erkək qisminin maddi surətdə doğulub böyüməsinə qadınlar səbəb olduğu kimi, mənəviyyatca da münəvvərəlfikr, tərəqqipərvər olmalarına yenə yeganə vasitə qadınlardır, demək ki, tərəqqinin ilk vasitəsi qadın və qız məktəbləridir.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?