Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Cavid haqqında .: Kamal ABDULLA - Cavidə məhəbbətlə...

Kamal ABDULLA - Cavidə məhəbbətlə...

Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. “Gözəllik namına, sevqi namına” yazan böyük sənətkar neft buruqlarından və dəniz qəhrəmanlarından, tarlada səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi, eləcə də qaldı.
Azərbaycan Şekspiri dörd əsr gecikmişdi. Ona yazmaq, yazmaq, yazmaq lazım idi. Ağ vərəq, mürəkkəb və qələm. Vaxt onu qovurdu.
Söz və fikir zadəganı.
Keçmişdə qalmış dəbdəbə və təmtərağı, yüksək ehtirasları tərənnüm edərək, həm də onlara yas saxladı. Beləcə əsilzadə, köklü-soylu zadəgan əlacsızlıq və ümidsizlikdən ürəyi partlaya-partlaya, gözləri görə-görə öz kralını eşafota yola salır.
Bu günə qəti ümidi yox idi. Bütün keçmişi — yaxşı tanıdığı və sevə-sevə oxşadığı o böyük keçmişi yalnız gələcəyə etibar edə bilərdi.
Əsilzadələrə bu dünyada yer yoxdur. Onlar öz padşahlarının ölümü ilə bacarıb bu dünyanı tərk eləməlidirlər. Yoxsa cütçülərə, çobanlara, sərsərilərə yoldaş ola bilərlər. Son məqam isə başı uca tutma məqamı, son döyüş isə özünə qarşı yonəltdiyin qılıncdır. Cütçünün yoldaşı cütçü, çobanın yoldaşı çoban olmalıdır.
Sənin ən böyük təsəllin odur ki, sən sonunculardansan. Səndən sonra sənə oxşar olmayacaq.
Hər şey qaynayıb-qarışacaq bir-birinə. Bir-birinin içində itəcək. Fərq etməyəcək kim kimdir. Fərq etmədiyinə görə də nəsillərin təbii axarının ardıcıllığı qırılacaq; bu təbii axarın gah qarşısı kəsiləcək, gah da sonrakı davamla qatı açılacaq. Mənən çobanlar ədəbiyyata “gərgin” əməklə gələcək və onlar adlarını sənətkar qoyub o süni misralar dənizinin təlatümünü getdikcə daha artıq şiddətləndirəcəklər. Burda ayıb olan heç nə yoxdur: yerlər dəyişik düşə bilməz, çoban çoban olaraq qalmalıdır. Belə olmayanda belə olur.
Sənin ən böyük təsəllin: Sonunculardansan! Sonuncu söz və fikir zadəganlarindan.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article MİRZƏ ABDULLA MƏHƏMMƏDZADƏ YAXUD (A.SUR) — ABDULLA TOFİQ (“İqbal” qəzeti, 18 may 1912-ci il)
Mərhumun təşyii -...

  10-16-2007    Baxılıb: 139   
article Ana
H. Cavidin "Ana"...

  10-14-2007    Baxılıb: 194