Könlüm bulanır küçədə cövlanını görcək,
Nitqim tutulur hərzəvü hədyanını görcək.
Canım üzülür əldəki qalxanına baxcaq,
Qəlbim alışır beldəki patranını görcək.
Baxdıqca revolverinə əndamım olur süst,
Bağrım yarılır xəncəri-bürranını görcək.
Təfriq edəməm: məstmi, hüşyarmısan sən, -
Məstanərəviş, meşyi-pərişanını görcək.
Düşdün lotuluq meşqinə, islamə uyuşma,
Oldur nərədə olsa müsəlmanını görcək.
Qoy börkünü keç qaşının üstündə, fırılda,
Kəndin kimi bir lotıyi-meydanını görcək.
Məst ol gecə-gündüz, nə bilim, yat nərələrdə,
Yum gözlərini xaneyi-viranını görcək.
Əmrədlər ilə keyfini çək bağda, çəməndə,
Bir baxma da ətfali-ciyərqanını görcək.
Geh “iskoroxod” çəkmə, gehi gey “lakeronni”,
Vellən gecə-gündüzdə xuramanını görcək.
Var-yoxunu sərf eylə barışnalara, ancaq
Soy həmsəri-məzlumeyi-nalanını görcək.
Gül, gül ki, cəvansan,
Əyyaşi-cəhansən,
Sərxoşlara cansən,
Hala güləcəksən.
Vəqta ki, qocaldın,
Rişi döşə saldın,
Pis günlərə qaldın,
Onda biləcəksən!..