Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Bahar şəbnəmləri .: Xuraman-xuraman

Xuraman-xuraman

Səhər vaqtı, ya rəb, nə gördüm ki, canan
Gəlir şadü xəndan, xuraman-xuraman.
O məstanə gözlər süzüldükcə hər an
Alır can, tökür qan, xuraman-xuraman.

Çəkildim təhəssürlə yoldan kənarə,
Dayandım yeşil, sayəban bir çinarə,
Baqıb gördüm əzm eyliyor laləzarə,
O sevdayi-rəqsan, xuraman-xuraman.

Aqıb getdi... mən biqərar izliyordum,
Nihayət, yetişdik çəmənzarə, durdum.
Kəsilmişdi həp taqətim, bən oturdum,
O eylərdi seyran, xuraman-xuraman.

Cihan cənnət olmuş da, gördüm gülümsər,
Açar qəlbi açdıqca güllər, çiçəklər.
Günəş ruhi-insana bin nəşə sərpər,
Füruzanü taban, xuraman-xuraman.

Gəzindikcə baqdım o parlaq sitarə,
Şətarət verir adəta, nevbaharə,
Səya bəxş edər sanki əğyarə, yarə
Təbəssümlə hər an, xuraman-xuraman.

Nələr bəkliyordum o dilbər mələkdən?
Şaşırdım, bilinməz nələr söylədim bən,
Könül çırpınır, sızlar, amma o həp şən...
Saqınmaz, alır can, xuraman-xuraman.

Tərəhhüm bulunmaz o afətdə əsla,
Əvət, fərq yoq onca həp ağla, sızla...
Təbah olsa dünya, gülümsər o hala,
Saçar qəlbə tufan, xuraman-xuraman.

Nə sehr eyləmiş derkən, axır nə etmiş!?
Dalıb getmişim, bənliyim sanki bitmiş,
Ayıldım ki, halımdan ürküb də getmiş,
Hərasanü heyran, xuraman-xuraman.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?