Sözləri Hüseyn Abbaszadənin,
Musuqisi Qənbər Hüseynlinindir.
Salam, doğma məktəb, ey ana məktəb
Gəlmişik hamımız yay tətilindən.
Sənə gözəl, göyçək hədiyyəmiz var,
Qoşqar dərəsindən, Kür sahilindən.
Nəqərat:
Al bizi yenə də qoynuna, məktəb!
Böyüt məhəbbətlə, ey ana məktəb!
Sakit axşamlarda yaşıl düzlərə
Al şəfəq saçıldı tonqalımızdan.
Hər sözün başında səndən danışdıq,
Çıxmadın bir an da xəyalımızdan.
Nəqərat.
Göy göldən, Kəpəzdən, Cıdır düzündən
Mahnı deyə-deyə keçdik yayda biz.
Canımız bərkimiş günün altında,
Yaxşı dincəlmişik bu üç ayda biz.
Nəqərat.