Bol yedilər, bol içdilər. Qəhvə gəldi. Içərkən ortalığa belə bəhs düşdü.
Hökümətin sütunu kimdir?
- Əlbəttə, bəylər! - Ev sahibi dedi. - Biz nücəbasız hökümət yaşaya bilməz. Hökümətin sütunu bizik.
Tacir dedi:
- Ticarət olmazsa, pul olmaz. Pulsuz da heç bir hökümət yaşaya bilməz. Hökümətin sütunu biz tacirlərik.
Alim dedi:
- Hökümətləri yaşadan bilikdir, onsuz heç bir quruluş davam edə bilməz, pozulub məhv olar. Hökümətin sütunu alimlərdir.
Ruhani dedi:
- Rəiyyəti hökmranlar itaətində saxlayan, onlara tabe etdirənlər biz ruhanilərik. Bizsiz əxlaqlar pozulur, üsyanlar qalxar, qanlar tökülər, hökümətlər də yıxılar. Bizik hökümət sütunu.
Zabit dedi:
- Söylədiklərinizi təsdiq edirəm. lakin düşmən vətənin üstünə hücum etdikdə, döşlərini verib onu müdafiə edən kimdir? Əlbəttə, biz. Hökümətin sütunu biz əsgərlərik.
Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular. Bəhs yenə təzələndi. O vaxt bir qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi, onlar da anbarlara yığırdılar. Ev sahibi bəy dedi:
- O qoca kəndlini həkəm seçək, nə desə ona razı olaq.
Hamısı bu təklifə razı oldular. Kişini işdən avara edib çağırdılar, bəhslərini söylədilər, kəndli dedi:
- Ey ağalar, düzünü axtarsanız hökümətin sütunu biz kəndlilərə, o qan-tər içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə heç bir hökümət yaşaya bilməz. - Bunu deyib cəld işinə getdi.
1905