Nuşirəvan əcəm padşahlarındandır və Kəsra dəxi onun bir adıdır. Belə rəvayət edirlər ki, Nuşirəvan əvaili-səltənətində çox zalım idi. Zülm əlini xəlayiqə açmışdı. Bir gün şikara çıxmışdı. Gördü ki, bir xərabənin divarında iki bayquş bir-birinə səda edirlər. Nuşirəvan öz vəziri həkim Büzurgmehrdən soruşdu ki, ey həkim, görəsən bu bayquşlar nə danışırlar?
Həkimi-danişmənd fürsəti-kəlamı qənimət bilib, lətifə üzündən ərz elədi ki, ey padşahi-aləm, bu bayquş o bayquşa deyir ki, qızını mənim oğluma ver.
O deyir ki, əgər mənim qızımın sədaqından ötrü yüz xərabə versən, müzayiqə yoxdur.
O bayquş bunun cavabında deyir ki, qorxma, əgər Nuşirəvan bir neçə il də padşah olsa, mən sənə yüz min xərabə verərəm.
Kər malik in əst dər in ruzigar.
Mən beto viranə dəhəm səd hezar.1
Nuşirəvan həkimin lətifəsindən sonra mütənəbbeh2 olub, qanuni-ədalətə mübaşir3 oldu.
_______________________________
1Zəmanənin hakimi budursa, mən sənə yüz min viranə verərəm.
2 Mütənəbbeh - ibrət alan.
3Mübaşir - məmur.