Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Hekayətlər .: Nuşirəvan və qarı

Nuşirəvan və qarı

   Ol vaxt ki, eyvani-Nuşirəvan tamam oldu, hükəmalara buyurdu ki, mənim bu şahanə olan imarətimə diqqət gözüylə baxın. Əgər bir yerində bir eybi və nöqsanı var isə, mənə xəbər verin. Hükəmalar baxdılar. Ərz elədilər ki, Taqi-Kəsranın1 heç bir nöqsanı yoxdur. Ancaq bu ali imarətin bir güncündə bir ev var ki, ol evdən çıxan tüstü bu ziba olan imarətin divarını qaraldır. Əgər ol evi oradan dağıtsılar, çox yaxşı olar.
   Nuşirəvan dedi ki, ol ev bir qarı övrətindir. Ol vaxt ki, mən bu imarətin binasını qoydum, memarlar dedilər ki, bu qarının evi bizim evimizə xələl yetirir. Gərək bu ev buradan dağıla, tainki təmiratımıza nöqsan olmaya.
   Mən bu qarının yanına adam göndərdim ki, evini satsın, Ona ziyadə pul verərəm, ya gəlsin evindən əla evlər verim. Qarı mənə xəbər göndərdi ki, çünki mən bu evdə doğub tərəmişəm və bu evə öyrəşmişəm, ünsiyyət tutmuşam, hamı aləmi padşahın mülkü görüb mən şad oluram. Amma padşahın gözü yoxdur ki, bu mühəqqər2 olan evi mənim üçün çox görür.
   Bu sözdən çox geri getdim. Ta ol vaxt bu eyvan tamam oldu, hər gün onun bacasından tüstü qalxdı, bu divarları qaraltdı. Ona peyğam göndərdim ki, hər gün bu tüstünü nə üçün eləyirsən? Cavab verdi ki, özüm üçün yeməyə şey bişirirəm.
   Heç dinmədim. Geçə bir məcməyi plov mürği-büryan ilə onun üçün göndərdim. Dedim ki, ey ana, hər gecə bir xonça qiza, növbənöv xüruşlarla səninçün göndərərəm, sən dəxi bu dar olan evində od yandırma ki, onun düdindən eyvanın divarı qaralır.
   Cavab göndərdi ki, aləmdə bu qədər aclar və fəqirlər ola-ola ki, ürəkləri büryan və gözləri giryan olalar, mən insafmıdır ki, hər gecə mürği-büryan və neməti-əlvan yeyim?! Allah-taaladan qorxuram. Yetmiş ildir ki, məni nani-cəvinə və kəşkineyi-həlal yeyirəm, indi mürği-suzineyi-həram yeyim?! Mənim bu evimi, bir qərar qoy ki, sənin eyvanın zinətidir. Çün sənin amillərin görsələr ki, sən mənim əlimdən bu mühqqər olan evi aldın, təsərrüf əlini rəiyyətin malına uzadarlar və bir də bu ki, sənin eyvanın çox qalmaz, axır fəna olar. Amma mənim evimin hekayəti müddətlər səfəhati-övraqi-ruzgardə3 mərqum4 və məstur5 olur.
   Bunu ki, eşitdim, onun həmsayəliyinə razı oldum.
   Və belə rəvayət edirlər ki, o qarının bir arıq inəyi var idi. Hər sabah evindən səhrayə çıxarırdı, axşamlar evinə gərtirirdi. Sabah-axşam o inək padşahın evinin qabağında döşənmiş olan mərmər daşları peyinli ayaqları ilə basıb gedib-gəlirdi. Padşahın nökərlərindən biri dedi ki, ey qoca övrət, bu hərəkəti eləmə ki, padşahın namusunu şikəst qılırsan və əsasi-heybəti-səltənəti xarab eləyirsən.
   Qarı cavab verdi ki, padşahın namusu zülmdən şikəst olar, nə ədldən və soltanın binayi-əsasi-heybəti cəhldən xarab olar, nə əqldən. Mən bu əməli ki, eləyirəm - padşahın niknamlığından ötrü eləyirəm və onun aqibət nikfərcamlığın istəyirəm.
   Əlhəq ki, ol pirəzən yaxşı deyibdir. Min ildən ziyadədir ki, keçibdir, hələ də "Hekayəti-xaneyi-pirəzən və eyvani-Nuşirəvan" kitablarda məsturdur, dillərdə məzkur.
 

___________________________
 
   1Kəsra - Kəsrəvilər xanədanına mənsub olduğu üçün Nuşirəvana verilən addır. Hekayətdə təsvir olunan bina isə “Taqi-Kəsra” sarayıdır.
   2Mühəqqər - kiçik.
   3Səfahəti-övraqi-ruzgar - dövranın vərəqlərinin səhifələrində, yəni dövrün tarixi səhifələrində.
   4Mərqum - göstərilmiş, adı çəkilmiş.
   5Məstur - yazılmış. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?