Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Nadirələr .: Nadirə 4

Nadirə 4

  Cüha əksər övqat təhsili-məişət dalınca getməzdi. Bir gün övrəti ona dedi ki, hərgah bundan sonra hər gün sübh evdən dışarı çıxmasan, axşama kimi iyirmi quruş pul gətirməsən, səni evə qoymayacağam. Bu şərtlə onu evdən çıxartdı. Cüha o gün axşamacan gəzdi, dolandı, əlinə bir şey gəlmədi.
   Şəhərin kənarında bir xaraba var idi, özünü ona yetirdi. Bir guşədə məxfi oldu, qərar tutdu, dəryayi-fikrə qutəvar oldu. Bu əsnada gördü ki, bir dərviş həmin xarabaya daxil oldu, bir tərəfdə əyləşdi. Bir az vaxtdan sonra dərviş dağaranı çıxartdı. Bir çıraq yandırdı və dağardan bir qədər mum çıxartdı. O mumdan bir şəkil tərtib elədi, qabağına qoydu, dedi ki, bu Adəmdir. Ona xitab elədi ki, ey Adəm, xudavəndi-əhədiyyət səni yaratdı və cənnətdə sənə mənzil verdi, ənvaüəqsam sənə nemətlər verdi. Buğdanı yeməkdən səni nəhj elədi. Müxalifət elədin, buğdanı yedin. Səni behiştdən çıxarıb dünyaya saldılar və biz də sənin sülbündən vücuda gəldik. Nə qədər ki sağıq, gərək ələddəvam təhsili-məaş üçün məşəqqətlər çəkək; elə ki, vəfat elədik, öz üsyanımızın babətindən əzabda olaq.
   Bəs dərviş əsanı götürüb, onu əsa ilə döydü və sındırdı. Yenə mumdan bir surət tərtib elədi. Onun adını Həvva qoydu, dedi ki, ey Həvva, nə səbəb sən nəimi-behiştdən göz yumdun və Adəmi buğda yeməyə təhris və tərğib elədin, ta ki, buğdanı yedi?
   Onu da əsa ilə sındırdı. Və yenə bir surət tərtib elədi, onun adını şeytan qoydu, dedi ki, ey məlun, sən məlankeyi-müqərrəb cümləsindən idin. Öz həddindən təcavüz elədin və Adəmə səcdə eləmədin, ta ki, səni əsfəlüs-safilinə atdılar. Dübarə Həvvayə vəsvəsə verdin, onu buğdanı yeməyə vadar elədin və onun övladından dəxi əl çəkmirsən, həmişə onları yoldan çıxardırsan, iğva edirsən. bəs əsanı onun başına vurdu, onu da sındırdı. Və habelə, mumdan yenə surətlər tərtib elədi, hər birinin adını peyğəmbər qoydu və övliya qoydu, hər birinə bir təqsir qərar verdi, onları da sındırdı.
   Tainki növbəti-axırda bir surət tərtib elədi, onun adını rəbbi-əla qoydu. Bir neçə təqsirlər dəxi ona sabit elədi, itab və xitab qıldı. Çün istədi əsanı onun başına endirsin, Cüha yerindən qalxdı, dedi ki, ey dərviş, bir saat səbir elə ki, mən iyirmi quruşumu ondan alım. Əgər allahı da öldürsən, gərək mənim iyirmi quruşumu özün verəsən. ondan ötrü ki, əgər pulu almamış evə getsəm, övrət məni evə qoymayacaq.
   Dərviş Cühanın sövtündən vəhşət edib, qorxudan hər nə ki var idi, xarabada qoyub qaçdı.
   Cüha yerindən qalxıb, dərvişin şeylərini götürüb evə gəldi. O cümlədən yüz qızıl pul o şeylərin içində var idi.
   Qapını döydü, övrəti qapının dalına gəldi, dedi ki, hərgah iyirmi quruşu gətirmisən, qapını açacağam və illa yox.
   Cüha dedi ki, qapını aç. Iyirmi quruşun əvəzində yüz qızıl gətirmişəm.
   Övrət qapını açdı, gördü ki, doğru deyir. Ondan əhval-pürsan oldu ki, necə oldu ki, bu qızılları ələ gətirdin?
   Dedi ki, o səbəb ki, allahı ölümdən qurtardım, bu neməti mənə qismət elədi. Və keyfiyyəti bəyan elədi.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Nadirə 1
  Cühanın bir vaxt...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 82   
article Nadirə 13
   Deyirlər ki, bir gün Cüha yol...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 69   
article Nadirə 12
   Cüh bir vaxt yük buğdanı...

  10-6-2007    Baxılıb: 61