Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1907 .: Fəhlə özünü sən də bir insanmi sanirsan?!

Fəhlə özünü sən də bir insanmi sanirsan?!

Fəhlə özünü sən də bir  insanmı sanırsan?!
        Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın  cahü  cəlalı gərək  olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Hümmət  demirəm, evləri ali gərək olsun?!
           Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
           Axmaq kişi insanlığı asanmı sanırsan?!
Hər  məclisi- alidə soxulma tez arayə,
Sən  dur ayaq üstə,demə bir  söz ümarəyə,
Caiz deyil insanca  danışmaq füqarəyə?!
           Dövlətlilərə kəndini  yeksanmı sanırsan?!
           Axmaq kişi insanlığı asanmı sanırsan?!
Fərq  ilə  ğinə  əhlinə  kim  verdi müsavat?
Mənada  də,  surətdə  də  var  bunda münafat,
Öz  fəzlini  pulsuz edəməz kimsənə  isbat,
           Bu  mümtənəi qabili – imkanmı  sanırsan?1
           Axmaq kişi insanlığı asanmı sanırsan?!
Get vur çəkicin, işlə işin,  çıxma zeyindən,
Məqsud müsavat  isə ayrılma ceyindən,
Var nisbətin ərbabi- ğinayə nə  şeyindən?
           Bir  abbasi gün  müzdunu  milyanmı  sanırsan?!
           Axmaq  kişi  insanlığı  asanmı  sanırsan?!
Dövlətliyik,  əlbəttə,  şərafət də  bizimdir,
Əmlak bizimdirsə,  əyalət də bizimdir,
Divan  bizim, ərbabi- hökumət də bizimdir,
           Ölkə  dərəbəylik deyə  xan- xanmı  sanırsan?!
           Axmaq kişi insanlığı asanmı sanırsan?!
Asudə  dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq  edirsiz  də hələ  nemətimizdən,
Boylə, çıxacaqsınızmı bizim  minnətimizdən?!
           Ehsanımızın  şükrünü küfranmı sanırsan?!
           Axmaq kişi insanlığı asanmı sanırsan?!
                           Heç bir utanırsan?!
                           Ya bir  usanırsan?!
                           Əlminnətü – lillah,
                           Odlara yanırsan?!


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?